Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Əhməd Əhmədzadənin adamlarının çoxmilyonluq korrupsiyası

Əhməd Əhmədzadənin adamlarının çoxmilyonluq korrupsiyası


12-05-2014, 10:53
Əhməd Əhmədzadənin adamlarının çoxmilyonluq korrupsiyası
Oğuzda Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadəni olduqca ustalıqla aldadıblar. JAM.AZ xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Çünki rayondakı çayların yataqlarının təmizlənməsi prosesinə görə ayrılmış yüzminlərlə manat vəsait yerli qurumlar tərəfindən mənimsənilib.

Məlumatda əsasən Oğuz rayonunun Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədovun adı çəkilir. Qeyd edilir ki, o, rayonun ən imkanlı və varlı-karlı adamlarından biri olaraq tanınır. Belə ki, icra başçısı Eyvaz Qurbanovla yaxınlığı ilə tanınan idarə müdirinin lüks avtomobilləri (idarə müdirinin özünün sürdüyü avtomobilin qiymətinin 60 min manat olduğu iddia olunur), dəbdəbəli villası, Oğuzda və qonşu rayonlarda bir sıra obyektləri barədə bilgilər var.

JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, Oğuz Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədovun aylıq qazancı təqribən 10 min manata çatır. Əslində, onun qazancı aylıq 20-30 min manatlıq bir həddi keçir. Lakin bu puldan kimlərəsə haqq verilməsi səbəbindən 1/3-i yerdə qalır. Ki, bu da rayondakı məmur üçün böyük məbləğ sayılır.

Bildirək ki, son 2 ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Oğuz rayon Suvarma Sisitemləri idarəsinə 500 mindən çox vəsait ayrılıb. Maraqlı məqam odur ki, həmin vəsaitlər sənədləşdirmələrdə texnikalara ehtiyyat hissələrinin, tikinti matreallarının, elektrik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Və Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi satınalmalarda idarə müdiri Nizami Əhmədovun şişirtmələrə yol verərək, ayrılan vəsaitin yarıdan çoxunu mənimsədiyi deyilir. Həmçinin idarə müdirinin rayon kəndlərində fəaliyyət göstərən drenajların təmizlənməsi, yenidən istifadəyə verilməsi əməliyyatındanda hər il külli miqdarda qazanc əldə etdiyi bildirilir.

Hərçənd Oğuz Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədovun əsas gəlir yeri rayonda olan çayların yataqlarının təmizlənməsi və bəndlərin möhkəmləndirilməsində həyata keçirilən maliyyə maxinasiyalarıdır. Bu barədə JAM.AZ-a daxil olan məlumatda göstərilir ki, ötən il Qala çay üzərində Padar, Yemişənli, Daşağıl çay sistemində Baş Daşağıl və Muxas kəndlərinin əkin sahələrinin mühafizəsi üçün 1278 p/m daş beton bəndləri tikilməsində, 176 min kub metr çay yatağının təmizlənməsi işlərinin aparılmasında, Xal-xal çay sistemində 336 min kub metr çay yatağının sıyrılması və təmizlənmə işləri aparılmasında, Oğuz çay sistemində Bayan kəndinin mühafizəsi üçün 150 p/m üzlük beton bəndləri tikilməsində, 324 min kub metr çay yatağının təmizlənməsi işləri aparılmasında, Türyan çay sistemində 381 min kub metr çay yatağının təmizlənməsi işləri aparılmasında külli miqdarda vəsait mənimsənilib.

Məlumata əsasən çayların yataqlarının təmizlənməsi və bəndlərin vurulması üçün Oğuz rayonunun yerli büdcəsindən, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-dən yarım milyondan artıq vəsait ayrılıb. Mənbə iddia edir ki, ayrılan vəsaitin ən azı 200 min manatı mənimsənilib. Və bu maliyyə maxinasiyası saxta Forma 1-lərin tərtib olunması, həmçinin qiymətlərin şişirdiməsi vasitəsi ilə həyata keçirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt