Əsas Səhifə > Siyasət, Manşet > "İş vaxtı ev dağıldı, dağıntıların altında qalıb güclü xəsarət aldım və..."

"İş vaxtı ev dağıldı, dağıntıların altında qalıb güclü xəsarət aldım və..."


26-12-2023, 08:42
"İş vaxtı ev dağıldı, dağıntıların altında qalıb güclü xəsarət aldım və..."
Sabunçu rayonu, Aydınbəyov küçəsinin sakini Mustafayev Elgün Vaqif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qanunsuz olaraq işdən çıxarıldığını iddia edən şikayətçi, həm də ona pensiya verilməməsindən şikayətçidir:

“Mən, Mustafayev Elgün Vaqif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirdim. İş vaxtı ev dağıldı, dağıntıların altında qalıb güclü xəsarət aldım. Sol ayağım qırıldı. Dərhal xəstəxanaya aparılaraq əməliyyat edildim və ayağıma implant qoyuldu. Bu səbəbdən, 4 ay xidmətə çıxa bilməmişəm.

Xəstəxanadan çıxandan sonra ayağımdakı dəmirə görə məni “yararsız” kimi xidmətdən uzaqlaşdırdılar və pensiyaya göndərdilər. 10 il pensiya aldım, amma 2 ildir pensiyamı kəsiblər. Nə işimə qayıda bilmirəm, nə də pensiyamı vermirlər.

Özüm fəhlə işləyirəm, amma yenə də ailəmə baxa bilmirəm. Səhhətim işləməyimə də mane olur. Deyirlər ki, xəstəliyin davam edir, amma pensiyamı kəsiblər. İş yerimdən deyirlər ki, sağlamlıq kağızını ver, səni işə götürək, o da əlimdə yoxdur.

Belə başa düşürəm ki, mənim kimi insanlar ancaq ölməlidir. Çünki iş vermirlər, pensiya vermirlər. Belə yaşamaq olmaz, ayağında dəmir olan insanın iş qabiliyyəti də kifayət qədər olmur. Çox təəssüf ki, bunu başa düşmürlər. Pensiya vermirsənsə, onda mənə sağlamlıq kağızı ver, gedim işləyim.

Sizdən xahiş edirəm, çarəsiz vətəndaşın şikayətini işıqlandırın”.

Geri qayıt