Əsas Səhifə > Siyasət, Manşet > Ukraynada yeni bir slavyan və bir türk dövləti yaradılır

Ukraynada yeni bir slavyan və bir türk dövləti yaradılır


26-02-2014, 09:25
Ukraynada yeni bir slavyan və bir türk dövləti yaradılır
DİA.AZ: - «1777-ci ildə rus tərəfdarı kimi tanınan Şahin Giray taxta keçdi. Osmanlı tərəfdarı olan II Bahadır Giray, xanlıq mübarizəsində Şahin Girayı məğlub edə bilmədi. Bu dövrdə ruslar bölgəyə çoxlu slavyan immiqrantı yerləşdirdilər. 1779-cu ildə imzalanan Aynalıkavak Müqaviləsi ilə, Krım xanlarının sərbəst seçilməsi, rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı Dövlətinin Şahin Girayı tanıması maddələrini qəbul edildisə də, ruslar müqaviləyə əməl etmədilər.

1783-cü ildə II Katerinanın əmriylə Krım işğal edildi. Artan rus təsirinə qarşı xalq qiyam qaldırdı və Bahadır Giray taxta keçirildi. Şahin Giray isə ruslara sığındı. 1785-ci ildə Şahin Giray rus ordusunun köməyi ilə Krıma daxil oldu. Daha sonra ruslardan istədiyini ala bilməyib İstanbula sığındı. Əvvəlki hərəkətlərinin əvəzi olaraq Rodosa sürgün edilib orada edam olundu. Osmanlı Dövləti Krıma girən ruslara qarşı yeni bir döyüşə başladı, lakin, müvəffəqiyyət qazana bilmədi və 1792-ci ildə Yaş müqaviləsi ilə Krımın Rusiyaya birləşməsini qəbul etdi».

Bu tarixçə 1441-ci ildən türk soylarının Krımda qurduğu xanlığın son illərinə aiddir. Bəli, tarixdən də göründüyü kimi 400 ilə yaxın hökm sürmüş bir xanədan-dövlət nəhayətdə ruslar tərəfindən silinir.

Təsadüfən bu tarixəçi xatırlatmadıq. Deyəsən, tarixin təkəri tərs fırlanır. Bir zamanlar Krım xanlığını süquta uğradan ruslar bu dəfə Krım xanlığını bərpa etməyi düşünürlər.

…Bu gün Ukraynada baş verənlər hər kəsə məlumdur. Və görüntüdə olanı odur ki, Yanukoviç iqtidarının timsalında Ukraynada məğlub olan - «Kiyev Rus Dövləti» xəyalları puça uğrayan Rusiya baş verənlərə daha sərt formada reaksiya verməyə hazırlaşır. Hətta planda Ukraynanın parçalanması, vətəndaş müharibəsinin başlanması kimi Ukraynaya qarşı xain qərarlar da yer alıb.

DİA.AZ Rusiya KİV-lərinə istinadən bildirir ki, artıq Rusiya quru və dəniz yolu vasitəsilə Ukraynadakı hərbi imkanlarını daha da genişləndirməkdədir. Məlumatlara görə, son günlərdə Rusiyanın təkcə Qara dənizdəki hərbi donanmasının əsgəri heyəti əlavə olaraq 2 min nəfər artırılıb. Eyni zamanda Yaltaya da rus qoşunlarının yeridilməsi Azərbaycan mətbuatında da yer alan xəbərlər sırasındadır. Bir sözlə, ruslar Ukrayna uğrunda savaşacaqlarını gizlətmirlər.

Elə bu barədə məlumat yayan Rusiya mətbuatı da qeyd edir ki, savaş qaçılmazdır. Hətta rus KİV-ləri «Lazım gələrsə, Krım xanlığını bərpa edərik» kimi açıqlamaları da səhifələrində işıqlandırır. Yəni görünəni odur ki, ruslar Kiyevin acığına Ukraynanı ən azından 3 hissəyə bölməyi planlaşdırırlar.

Ukraynada yeni bir slavyan və bir türk dövləti yaradılır

Rus mətbuatı yazır: «Şərqi Ukraynada ayrıca olaraq ənənəvi Rus Dövləti yaradılmalıdır. Ruslar Şərqi Ukrayna adlanan Qədim Rusun aborigenləridir, yerli sakinləridir». Yəni artıq Rusiya KİV-ləri Ukraynaya qarşı konkret ərazi iddiası irəli sürürlər. Eyni zamanda Krım tatarları barədə də yazan Rusiya mətbuatı qeyd edir ki, həmin ərazi Krım tatarlarına məxsusdur və Stalin repressiyası zamanı onlar öz evlərindən didərgin salınıblar. İndi isə «tarixi ədalətsizlik» aradan qaldırılmalı, Krım tatarları dövlət qurma haqqını geri almalıdırlar».

Hə, bu da belə. Rusiyanın polittexnoloqları Kiyevdə baş verənlərə görə Ukraynada bir slavyan, bir türk dövlətini əlavə olaraq yaratmağı planlayır. Tanrı Ukrayna xalqına kömək olsun…

Geri qayıt