Əsas Səhifə > Siyasət, Manşet > Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri hədəfdə

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri hədəfdə


11-02-2014, 10:10
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri hədəfdə
DİA.AZ: - Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin bəzi yetkili şəxslərinə qarşı cinayət işi açıla bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, son 3 il ərzində Azərbaycanın ayrı-ayrı regionlarında məcburi köçkün ailələri üçün salınan qəsəbələrə, inşa olunan yaşayış sahələrinə ayrılan büdcə vəsaitinin xərclənməsi ilə bağlı hesabatlarda ciddi maliyyə pozuntuları aşkarlanıb.

Məlumatı verən mənbənin sözlərinə görə, bir neçə ay əvvəl Hesablama Palatası sözügedən dövlət komitəsində təftiş işi həyata keçirsə də, bu barədə məlumat ictimailəşdirilməyib: «Maraqlıdır ki, bu məlumatlar mətbuatda açıqlanmayıb. Lakin əldə edilən faktlar müvafiq olaraq yuxarı instansiyalara təqdim olunub».

Mənbə iddia edir ki, araşdırmalar zamanı təxminən 4 milyon manata yaxın büdcə vəsaitinin naməlum şəraitdə yoxa çıxdığı müəyyənləşib: «Yəni bu qədər pulun xərclənməsinin hesabatı verilməyib. Və bu işdə məsul olan komitənin bəzi yetkililərinə qarşı konkret ittihamlar mövcuddur».

Mənbə iddia edir ki, eyni zamanda artan şikayətlər üzrə aparılan yoxlamalar nəticəsində dövlət komitəsinin məskunlaşma, miqrasiya, məşğulluq və Status şöbəsinin müdiri Sənan Hüseynova qarşı da müəyyən dəlillər əldə edilib: «Neçə müddətdir ki, yeni qəsəbələrdə yerləşdirilmələrlə bağlı vətəndaş şikayətləri Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına ünvanlanır. Araşdırmalar nəticəsində müəyyən olunub ki, yeni salınmış qəsəbələrdə məskunlaşdırılmalar zamanı məcburi köçkün ailələrindən pul toplanılıb».

Xatırladaq ki, bu barədə bu günlərdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun özü də mətbuatda açıqlama vermişdi və məcburi köçkün ailələrinə müraciət edərək bildirmişdi ki, onların adından istifadə edən dələduzlar var və bu barədə dərhal dövlət komitəsi məlumatlandırılmalıdır ki, sonradan hər hansı problem yaşanmasın…

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt