Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycan hakimiyyəti Bəşər Əsədə müraciət etməyə hazırlaşır

Azərbaycan hakimiyyəti Bəşər Əsədə müraciət etməyə hazırlaşır


5-02-2014, 11:10
Azərbaycan hakimiyyəti Bəşər Əsədə müraciət etməyə hazırlaşır
DİA.AZ: - Artıq Suriyada Azərbaycan vətəndaşlarının həlak olması az qala kütləvi hal alıb. Təbii ki, bu da hər bir vətəndaşa görə məsuliyyət daşıyan Azərbaycan hakimiyyətini ciddi şəkildə qayğılandırmaqdadır. Elə buna görə də son zamanlar vəhabi məsələsi - vətəndaşlarımızı Suriyadakı ölüm maşının ağzına daşıyan bu təhlükəli ideologiya geniş şəkildə müzakirə olunmaqdadır.

İlk olaraq Şeyx başladı…

Təbii ki, bu Şeyxin vəhabilərə qarış ilk çıxışı idi. Amma ilk başlayan Şeyx olmadı. Atəşi vəhabilər açdı. O qədər arxayın idilər ki, hətta «müqəddəs şəhər» elan etdikləri Sumqayıtda öz aralarındakı problemi belə silah dili ilə həll etməyə qalxdılar.

Bu isə, rəsmi Bakı üçün ciddi siqnal rolunu oynadı. Buna qədərsə onların aktivlərində müxtəlif terror aksiyalarına tədarük və hətta Azərbaycan prezidentinə qarşı sui-qəsd cəhdi də var idi. Onlara qarşı əməliyyatlarda isə həm daxili işlər nazirliyi və həm də milli təhlükəsizlik nazirliyi də itki vermişdi.

Bunlar da ytərli olmadı və vəhabilər beyinlərini yuduqları vətəndaşlarımızı Suriyaya - Bəşər Əsədə qarşı savaşa apardılar. Onlara əxz olundu ki, Suriya guya şəhadət ünvanıdır. Halbuki bu gün hər bir Azərbaycan vətəndaşını cənnətə daşıyan da, şəhadətə qovuşduran da tək ünvan məhz onun torpaqları uğrunda edilən fədakarlıqdır. Elə uca Allahın buyruğudur ki, vətənini, millətini sevmək imandandır.

Vəhabilər də cavab verdi və verir…

Doğrudur, Bakıda mətbuatın qarşısında Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinini sədri Hacı Allahşükür Paşazadə vəhabilərin üzərinə sərt yeridi. Amma onların da cavabları gəldi və hələ də gəlməkdədir.

İlk əvvəl Şeyxin ünvanına təhqirlər yağdıran vəhabilər sonradan ittihamlara keçdilər. Bu ittihamlar içində isə Şeyxin Səudiyyə Ərəbistanındakı şübhəli dairələrdən maliyyə yardımı alması faktı da var idi.

Əlində burada sirli nəsə yox idi. Çünki bu gün Şeyxin üzərinə yeriyən vəhabi qrupunun media şəbəkəsinin açıqladığı faktlar çoxdandır mətbuatda səsləndirilir. Sadəcə olaraq diqqətə gələni artıq vəhabilərlə Şeyxin arasının dəyməsi faktı idi.

Yəni dünənə qədər tərəflər sülh şəraitində yola gedir, qarşılıqlı olaraq faydalanırdılar. Ən azından dini turizm biznesi - Həcc ziyarətinin təşkili işini monapoliyasına alması səbəbindən QMİ hər il ciddi həcmdə gəlir əldə edirdi.

İndi isə Şeyxin bu qazanc yerinin də təhlükə altında olduğu iddia edilir. Bildirək ki, bu, yalnız İDDİADIR… Yəni Şeyxə qarşı kampaniya aparan qrupun «Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyində Şeyxin Həcc ziyarətlərinin təşkili işindəki monapoliyasına son qoyulması məsələsi müzakirə olunub» xəbərinin nə qədər həqiqət olduğunu bilməsək də, aydın olanı odur ki, onlar artıq Şeyxi təhdidə, şantaja keçiblər.

Vəhabilər həbs olunacaqmı?

Milli Məclisin son iclasında da bu məsələ müzakirə olundu. Çünki aktualdır və cəmiyyəti ciddi şəkildə narahat etməkdədir. Müxtəlif təkliflər səsləndi. Vəhabilərin - Suriyaya gedənlərin həbsi tələbi də səsləndi. Bu, gecikmiş təklif deyilmi?

Təbii ki, bu təklifi səsləndirən millət vəkillərimiz gecikiblər. Ən azından ona görə ki, artıq Suriyaya gedən vətəndaşlarımızı biz itirilmiş hesab edə bilərik. Onların Azərbaycana yalnız ölüm xəbərləri gələ bilər. Hətta cənazələrinin belə dönüşü imkansızdır ki, sonradan qəbirlərinə hökm oxuya bilək.

Bununla bağlı DİA.AZ-a göndərilən məlumatda da qeyd olunur ki, bu gün Suriyaya rəsmən səfərbərlik işini həyata keçirən vəhabilərin Bakıda, Sumqayıtda, Zaqatalada, Gəncədə və daha bir neçə ünvanda gizli mərkəzləri fəaliyyət göstərməkdədir.

Məlumatlı mənbə iddia edir ki, bu mərkəzlərin xətti ilə təxminən 1500 Azərbaycan gənci Suriaya gedib ki, onların da 200-dən artığı həlak olub. Hələ də 1300 Azərbaycan vətəndaşı Suriyada vuruşur. Onlar isə Azərbaycanı müxtəlif istiqamətlərdən tərk ediblər. Kimi Türkiyə, kimi Rusiya, kimi Fransa, kimi Almaniya, kimi də digər bir ölkənin adı ilə evindən çıxıb, Suriyaya ulaşıb. Və bu da o deməkdir ki, bizim dövlət olaraq Suriyada vuruşanlara qarşı cinayət işi açıb, onları mühakimə etməyimiz imkansızdır. Onlar Suriyaya tək biletlə gediblər və geri yalnız ölüm xəbərləri qayıda bilər…

Azərbaycan Bəşər Əsədə müraciət edəcək…

Bu arada redaksiyamıza bir maraqlı məlumat da daxil olub. Hökumət içindəki qaynaqlardan sızan informasiyaya görə, rəsmi Bakı Suriyanın hələ də duruş gətirən hazırki hökuməti ilə - Bəşər Əsəd iqtidarı ilə danışıqlar aparmaq niyyətindədir. Söhbətin mövzusu isə Suriyada hər iki tərəfdə vuruşan Azərbaycan vətəndaşlarının geriyə - Azərbaycana təhvil verilməsidir.

Məlumatı verən mənbə iddia edir ki, artıq bununla bağlı Azəbaycanın xarici siyasət idarəsində müvafiq sənəd hazırlanır: «Sənəddə göstərilir ki, həm Bəşər Əsəd tərfində və həm də əks səngərdə müxtəlif şirnikləndirici təkliflərlə aldadılaraq savaşa cəlb olunan Azərbaycan vətəndaşları rəsmi Bakı tərəfindən konkret cinayət maddəsi ilə ittiham olunduğundan rəsmi Dəməşq həmin şəxslərin Azərbaycana təhvil verilməsinə yardım etməlidir».

Yəni anlaşılanı odur ki, Azərbaycan tərəfi Bəşər Əsədin yanında olan vətəndaşlarımızla yanaşı, həm də Bəşər Əsəd ordusu tərəfindən əsir götürüləcək Azərbaycan vətəndaşlarını da tələb etməyə hazırlaşır.

Bu müraciətin Suriyaya nə zaman ulaşacağı isə hələlik bəlli deyil…

Geri qayıt