Əsas Səhifə > Siyasət, Manşet > Füzuli Ələkbərova yeni vəzifə verilə bilər
Füzuli Ələkbərova yeni vəzifə verilə bilər22-01-2014, 09:23 |
DİA.AZ: - Suraxanı RİH-in rəhbəri İlqar Abbasov vəzifədə son günlərini yaşayır. DİA.AZ bildirir ki, bur barədə “Gündəlik Bakı” qəzetində məlumat yer alıb. Və xəbərdə qeyd olunur ki, onun yerinə maraqlı bir isim – keçən ilin 22 oktyabr tarixinə qədər əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Füzuli Ələkbərovun gətirilməsi gözlənilir. Yayılan məlumatlarda yerli icra hakimiyyəti orqanlarında çalışan rəhbər şəxslərin işlərini itirəcəyi iddia olunur. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan informasiyalara əsasən, paytaxt və kənd rayonlarının bir neçəsinin icra başçısı tezliklə dəyişdiriləcək: «İcra hakimiyyətlərində kadr islahatlarına start veriləcək. Vəzifəsini itirməyə ən real namizədlərdən biri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. Qeyd edək ki, İlqar Abbasov 2005-ci ildən Suraxanı rayonuna rəhbərlik edir. Onun rayona başçılıq etdiyi 9 il ərzində elə də ciddi uğurlar əldə olunmayıb. Etiraf etmək lazımdır ki, Suraxanı bu gün digər paytaxt rayonları ilə müqayisədə inkişafdan xeyli geri qalıb. Rayonun bəzi qəsəbədaxili yolları istifadəyə yararsız haldadır. Paytaxt qəsəbələrinin abadlaşdırılması ilə bağlı dövlət tərəfindən təsdiq olunan proqram rayon rəhbərliyi tərəfindən lazımınca icra olunmur. İlqar Abbasov Suraxanıya başçı gələnə qədər rayon ərazisində yaşıllıq sahələri göz oxşayırdı. Amma son illər ərzində ağaclara qarşı amansız münasibət göstərilir. Hansısa iş adamlarının və RİH-də çalışan yetkili şəxslərin maraqları naminə minlərlə ağac qurban verilib. Yaşıllıqları məhv edib yerində müxtəlif ticarət obyektləri inşa ediblər. Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri torpaq satışının onların sərəncamında olmadığını bildirir. Bütün günahı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun üzərinə atırlar. Guya qeyri-qanuni tikinti işlərinin aparılmasına mer icazə verir. Əslində isə rayonun hüdudları daxilində görülən qanunsuz tikinti işlərinin arxasında RİH-in bəzi nümayəndələri dayanır. Qeyd edim ki, ölkə rəhbərliyi tərəfindən İlqar Abbasovun fəaliyyəti müsbət qiymətləndirilmir. Prezident Suraxanı rayonunda yeni tikilən, eyni zamanda təmirdən çıxan idarə və müəssisələrin açılışında çox vaxt iştirak etmir. Bu günlərdə Hövsan qəsəbəsində Fövqəlada Hallar Nazirliyinin akademiyası istifadəyə verildi. Deyilənə görə, ölkə başçısı açılışdan və qəsəbədə aparılan işlərdən razı qalmayıb». Mənbəmiz vurğulayır ki, son 9 il ərzində Suraxanı RİH-ə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatdan kənar məqsədlər üçün istifadə edilib: «İlqar Abbasovun böyük biznes şəbəkəsinə malik olması çoxlarına sirr deyil. Bu şəxs icra hakimi qoyulmamışdan əvvəl uzun müddət bizneslə məşğul olub. Tikinti sektorunda və digər sahibkarlıq sahələrində fəaliyyət göstərib. İcra başçısı vəzifəsinə keçəndən sonra isə rayona ayrılan maliyyə vəsaitləri hesabına biznes əlaqələrini daha da genişləndirib. Başçının nəyi yoxdur ki. Hazırda onun vəzifədən uzaqlaşdırılması ilə bağlı yuxarı dairələrdə müzakirələr gedir. Çox güman ki, icra hakimi tutduğu postdan kənarlaşdırılacaq». Ehtimal olunan kadr dəyişikliyinin reallaşacağı təqdirdə İlqar Abbasovun yerinə kimin təyin olunacağı məsələsinə gəlincə mənbə qeyd etdi ki, bu heç kimin ağlına gəlməyən biridir: «Keçən ilin oktyabr ayında prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov işdən çıxarıldı. Bir neçə aydır işsiz qalan sabiq nazirin yenidən vəzifəyə gətirilməsi gözlənilir. Dolaşan söz-söhbətlərə inansaq, İlqar Abbasovu Füzuli Ələkbərov əvəzləyə bilər». Xatırladaq ki, hələ bir müddət əvvəl keçmiş nazirin yenidən hansısa posta təyin olunacağı ilə bağlı xəbərlər yayılmışdı. Nəzərə alsaq ki, sabiq məmur 56 yaşındadır, deməli təqaüd yaşına qədər vəzifədə işləyə bilər. Bizim üçün Suraxanı rayonuna kimin başçı təyin olunmasının o qədər də önəmi yoxdur. Əsas vətəndaşların mənafeyinin yaxşılaşdırılmasıdır. Ki, İlqar Abbasov bu vaxta kimi bunu bacarmayıb. Geri qayıt |