Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət 500 məmurdan imtina edir
Hakimiyyət 500 məmurdan imtina edir10-01-2014, 12:44 |
DİA.AZ: - Son günlər bir sıra dövlət qurumlarında ciddi islahatların həyata keçiriləcəyilə bağlı təlaş yaşanmaqdadır. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, birbaşa olaraq prezidentin adından bütün rəhbər şəxslərə təlimatlar verilib. Söhbət nazirliklərdən gedir. Məlumatı verən qaynaq iddia edir ki, bəzi nazirliklər islahatlara getsə də, sıralarından onlarla məmuru çıxdaş etsələr də, hələ də susqunluq nümayiş etdirənlər yetərincədir: «Prezident Nazirlər Kabinetinin yığıncağında da bu məqama diqqət ayırdı ki, korrupsiyaya bulaşmış məmurlar işlərini itirəcəklər. Təbii ki, bu xəbərdarlıq ciddidir və böyük bir dəyişiklik planı hazırlanır». Mənbə idia edir ki, təxminən 500-ə yaxın məmurun işdən atılması gözlənilir: «Onların arasında hətta nazir müavini postunu tutanlar var. Ola bilsin ki, ictimaiyyətə məlumat verildiyi zaman konkret səbəb göstərilməsin, dəqiq izahat verilməsin. Amma bilinməlidir ki, bütün kadr islahatlarında əsas faktor kimi məhz korrupsiya ilə mübarizə siyasəti prioritet təşkil edəcək». Mənbəmizin sözlərinə görə, artıq nazirlər öz «qara siyahılarını» tutmaqla məşğuldurlar: «Məsələn, bu gün ən çox islahata ehtiyacı olan dövlət qurumlarından biri əmlak məsələləri üzrə dövlət komitəsidir. Kərəm Həsənova bu barədə dəfələrlə xəbərdarlıq edilib. Ola bilsin ki, Kərəm Həsənov da müavinlərindən birinə «əlvida» demək zorunda qalsın. Düşünülməməlidir ki, ayrı-ayrı vətəndaşların, qurumların Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanladıqları şikayətlər qulaqardına vurulur, nəzarətsiz buraxılır, ciddiyə alınmır. Belə bir şey yoxdur. Bütün faktlar ciddiyə alınır və araşdırılır. Bəzi faktlar olur ki, həmin istiqamət üzərə operativ addımlar atılır. Amma elə hallar da olur ki, tədbir görülməsi üçün həm vaxt və həm də münasib şərait lazımdır». Mənbəmizin bildirdiklərindən o da aydın oldu ki, təxminən fevral ayının əvvəlindən məlum dəyişikliklərin start düyməsi basılacaq. Geri qayıt |