Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümov vəzifəsindən necə sui-istifadə edir

Səlim Müslümov vəzifəsindən necə sui-istifadə edir


9-01-2014, 09:42
Səlim Müslümov vəzifəsindən necə sui-istifadə edir
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində köhnə kadrlardan daha birisinə bir aylıq vaxtın verildiyi barədə məlumatları hələ keçənlərdə diqqətinizə çatdırmışdıq. Məlumatda deyilirdi ki, Fizuli Ələkbərovun dövründə vəzifəyə gətirilmiş gənc kadrlardan daha birisinə Səlim Müslümov tərəfindən konkret müddət tanınıb və bir ayın içində xəbərdarlığı alan ƏƏSMN yetkilisi özünə yeni iş yeri tapmalıdır.

Xatırladaq ki, 30 dekabr tarixində mətbuata verdiyi açıqlamasında Səlim Müslümov yeni kadr islahatları zamanı hakimiyyətin nümayiş etdirdiyi gəncləşdirmə siyasətinə riayət edəcəyini bəyan etmişdi. Amma yeni nazirin bu ifadələrində heç də səmimi olmadığı onun nazirlikdən uzaqlaşdırdığı kadrların demək olar ki, gənc yaşlı olması faktından tam şəkildə təsdiqlənməkdədir. Və buna baxmayaraq, daha bir gənc kadrın nazir tərəfindən hədəfə alınması faktı da Səlim Müslümovun səmimiyyətini əlavə olaraq şübhəyə aldı.

Əslində yeni nazir apardığı kadr islahatları ilə gəncləşdirmə yox, nazirliyi özəlləşdirmə siyasətini həyata keçirir. Belə ki, təyinatlar zamanı keçən ilin 22 oktyabr tarixinə qədər rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondundan gətirdiyi kadrlara üstünlük verən Səlim Müslümov ətrafına etibarlı adamlarını yığır. Və nəzərə çarpanı da budur.

Bununla bağlı DİA.AZ-a daxil olan yeni məlumatlardan aydın olur ki, anoloji siyasət bundan sonra da prioritet təşkil edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, hazırda DSMF-də yüksək vəzifə tutan daha iki nəfərin ƏƏSMN-ə transferi gözlənilir ki, onlardan birinin nazir müavini təyin olunacağı haqda da qərar verilib.

Mənbə bildirir ki, Səlim Müslümovun bu «islahatları» «yuxarılar» tərəfindən alqışlanmasa da, yeni nazir addımlarının doğruluğuna hər kəsi inandırmağa çalışır: «Təbii ki, ona öz komandasını qurma fürsəti tanınıb. Amma vəziyyət bu şəkildə davam edəcəksə, o zaman Səlim Müslümovun nazirliyinə kənardan müdaxilə ediləcək. Bunun ilkin işartıları da var. Artıq yeni nazir bir dəfə xəbərdarlıq alıb. Bu o zaman baş verdi ki, nümayişkaranə formada 15-ə yaxın idarə müdirlərini bir günün içində işdən qovan Səlim Müslümovun məlum jesti «yuxarılar» tərəfindən təqdir olunmadı.

Çünki bu kimi addımlar daha çox dövlətin başında dayanan şəxs üçün xarakterikdir. Bununla isə Səlim Müslümov daha çox özünə xal qazanmağı məqsəd kimi güdmüş oldu. Və bu da ümumiqtidar maraqları üçün haqlı olaraq təhdid kimi qəbul edilməkdədir. Yəni əslində Səlim Müslümovun oturduğu kürsüdəki sərbəstlik, habelə buna paralel olaraq mətbuat qarşısında pafoslu jestlərdə bulunması hakim düşərgədəki «vahid komandanlığın» şübhəyə alınması ilə eyniyyət təşkil edirdi. Belə hallar isə nə qəbul edilir, nə də bağışlanılır.

Bunun adına vəzifədən sui-istifadə də demək olar. Yəni yeni nazir yeni kürsüsünün dadını çıxarma üsulu ilə özünü reklama həddən-ziyadə aludə olduğunu ortaya qoyub».

Geri qayıt