Əsas Səhifə > Siyasət, Manşet > Saatlıda bayram pulu yığımı narazılığa səbəb olub

Saatlıda bayram pulu yığımı narazılığa səbəb olub


6-01-2014, 11:56
Saatlıda bayram pulu yığımı narazılığa səbəb olub
DİA.AZ: - «Saatlı rayonunda rəsmən özbaşınalıqdır». Bu barədə DİA.AZ-a rayonun bir qrup sahibkarı adından ünvanlanan şikayət məktubunda qeyd olunub. Narazı iş adamlarının redaksiyamızın elektron poçtuna ünvanladıqları şikayət məktubunda bildirilir ki, icra başçısı Siraqəddin Cabbarov yeni ili və Həmrəylik Günü bayramlarını onların burnundan gətirib.

Sahibkarlar yazır: «Hər bir rayonda tədbirlər keçirilir və biz buna normal baxırıq. Amma heç bir rayonda yerli icra hakimiyyətinin bütün tədbirləri, bütün addımları iş adamlarının hesabına maliyyələşdirilmir. Saatlıda isə vəziyyət ürəkaçan deyil. Siraqəddin Cabbarov hətta öz əyin-başını da biz sahibkarların hesabına alır».

Narazı vətəndaşlar yazır ki, rayondakı bayramla əlaqədar tədbirlərin təşkili üçün onların hər birindən 500-1000 manat arası pul yığılıb: «Biz təbii ki, rayonun abadlaşdırılması, yenidən qurulması işində iştirak edirik və buna canla-başla hazırıq. Hər dəfəsində icra başçısı sahibkarlardan pul yığanda etiraz etməmişik. Düşünmüşük ki, gördüyümüz işlər başçıya qalmayacaq. Necə də olsa, öz rayonumuzdur.

Amma tədbirlərin təşkilinin də bizim boynumuza qoyulması artıq icra hakimiyyətinin özbaşınalığı kimi qəbul olunmalıdır. Prezident İlham Əliyev keçən ilin 12 fevral tarixində icra başçılarının iştirakı ilə müşavirə keçirdi. Bildirdi ki, icra başçıları heç bir sahibkarı zorla hansısa tədbirə cəlb edə bilməz. Amma görünəni odur ki, Siraqəddin Cabbarova prezidentin sözü kar etməyib. Əks halda, addımbaşı bizdən pul yığmazdı».

Artıq başçının «kaprizlərindən» yorulduqlarını deyən sahibkarlar prezidentdən Saatlıya yeni RİH rəhbəri göndərmələrini də xahiş edirlər: «Bu gün Saatlıda istənilən bir dövlət müəssisəsində özbaşınalıq hökm sürür. Hamısı da Siraqəddin Cabbarovdan qaynaqlanır. Onun yerli əhaliyə etdiyi zülmü Allah da götürməz. Biz də üzülmüşük. Son qəpiklərimizi xərcləyirik. Səbrimizin də son damlalarıdır. Buna bir əncam çəkin».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt