Əsas Səhifə > Siyasət, Manşet > İsti yay günlərində Naxçıvanın SU ÇİLƏSİ...
İsti yay günlərində Naxçıvanın SU ÇİLƏSİ...8-07-2022, 09:44 |
Naxçıvanın 203 kəndi var. Bunun müqabilində 400-ə qədər irili-xırdalı çayı, 400-dən çox kəhrizi, yüzlərlə bulağı olan Muxtar Respublika əhalisi içməli su sarıdan əziyyət çəkir. Məhz bu səbəbdən hər il Azərbaycan prezidenti Naxçıvanda subartezian quyuları qazılması üçün milyonlarla manat vəsait ayırır. Hətta Yaponiya səfirliyi belə, Naxçıvan əhalisinin su ilə təchizatı üçün əlindən gələni edir. Belə ki, Yaponiya səfirliyi bir çox kəndlərdə subartezian quyuları qazıb istifadəyə verib. Üst-üstə hesablayanda az qala hər kəndə bir neçə çay, bulaq, kəhriz, hər iki kəndə bir su anbarı və ya göl düşür. Naxçıvan əhalisinin su problemi isə bitmək bilmir ki, bilmir. Bunun əsas səbəblərindən biri Naxçıvanın quraq iqlimindən irəli gəlirsə, digəri Muxtar Respublikada sudan düzgün istifadə olunmamasıdır. Hesablamalara görə, Naxçıvanda olan çayların illik axınının 75 faizdən çoxu kənd təsərrüfatında istifadə edilmir. Digər tərəfdən, Muxtar Respublika quraqlıq zonada yerləşdiyindən bu bölgədə suyun buxarlanması səth axımından üç dəfə çoxdur. Üstəlik, Naxçıvanda yağmur miqdarı da digər rayonlarımızla müqayisədə xeyli aşağıdır. Bu da Naxçıvanda xüsusi arqotexniki meliorasiya tədbirləri həyata keçirməyi tələb edir. Azərbaycan prezidentinin və bir sıra dövlətlərin Naxçıvana ayırdığı vəsaitlə əslində bu problemi həll etmək mümkündür. Təsəvvür edin ki, Naxçıvanda təkcə kəhrizlərin hesabına bu istiqamətdə ciddi addımlar atmaq olardı. Hər halda bunu biz yox, mütəxəssislər iddia edirlər. İqtisad elmləri doktoru, professor Nazim Əkbərov yazır: "Naxçıvanda 400-ə qədər kəhriz fəaliyyətdədir. Bunlardan 200-ə qədəri Şərurda, 100-ə qədəri Babəkdə, 60-a qədəri Ordubadda, 40-ı isə Naxçıvan şəhəri daxil olmaqla, Culfa və Şahbuz rayonları ərazisindədir. Naxçıvanda olan kəhrizlərdən istifadə etmək üçün 3800-ə yaxın hidrotexniki qurğu işlədilməklə, 142400 metrdən artıq yeraltı kanal çəkilib. Bu kanallardan axıdılan suyun ümumi sərfi saniyədə 2000 kubmetrə çatır. Hazırda Naxçıvan şəhərində fəaliyyətdə olan kəhrizlərin suyundan istifadə olunmasına baxmayaraq, suların bir hissəsi lazımsız axıdılır. Şəhər əhalisinin içməli suya olan tələbatı tam ödənilmir. Hesablamalar göstərir ki, faydasız axıdılan kəhriz suyunun itkisi aradan qaldırılarsa, Naxçıvan şəhəri əhalisinin içməli suya olan tələbatı ödənilməklə yanaşı, ildə 2000-2500 hektara yaxın sahəni suvarmaq olar". Naxçıvanda müxtəlif illərdə salınmış su anbarları və təbii göllər də var. Məlumata görə, Muxtar Respublikada 31 su anbarı, 90-na qədər irili-xırdalı göllər mövcuddur. Araz Su Anbarı istisna olmaqla, həmin göl və su anbarlarının ümumi həcmi 303,52 mln m3-dir. Torpaq sahələrinin əksər hissəsinin suvarılması su anbarları vasitəsilə həyata keçirilir. Su anbarlarının, demək olar, hamısı sovet hakimiyyəti illərində, biri isə 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilib. Naxçıvanın əsas su anbarları və gölləri Araz su anbarı Araz su anbarı 1971-ci ildə istifadəyə verilib. İran İslam Respublikası və Azərbaycan Respublikası ilə birgə tikilmiş bu su anbarı, birgə də energetika və suvarma məqsədilə istismar olunur. Su anbarının ümumi həcmi 1254 mln m3, faydalı həcmi 1070 mln m3-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan sahələri su ilə təmin edilmişdir. Arpaçay su anbarı 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 mln m3, faydalı tutumu isə 140 mln m3-dir. Muxtar respublika ərazisində 17370 hektar əkin sahəsini suvarır. Heydər Əliyev su anbarı Vayxır su anbarı da adlanır. Su anbarının ümumi həcmi 100 mln m3, faydalı həcmi 90 mln m3-dir,ümumi suvarma sahəsi 16830 hektardır. Bənəniyar su anbarı Bənəniyar su anbarı 1990-cı ildə istismara verilmişdir. Su anbarı Culfa və Babək rayonları ərazisində təxminən 4230 hektar əkin sahəsinin suvarılmasına imkan yaratmışdır. Əlincəçayı üzərində tikilən su anbarının həcmi 17,4 mln m3-dir. Sirab su anbarı 1980-cı ildə istismara verilən Sirab su anbarı Naxçıvançaydan qidalanır. Su anbarının ümumi həcmi 12,7 mln m3, faydalı həcmi 12 mln m3-dir. Anbarın suvardığı sahə 2700 hektardır. Uzunoba su anbarı 1961-ci ildə istifadəyə verilib. Ümumi həcmi 7.2 mln m3, faydalı həcmi 7,2 mln m3 olan bu su anbarının əsas qidalanma mənbəyi Naxçıvançayıdır. 1730 ha torpaq sahəsini suvarır. Nehrəm su anbarı 1965-ci ildə istifadəyə verilib. Su anbarının su tutumu 6 mln m3-dir. Onun suyu ilə 1540 hektardan çox əkin sahəsi suvarılır. Batabat gölləri Batabat gölləri 0, 1 və 2 saylı göllərdən ibarətdir. Bu göllər təbii göllər əsasında yaradılmış kiçik su anbarlarıdır. Batabat göllərində 1952-55-ci illərdə bənd tikilərək həcmləri genişləndirilmişdir. Həcmi 1,58 mln m3-dir. Göllər uyğun olaraq dəniz səviyyəsindən 2000, 2050, 2113 m yüksəklikdə yerləşirlər. Qida mənbəyini qar və yeraltı sular təşkil edir. Qanlı göl Qanlı göl, Keçəldağın cənub-qərb ətəyin də dəniz səviyyəsindən 2424 m yüksəklikdə yerləşir. Bu göl 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilmişdir. Gölün həcmi 0,85 mln m3-dir, qida mənbəyi qar və bulaq sularıdır. Qanlı gölün suyundan suvarmada geniş istifadə olunur. Məzrə gölü Bu göl 1980-cı ildə tikilib istismara verilib. Bu gölün həcmi 1 mln m3 təşkil edir. Məzrə gölünün suyu ilə 200 hektardan çox əkin sahələri su ilə təmin olunur. Digər göllər Cəhri gölləri 1979-81-cı illərdə suvarma məqsədi ilə tikilib. Həcmləri isə 2,6 mln m3 təşkil edir. Bu göllərin suyu ilə Cəhri kəndinin əkin sahələri su ilə təmin olunur. Dizə və Qahab gölləri 1940-70-ci illər ərzində yaradılmışdır. Göllərin su tutumları 1,24 mln m3 təşkil edir. Dizə və Qahab gölləri həyətyani əkin sahələrinin suvarılmasında müstəsna rol oynayaraq kəndin əkin sahələrini su ilə təmin edir. Aza və Gilan gölləri 1984-85-ci illərdə tikilib istifadəyə verilib. Göllərin su tutumları 0.45 mln m3-dir. Aza və Gilan göllərinin suyu ilə Ordubad rayonunun əkin sahələri su ilə təmin olunmuşdur. Naxçıvanın su anbarları arasında yalnız Vayxır gölü (Heydər Əliyev adına su anbarı) Vasif Talıbovun hakimiyyəti illərində istifadəyə verilib. Amma bu gölün də Vasif Talıbov “həzrətlərinə” az aidiyyəti var. Çünki onun layihəsi 1981-ci ildən hazırlanıb, 1983-cü ildə inşaat işlərinə başlanılıb. Daha sonra SSRİ-nin dağılması ilə yaranan yeni şəraitlə əlaqədar tikinti işləri başa çatdırılmayıb. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Vayxır su anbarının tikintisini gündəliyə gətirib və 2002-ci ildə tikinti işlərinin davam etdirilməsinə başlanılıb. Kim bilir, bəlkə mərhum Heydər Əliyev həyatının son günlərində bu təşəbbüsü gündəmə gətirməsəydi, bu gün Vayxır gölü də mövcud olmayacaqdı. Sual: Hətta 1860-cı illərdə ibtidai əmək alətləri ilə Naxçıvan əhalisi üçün su anbarı yaradan Kəlbəli xanın taxtında əyləşən Vasif “xan” həzrətləri Muxtar Respublikanın su probleminin həlli istiqamətdə hansı fəaliyyəti ilə yadda qalmışdır? Vasif Talıbov hakimiyyəti Kəlbəli xanın əksinə, Naxçıvanın mövcud su ehtiyatlarının belə, yerli əhali tərəfindən istismarına imkan vermir. Naxçıvan MR-nın su ehtiyatını özünün və komandasının əkib becərdiyi sahələrə yönləndirir. Nəticədə Naxçıvan əhalisi su üzünə həsrət qalıb. Sübutmu istəyirsiniz? Buyurun, bu da sübut. 👇 Babək rayon Sirab kəndinin sakini Quliyev Qadir Əkbər oğlunun dedikləri Növbəti sual: Bəs, hər il Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvanın su təchizatı üçün ayırdığı milyonlar hara gedir? Naxçıvandan redaksiyamıza göndərilən bir məktubda bu suala belə aydınlıq gətirilir: "Naxçıvanda ciddi su problemi var, dəhşətli istilərə insanlar kimi əkinlər də dözmür. Buna görə ölkə başçısı son illər bir neçə dəfə suvarma məqsədilə artezian quyularının qazılması üçün Naxçıvana milyonlarla pul ayırır. Bəs xan nə edir? Həmin milyonlarla vəsatin hesabına köhnə artezianları boyayıb yeni qazılmış artezian kimi sənədləşdirirlər. Milyonlardan yalnız boyaya pul xərcləyir. Qalan vəsaiti müəyyən yollarla silib mənimsəyirlər. Kəndçilərin əkinləri isə gözlərinin qabağında cayır-cayır yanır . Su tələb edən əkinçi və ya digər vəzifə daşıyanlar işdən çıxarılır, 15 sutkalığa atılır. Artezian quyularının qazılması üçün ayrılan pul belə mənimsənilir". Bir başqa sual: Naxçıvan hakimiyyəti əhaliyə niyə belə divan tutur? Sözsüz ki, burada ilk növbədə şəxsi mənfəət əldə etmək maraqları ön planda gəlir. Amma məsələ təkcə varlanmaq hərisliyi də deyil. Zənnimizcə, Naxçıvan əhalisinə tutulan divanın əsas məqsədlərindən biri də insanlar öz yurd-yuvalarından didərgin salmaq planıdır. Naxçıvan boşalmasa onun demoqrafik yapısı ilə necə oynamaq olar? Ovqat.com Geri qayıt |