Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda NƏ BAŞ VERİR?

Naxçıvanda NƏ BAŞ VERİR?


6-07-2022, 11:43
Naxçıvanda NƏ BAŞ VERİR?
Naxçıvan MR DİN-nə bağlı Orta İxtisas Polis Məktəbi dünən yeni məzun buraxılışı mərasimi keçirib. DİA.AZ bildirir ki, Ovqat.com-un məlumatına görə, hər il olduğu kimi, bu dəfə də polis məktəbindən 30 məzun Naxçıvan polis orqanlarında işləmək üçün diplom alıblar.

Bildirilir ki, rəsmi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib. O vurğulayıb ki, “ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyanın ardıcıl və dönmədən həyata keçirilməsi muxtar respublikada dinamik inkişaf və sosial-iqtisadi tərəqqi baxımından yeni tarixi mərhələnin əsasını qoyub. Bu gün Naxçıvan yalnız iqtisadi inkişaf tempinə görə deyil, həm də ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik baxımından regionun ən stabil diyarıdır”.

Nazirin fikrincə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Orta İxtisas Polis Məktəbində yaradılan hərtərəfli şərait kursant və dinləyicilərin tədris olunan dərsləri tam mənimsəmələrinə, intellektual təfəkkürə malik, nəzəri və praktik biliklərə yiyələnmiş peşəkar polis zabiti kimi yetişmələrinə geniş imkanlar açıb. Görünür, cənab nazir bu sözləri deyərkən, bu gün qarşılarında çıxış etdiyi həmin polislərin neçə balla məktəbə daxil olduqlarını unudub. Elədirsə, biz ona bəzi həqiqətləri xatırlatmaq istərdik. Adına şərti olaraq “Naxçıvan peşə-texniki polis məktəbi” dediyimiz həmin təhsil ocağına keçid balı 2019-cu ildə 54 bal, 2020-ci ildə isə 62 bal olmuşdu. Gəlin, indi bu göstəricini məzunları Naxçıvanda gözümçıxdıya salınan Azərbaycan Respublikasının Polis Akademiyası ilə müqayisə edək. Polis Akademiyasına keçid balı 2019-cu ildə 552 bal, 2020-ci ildə 580 bal olmuşdu.

Nazir məlum çıxışında həmçinin vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ikinci ildir məzunlarını yola salır: “Ötən il Polis Məktəbini başa vurmuş 25 nəfər daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində müqəddəs vəzifə borclarını yerinə yetirir. Məktəbdən məzun olacaq 30 gənc zabit də daxili işlər orqanlarında vəzifələrinin icrasına başlayarkən ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Azərbaycan polisinin fədakar və nəcib missiyasını ləyaqətlə yerinə yetirəcək”.

Rəşad İsmayılov çıxışının sonunda məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb, daxili işlər orqanlarına göstərilən yüksək dövlət qayğısına görə bütün şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Amma cənab nazir nədənsə, çıxışında dövlət qayğısından danışarkən və buna görə təşəkkürünü bildirərkən Azərbaycanın indiki prezidenti İlham Əliyevi yaddan çıxarıb. Ölkə başçısının bu yaxınlarda Daxili İşlər orqanlarında çalışan zabitlərin rütbələrini bir pillə yüksəldərkən Rəşad İsmayılovun adını həmin siyahıya salmaması fonunda nazirin bu “unutqanlığı” xeyli düşündürücü görünür.

Qeyd edək ki, məzuniyyət mərasimində kursantlara kiçik leytenant rütbəsi verilib. Nazirin vurğuladığı kimi, onları işlə təmin etmək üçün ötən ilki təcrübəyə əsaslanılacaqsa, deməli böyük ehtimalla, Muxtar Respublikada müxtəlif vəzifələrdə çalışan Polis Akademiyasının məzunları öz vəzifələrindən uzaqlaşdırılacaqlar. Artıq bu istiqamətdə müəyyən tədbirlərin görüldüyü hiss olunur. Hazırda müxtəlif təzyiqlərə məruz qalaraq bezdirilən 25-30 polis zabiti əlində ərizə işdən çıxarılacağı günü gözləyir. Onlar üçün ən böyük səadət ləkələnmədən işdən çıxarılmaqdır. Naxçıvan MR DİN isə “Azərbaycanın casusları” kimi baxdığı bu polislərə həmin sevinci belə yaşatmaq niyyətində deyil. Məlumatlara inansaq, bir neçə gün öncə Şərur rayonu polis idarəsinin zabiti Çərkəz adlı şəxs şəxsi işinə xidmətə yararsız maddəsi yazılaraq işdən xaric olunub. Hazırda ərizələri əllərində normal qaydada işdən xaric olunmağı gözləyən 25-30 polis məmurunu da eyni aqibət gözləyir:

Həmin polislərdən bəzilərinin siyahısı:

1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Həmin bölmənin sahə inspektorları İbrahim Abdullayev;

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Culfa rayon polis idarəsindən baş leytenant Şirzad,

7. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub.

Geri qayıt