Əsas Səhifə > Siyasət, Manşet > 20 qəpiklik maska əlilə niyə 20 manata başa gəlir?
20 qəpiklik maska əlilə niyə 20 manata başa gəlir?3-05-2021, 10:45 |
DİA.AZ: - Bir qrup əlilliyi olan şəxs daxili işlər naziri , korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü, general-polkovnik Vilayət Eyvazova müraciət edib. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Hörmətli cənab nazir! Sizə üz tutmağımızın başlıca səbəbi Bakı Nəqliyyat Agentliyinin (BNA) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 və “Yol hərəkəti haqqında” qanunun 53-cü, 64-cü maddələrinə zidd olaraq əlilliyi olan şəxslərin idarə etdikləri avtomobillərə parklanma yerləri ayırmamasından, hər dayanma-durmada 20 manat cərimə yazmasındandır. Biz əlilliyi olan şəxslərik, elə olur bir dərmanı tapmaq üçün 5-6 aptekə baş vururuq. Heç birinin yanında da parklanma yeri yoxdur. Elə ki, maşını saxlayırıq ki, düşək, məsələn, 20 qəpiklik maska alaq, məlum olur ki, BNA 3.28-3.30 (“dayanma-durma qadağandır”) qadağan nişanlarının pozulmasına görə 20 manat cərimə yazıb . Beləcə, 20 qəpiklik maska əlilə 20 manata başa gəlir. Elə olur ki, hansısa “tapılmayan” dərman üçün 5-6 aptekə dəyməli oluruq. Dərmanı tapıb-tapmamağımız bir yana, hər aptekin yanında iki-üç dəqiqəlik dayanıb durmağa görə 20 manat hesabı ilə toplam 120 manat cərimə “qazanırıq”. Əlilliyi olan şəxslərə belə “bahalı” (qanunsuz) yanaşma tərzini bir qırağa qoyaq , axı, “Yol hərəkəti haqqında” qanunun 64-cü (“Qadağan nişanları”) maddəsinin 4-cü hissəsində 3.2, 3.28-3.30 qadağan nişanlarının qüvvəsinin əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmədiyi təsbit olunub! Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 maddəsində və “Yol hərəkəti haqqında” qanunun 53.X maddəsində yazılıb ki, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq ) əlilliyi olan şəxslər üçün ayrılır. BNA niyə indiyədək parklanma yerlərinin ayrılmasını təşkil etməyib? Belə çıxır, bilərəkdən parklanma yerləri təşkil olunmur ki, cərimə tətbiq etsinlər? Gündəlik tələbat mallarına görə getdiyimiz marketlər bir yana qalsın, axı, biz dərmansız, pandemiya dönəmində maskasız keçinə bilmirik. Heç olmasa , apteklərin yanında parklanma yerləri ayrılsın ki , 20 qəpiklik maskaya görə, əlilliyi olan şəxs 20 manat ödəməyə məcbur edilməsin. Sizdən müraciətimizin inzibati qaydada araşdırılmasını, bizim ağır tibbi-sosial durumumuzu nəzərə alıb, əlilliyi olan şəxslərə əsassız yazılan cərimələrin ləğvi üçün səlahiyyətlərinizdən yararlanmağı, BNA-nı durdurmağınızı diləyirik” Hörmətlə: Nurəddin İsmayılov Xaliq Abbaszadə Müşfiq İsmayılov Mirbaba Əhmədov Eldar Yusifov və b." Geri qayıt |