Əsas Səhifə > Siyasət, Manşet > Ağdam rayon sakini işsizlikdən şikayətlənir

Ağdam rayon sakini işsizlikdən şikayətlənir


15-04-2021, 09:47
Ağdam rayon sakini işsizlikdən şikayətlənir
Ağdam rayon sakini iş təminatı ilə bağlı rayonun dövlət qurumlarına müraciətlərinin cavabsız olduğunu bildirir.

Quzanlı qəsəbə sakini Nailə Poladova “Gözətçi”yə bildirib ki, 18 il Ağdam rayonunun Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıb.

“2016-cı ilin aprel ayında xəstəxanada 700 nəfərə yaxın işçi işdən azad edildi. Mənim də adım ixtisar olunanların siyahısına düşdü”.

Şikayətçinin sözlərinə görə, ixtisar olunanların bir çoxu işlə təmin olunduğu halda o, artıq 5 ildir işsizdir.

“Mən də yenidən işimə qaytarılmağım üçün dəfələrlə xəstəxananın baş həkiminə müraciət etdim. Təəssüf ki, şikatəyimə baxılmadı, halbuki, mənim ailə vəziyyətimin necə çətin vəziyyətdə olduğunu bilirdilər”.

Nailə Poladova deyir ki, oğlu hərbi xidmətdə təlim zamanı xəsarət alıb, hazırda ikinci qrup əlildir, təqaüd alır.

“Oğlum 130 manatlıq əlillik pensiyanı alır, o da yalnız onun dərmanlarına çatır. Ailədə üç nəfərik, heç kim işləmir, heç bir gəlirimiz də yoxdur. Həyat yoldaşım üç dəfə əməliyyat olunub. Əməliyyat pulunu ailəmizin öhdəliyində olan pay torpağını satmaqla əldə etmişik. Daha sonra yıxıldı, qol sümüyü sındı. Həkimin dediyinə görə bununla o ömürlük əmək qabiliyyətini itirdi”.

Məsələ ilə bağlı Ağdam rayon Məşğulluq İdarəsindən bildirdilər ki, şikayətçinin müraciəti araşdırılacaq.


Geri qayıt