Əsas Səhifə > Siyasət, Manşet > 6 saylı cəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?

6 saylı cəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?


17-03-2021, 09:26
6 saylı cəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?
Yardımlı rayonunun Arus kənd sakini, 32 yaşlı Azadə Qarayeva iki azyaşlı uşağını təkbaşına böyüdür. Həyat yoldaşı Dilqəm Qarayev üç ildir ki, həbsdədir. Deyir ki, bilmir, uşaqların yeməyinin, geyiminin dərdini çəksin, yoxsa həyat yoldaşının cəzaçəkmə müəssisəsindəki vəziyyətinin…

2018-ci ilin mayından həbsdə olan Dilqəm Qarayev 6 il azadlıqdan məhrum edilib. O, 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həyat yoldaşı danışır ki, imkansızlıqdan ilyarımdır onun yanına gedə bilmirlər: “Yardımlı hara, Bakı hara… Heç yolpulu tapa bilmirik, hələ başqa şeyləri demirəm. Yoldaşım məcbur olub, orada verilən yeməyini ümidinə qalıb, başqa əlac yoxdur”.

Uşaqlardan birinin 9, ikincisinin isə 8 yaşı var. Kiçik uşaq epilepsiya xəstəsidir. Anası deyir ki, ailə o uşağa görə verilən 200 manatlıq müavinətin ümidinə qalıb: “Kənd yeridir, iş yoxdur ki, işləyim. Olsaydı, işləyərdim, təki uşaqlarım qarın dolusu yemək yeyə bilsin, ehtiyaclarını ödəyim, yoldaşıma kömək eləyə bilim. İşdir, hər kəsin başına gələ bilər. 200 manat uşaqların həm yeməyi, həm geyimi, həm də məktəb ləvazimatlarıdır. Arabir 5-10 manat kənara qoyub, bir az pul toplayanda da yoldaşıma göndərirəm. O da uşaqlarla telefonla danışmağa sərf edir. Çünki uşaqlar ataları üçün çox darıxır. Ağlayırlar, danışmaq istəyirlər. O da məcburən pul verməli olur”.

6 saylı cəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?

Azadə Qarayeva deyir ki, həyat yoldaşı saxlandığı müəssisədə tez-tez də cəzalandırılır. Səbəb isə onun cəzaçəkmə müəssisəsində rüşvət hallarına, ayrı-seçkiliyə etiraz etməsi olur: “Yoldaşım həftədə bir dəfə pulsuz zəng eləyə bilir. Əlavə zəng üçün pul ödənməlidir. Yoldaşımın da pulu olmur, qalır belə. Uşaqlar da ağlayıb, özünü öldürür. O da atadır, dözə bilmir. Bundan əvvəl bir neçə dəfə əlavə zəng eləmişdi, telefon borcları yığılmışdı, ödəyə bilmirdi. Buna görə mübahisə yaranmışdı. Haqlı-haqsız, döyüb salırlar “karsa”. Axırıncı dəfə martın 10-da danışmışam onunla. Ayın 11-də eşitdim ki, yenə “karsa” salıblar. Bu günə qədər ondan xəbər yoxdur. Yəqin yenə döyüblər, bu qışın günündə soyuq yerdə saxlayırlar. Çox nigaranam…”

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7 maddəsində yazılıb ki, həbsdə olan şəxslərin həftədə iki dəfə 15 dəqiqəyə qədər telefonla danışmaq hüququ var. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun qohumlarının vəsaiti hesabına ödənilir.

Azadə Qarayevanın sözlərinə görə, həyat yoldaşının bu hüququ da pozulur: “Ona həftədə bir dəfə pulsuz danışmağa imkan verirlər. Bundan əvvəl onu “karsa” salıb cəzalandıranda qayınanam Penitensiar Xidmətə müraciət etmişdi. Oradan cavab gələn gün yoldaşımı da “kars”dan buraxdılar. İnanın, əgər pul olsa, verərik, nə uşaqlar əziyyət çəksin, nə də yoldaşım. Amma yoxdur. Bu zamanda 200 manatın ümidinə qalan, xəstə uşaqlar olan ailənin vəziyyətini təsəvvür eləmək çətin deyil…”



Geri qayıt