Əsas Səhifə > Siyasət, Manşet > Deputatın şirkəti ancaq narazılıq yaradır...
Deputatın şirkəti ancaq narazılıq yaradır...23-02-2021, 09:04 |
Əsas mövzuya keçməzdən öncə cəmiyyətimiz üçün çox vacib olan bir məsələyə nəzər salaq. Söhbət istehlakçıların, yəni mal-məhsul alanların, o cümlədən qazdan, sudan, işıqdan istifadə edənlərin və s hüquqlarının qorunmasından gedir. Beynəlxalq aləmdə bu çox ciddi məsələdir, hətta BMT-nin Baş Assambleyası “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsipləri” müəyyən edib və sivil dünya bunu çoxdan qəbul edib. İstehlakçı alacağı məhsulun sertifikatını tələb edə bilər, aldığı malı geri qaytara bilər və digər tələblər irəli sürə bilər. Düzdür, bizim qanunverici orqan da istehlakçıların hüquqları ilə bağlı qanun qəbul edib. Amma... Birincisi, qanunda istehlakçıların hüquqları ilə bağlı xeyli boşluqlar var. İkincisi, bizdə pis-yaxşı mövcud olan qanunların işləmə mexanizmi bərbad durumdadır. Sadə bir misal göstərək. İstelkaçının qaza, işığa, suya ödədiyi pul bitən kimi avtomatik xidmət kəsilir. Yaxşı, keyfiyyətsiz qaza, suya görə, yaxud saatlarla, bəzən günlərlə qaz, işıq, su kəsiləndə niyə istehsalçı istehlakçıya-vətəndaşa zərərə uyğun pul ödəmir ? Axı, qanun istehsalçı və istehlakçı arasında öhdəlikləri nəzərdə tutub. Yəni öhdəliklər ikitərəflidir. Bir misalla kifayətlənək. Londonda yaşayan həmyerlimiz deyir ki, bir qoca ingilisdən soruşdum ki, sizdə işıq tez-tez sönür? Qoca ingilis cavab verib ki, sonuncu dəfə 1943-cü ildə İkinci Dünya müharibəsində alman faşist təyyarələrindən qorunmaq üçün işıqları söndürmüşdülər. Bu uzun girişdən sonra keçək əsas mövzuya. Deməli, istehlakçıların ən hüquqlarının pozulduğu sahələrdən biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Bir çox elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan bu şirkət fırıldaqları, alıcıları aldatması ilə bağlı mətbuatda kifayət qədər yazılıb. Amma faydası olmayıb. Bu şirkətlə bağlı şikayətlər bitmək bilmir. Təsəvvür edirsiniz, gecə-gündüz televiziyada “Kontakt Home” mağazalar şəbəkəsinin məhsulları reklam olunur və şirkətin guya əhaliyə faizsiz kredit verməsindən bəhs edilir. Reklamda malın üstündəki qiymətin guya müştərilərə 12 ay müddətində faizsiz verildiyi qeyd olunur. Amma əslində 12 ayın pulunu hesablayanda malın üstündəki qiymətdən təxminən 30 faiz baha başa gəlir. Yaxşı bunun harası FAİZSİZ oldu ? Dünyanın hansı ölkəsində 30 % kreditlə məhsul satırlar ? Müştərilər dəfələrlə bu məsələni qaldıranda şirkətin rəhbərliyi cavab verib ki, bu faiz deyil, xidmət haqqıdır, yəni komissiya haqqıdır. Bu lap pis. 30 faiz xidmət haqqı olar ? Bu sual da açıq qalır. Şirkət rəhbərliyi deyir ki, bizdə xidmət haqqı 5-8 faizdir. Bəs yerdə qalan 22-25 faizi kimin ayağına yazaq? “Kontakt Home” şirkətinin satdığı mobil telefonlar da müştərilər üçün əsl baş ağrısıdır. Şirkətdən alınan mobil telefonlarda problem yarandığı zaman alıcı işgəncəyə məruz qalır. Belə ki, telefonu “Kontakt Home”-un rəsmi təmir mərkəzinə aparan zaman orada onu get-gələ salırlar və alıcı məcbur qalıb telefonunu başqa servisə aparır. Bu zaman o, həm pulsuz təmirdən məhrum olur, həm də əlavə xərcə düşür. Şirkətin digər məhsulları da keyfiyyətsiz olanda malı geri qaytarmaq olmur. Bir sözlə, şirkətin müştərilərə yaratdığı problemlər saymaqla bitən deyil. Bəs görəsən o boyda dövlət qurumu hara baxır. Söhbət İqtisadiyyat Nazirliyinin nəzdindəki İstehlakçıların Hüquqlarını qorumalı olan Dövlət Xidmətindən gedir. O Dövlət Xidmətində əyləşənlər maaşı haradan alır? Əlbəttə, dövlət büdcəsindən. Dövlət büdcəsi necə yaranır? Əlbəttə, vətəndaşların ödədiyi vergilərdən. Bəs vətəndaşın hüquqlarını niyə qorumursunuz, cənablar? //gundelik-baku.com// Geri qayıt |