Əsas Səhifə > Siyasət, Manşet > Sahil Babayevin işçiləri GÜL VURUR...

Sahil Babayevin işçiləri GÜL VURUR...


18-02-2021, 09:46
Sahil Babayevin işçiləri GÜL VURUR...
Bu barədə Gözətçiyə məlumat verən Mingəçevir şəhər sakini Anar Rəsulov bildirir ki, onun anası 1958-ci il təvəllüdlü Rəsulova Xədicə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şöbəsi tərəfindən vəfat etmiş şəxs kimi qeydiyyata alınıb. «Anam bu ay üçün əmək pensiyalasının keçmədiyini gördükdə mənə dedi. Mən isə ƏƏSMN-nin Mingəçevir şöbəsinə zəng edərək, anamın pensiyasının ödənilməməsinin səbəbini öyrənmək istədim».

Rəsulovun sözlərinə görə, qurumdan ona bildiriblər ki, onlarda bu pensiyaçı vəfat etmiş kimi qeyd olunub. «Soruşdum ki, sağ adamı, ölüm kağızı təqdim etmədən necə ölmüş kimi qeyd etmək olar? Mən sizdən şikayət edəcəm. Cavab verdilər ki, necə ölmüş kimi qeyd olunmağını bilmirik. Şikayət etmək istəsəniz nazirliyin qaynar xəttinə zəng vurun».

A.Rəsulov qeyd edir ki, qaynar xəttə nə qədər zəng vursa da düşə bilməyib. Bu səbəbdən o, yenidən ƏƏSMN-in Mingəçevir şöbəsinə zəng vuraraq məsələni ictimailəşdirəcəyini söyləyib. «Təxminən 40 dəqiqə sonra məni geri yığaraq deyiblər ki, qeydi düzəltdik, ancaq pensiyanı bu ay ödəyə bilməyəcəyik, gələn ay ikisini də birlikdə alarsınız. Soruşanda ki, gələn aya kimi bu pensiyaçı hansı pulla yaşamalıdır? Cavab veriblər ki, bizim edəcəyimiz budur».

Gözətçi.az portalı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq, lazımi tədbirlər görüləcək.

Geri qayıt