Əsas Səhifə > Siyasət, Manşet > Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR?

Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR?


8-02-2021, 09:45
Mexaniki sayğaclar kimin marağına XİDMƏT EDİR?
Azərbaycanda ötən ildən etibarən smart tipli qaz sayğacların mexaniki sayğaclarla əvəzlənmə prosesi başlayıb. İlin sonunda bu proses daha geniş vüsət alıb. Bununla bərabər sosial şəbəkələrdə vətəndaşların yeni quraşdırılmış sayğaclardan narazılığı müşahidə edilir. Vətəndaşlar iddia edirlər ki, mexaniki sayğacların göstəriciləri eyni dövr ərzində əvvəlki smart sayğaclardan daha çox qaz sərfiyyatını göstərir.

Vətəndaşların şikayətləri əsaslıdırmı? Sayğaclar niyə dəyişdirilir?

“Bu nə özbaşınalıqdır?”

Vətəndaş Vüqar İsgəndərli AzadlıqRadiosuna bildirib ki, keçən ilin dekabrın 18-də evində «Azəriqaz» İstehsalat Birliyi (İB) smartla olan sayğacı dəyişib, mexaniki sayğac quraşdırıb:

«Yanvarın 1-i çekdə 458 kub qazın ödənişi gəldi. 13 günə 82 manatlıq guya qaz işlətmişəm? Bu nə özbaşınalıqdır? Bu nə sayğacdır?»

V.İsgəndərli qeyd edir ki, evində smart tipli sayğac olanda 1 ay ərzində 45 manatlıq qaz işlədib:

«İndi 13 günə 82 manat borc gəlib. Yanvar ayının 1-dən 15-ə kimi isə 200 kub yazıb. Fərqə baxın 13 günə 458 kub, 15 günə isə 200 kub. Bu necə olur? 82 manatı necə ödəyim ilin-günün bu vaxtı? Sayğaclarda problem var».

Onun sözlərinə görə, «Azəriqaz» İB-yə şikayət etsə də ona heç bir problem olmadığını, iddiasının əsassız olduğunu bildiriblər.

«Azəriqaz» İB-dən cavab

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov “Turan” İnformasiya Agentliyinə bildirib ki, Azərbaycanda son illər ərzində paralel olaraq həmişə iki tip sayğacdan istifadə olunub:

«Həm mexaniki-elektron, həm smart tipli sayğaclardan. 2 milyon 325 min əhali abonentinin məndə son olan rəqəmə görə, 1 milyon 280 mindən bir qədər artığı mexaniki sayğac işlədir. Qalanlar isə smart tipli sayğacları. Mexaniki sayğaclardan həmişə istifadə olunub və smart sayğaclardan əvvəl ölkədə bu sayğaclar olub».

Qurumun rəsmisi qeyd edib ki, ölkədə smart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəzlənmə prosesi heç vaxt olmayıb:

«2020-ci ilin əvvəlində bu prosesə ona görə başlanılıb ki, ölkədə quraşdırılan smart tipli sayğacların istehsalçısı olan Fransa şirkəti tenderin qalibi olmayıb. Həm də ötən ilin mart ayından etibarən pandemiya ( koronavirus pandemiyası) ilə əlaqədar bizdə satınalmalar azaltmağa başladı. Ona görə smart sayğaclarının alışı demək olar ki, minimuma endi və dövlət yoxlanışı üçün smart sayğacları açarkən onlar mexaniki-elektron sayğaclarla əvəzlənirdi».

C.Səfərov qeyd edib ki, müştəri məmnuniyyətini daim üstün tutan «Azəriqaz» İB fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib:

«Yəni, abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər».

“Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı,...”

«Azəriqaz»-dan vurğulanıb ki, bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də fevralın 2-dən yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılır:

«Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq «Azəriqaz» İB belə addım atıb».

Almaniya sayğacları gətirilib

Qurumun sözçüsü qeyd edib ki, artıq əvvəlcədən ödənişli Almaniya istehsalı olan «Zenner» markalı yeni sayğacların 30 min ədədi ölkəyə gətirilib:

«Daha 30 min ədədi isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq. Hər gün istismara verilməzdən əvvəl sayğaclar Birliyin Metrologiya Departamentində müasir avadanlıqlarla təchiz olunan laboratoriyada sınaqdan keçirilir. Gündəlik təqribən 500 ədəddən çox sayğac əvəzlənmə əməliyyatları üçün hazır edilir».

«Azəriqaz» İB-dan əlavə olunub ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün isə 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır:

“ Bu proses tam ödənişsizdir”

Qurumdan habelə bildirilib ki, yeni sayğacların üstünlüyü onların istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmamasıdır. Üstəlik,bildirildiyinə görə, smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsi mümkündür.

Nazirlikdən deyilənlər…

Energetika Nazirliyi-ndən isə “Turan Agentliyinə bildirilib ki, son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar olduğunu nəzərə alıblar.Nazirliydən vurğulandığına görə, cari ilin 25-27 yanvar tarixlərində şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb:
Qeyd edilib ki, yoxlanma nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə keçirilib:

«Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub”

«Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən – Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib».

Qurumdan qeyd olunub ki, araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və «Azəriqaz» İstehsalat Birliyi hesabına yeniləri ilə əvəz edilib:

«Sayğacları əvəzlənmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər».

Nazirlikdən vurğulanıb ki, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb: «Bu sahədə nəzarət tədbirlərinin davam etdirilməsi və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur».

“Bunlarda sıfırlama prosesində problem var”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə AzadlıqRadiosuna bildirib ki, mexaniki sayğaclarda müəyyən problemlər var:

«Bunlarda sıfırlama prosesində problem var. Məsələn, dekabrın 31-də il qurtarır və il üçün ayrılan limit da qurtarır. Ancaq «Azəriqaz» hər il bu mexaniki sayğacların göstəricilərini yanvarın 5-də sıfırlayır. Bu 5 günü də qatır dekabrın göstəricilərinə. Mexaniki sayğaclar əksər rayonlarda var, orada da qaz sərfiyyatı limiti ötürdü. Həmin o 5 günü də 2 qat hesablanır. Bu da kifayət qədər pul deməkdir. Həmin məsələ hesabatlarımızda öz əksini tapıb ».

Hüquq müdafiəçinin deməsinə görə, smart tipli sayğaclar abonentlər üçün həm də ona görə uyğundur ki, onlar qaz sərfiyyatına nəzarət edə bilir: «Həmin sayğaclar əvvəlcə ödənişlədir və abonent prosesə özü nəzarət edir. Çexiyada isə sayğaclar mexaniki olsa da, ödəniş sistemi belə qurulub ki, abonent ilin əvvəlində depozit qoyur və ilin sonunda qazı satan idarə gəlir baxır. Əgər borcun qalıbsa bildiriş verir, həmçinin sızmanı və sair problemlərin olub-olmamasını yoxlayır».

“Həmin mexaniki sayğaclar qiymət artımının bir növüdür»

M.Qəhrəmanlı deyir ki, ötən ilin sonundan başlayaraq kimin smart tipli sayğacını mexaniki sayğacla əvəzləyiblərsə, hamısında problem var: «Tutaq ki, bir nəfər qazını çox işlətdi, bəs hamıda bu problem necə olur ki, baş qaldırıb? Necə olur ki, smart tipli sayğac mexaniki ilə əvəzləyəndə qaz sərfiyyatı artdı? Düşünürəm ki, indi alınan sayğaclar ya başqa təzyiqli qaza hesablanıb, ya da defekti var».

Hüquq müdafiəçi hesab edir ki, məsələni müstəqil ekspertlərdən ibarət qrup araşdırmalıdır:

« İndiki dəyişdirilmə «Azərqaz»-ın xeyrinədir. «Azəriqaz»-ın qiymət artımına ehtiyac yoxdur. Həmin mexaniki sayğaclar qiymət artımının bir növüdür».

Geri qayıt