Əsas Səhifə > Siyasət, Manşet > “Müqavilə bitən kimi adamı çıxarıb atırlar çölə”

“Müqavilə bitən kimi adamı çıxarıb atırlar çölə”


24-12-2020, 09:29
“Müqavilə bitən kimi adamı çıxarıb atırlar çölə”
“Rəhbərlik dəyişəndən sonra köhnə işçiləri çıxarıb, yerlərinə yenilərini götürürlər. İlin-günün bu çətin vaxtında nə kasıb anlayırlar, nə imkansız... İdarənin xeyli işçisini, o cümlədən, məni də işsiz qoyublar. Bir tərəfdən pandemiya vaxtında iş tapmaq çətinliyi, digər tərəfdən vətən uğrunda döyüşdə olan qohumlarımın məndən kömək gözləyən ailələri... Nə edəcəyimizi, dərdimizi kimə deyəcəyimizi bilmirik”. DİA.AZ bildirir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işdən çıxarılmış keçmiş mühafizəçisi İlkin Abbasov deyir.

İlkin Abbasov 2017-ci ildən idarənin mühafizə xidmətində çalışıb. Bu il oktyabrın sonunda onunla bağlanmış müqavilənin müddəti bitib və uzadılmayıb. Beləcə, İlkin Abbasov işini itirib.

“Tək mən deyiləm, xeyli belə işçi var idi ki, müqavilələrinin müddəti bitən kimi çıxarıb atdılar çölə... 3 il orda işlədim, bircə dəfə də məndən narazılıq olmadı. Bu məsələ bu ilin əvvəlindən başlayıb. İşçilərin müqavilə müddəti bitdikcə müddəti uzatmır, yeni müqavilə bağlanmır. Hər ay 3-4 nəfər işsiz qalır. Əslində bu işi idarənin direktoru Əsgər Ələkbərovun idarədə sektor müdiri işləyən yaxın qohumu Tahir Bağırov yönəldir. Tahir Bağırov istədiyi vaxt istədiyi işçinin fərmanını verməkdə azaddır. Direktor da araşdırmamış, onun bircə sözüylə işçini işdən çıxarır. Bir sözlə, Tahir Bağırov direktor qohumuna arxayın olub “at oynadır”. İşçiyə açıq şəkildə deyir ki, səninlə işləmək istəmirəm. Direktorun işi yalnız əmrə imza atmaqdan ibarətdir. Mənə bir neçə gün əvvəldən dedilər ki, növbə sənə çatıb, hazırlaş, oktyabrın 28-i son iş günün olacaq. Elə də oldu”.

İlkin Abbasov deyir, ailənin əsas qazanc gətirən üzvü olub, işsiz qalması ailənin durumunu da ağırlaşdırıb.

İdarənin digər işçisi Kamran Kərimov da işdən çıxarılıb. O, bir dəfə məhkəmə qərarıyla işinə bərpa olunsa da, müqavilə müddəti bitəndən sonra müddəti uzatmayıblar: “2016-cı ildən orda işləyirdim. Ərazinin müşahidə kameralarına nəzarət edirdim. Ötən il sentyabrın 20-də məni Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxardılar. Məhkəməyə müraciət etdim, məhkəmə işə bərpa iddiamı təmin etdi, dekabrın 20-də işə qayıtdım. Bu ilin yanvarında müqavilə müddəti bitdi, mənimlə yenidən müqavilə bağlanmadı. Halbuki, heç bir qüsurum, töhmətim olmamışdı, müqavilənin uzadılmaması üçün heç bir səbəb yox idi”.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, idarənin mühafizə xidmətində işləmiş hər iki əməkdaşla idarə arasında bağlanılmış əmək müqavilələrinin müddəti başa çatıb. Hər iki əməkdaşın fəaliyyətində ciddi nöqsanlar aşkar edildiyinə görə onlarla müqavilənin müddəti uzadılmayıb: “İlkin Abbasova 14.05.2019-cu il tarixində xidmətdə olarkən parklanmaya nəzarət etmədiyinə görə xəbərdarlıq, 15.05.2020-ci il tarixində xidmətdə olarkən mobil telefonla sosial şəbəkələrdən istifadə etdiyinə görə töhmət, 01.06.2020-ci il tarixində icazəsiz mühafizə etdiyi postu tərk etdiyinə görə töhmət, icazə verilməyən ərazidə parklanmaya şərait yaratdığı üçün töhmət və 08.06.2020-ci il tarixində xüsusi mühafizə olunan əraziyə kənar şəxsləri buraxdığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Ancaq o, töhmətlərdən və xəbərdarlıqdan nəticə çıxarmayıb.

Kamran Kərimova da işindəki nöqsanlara görə dəfələrlə şifahi xəbərdarlıqlar, 23.07.2019-cu il tarixində növbədə olarkən yatdığına görə töhmət elan edilib. İş keyfiyyətində heç bir müsbət dəyişiklik olmadığından əmək müqaviləsinin müddəti uzadılmayıb.Hər iki keçmiş əməkdaşın məhkəməyə müraciət etmək hüququ var”.

“Müqavilə bitən kimi adamı çıxarıb atırlar çölə”

Geri qayıt