Əsas Səhifə > Siyasət, Manşet > Əli Həsənovun qara günləri qabaqdadır...
Əli Həsənovun qara günləri qabaqdadır...8-05-2020, 10:09 |
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyi qurum daxilində yoxlamalar aparır. Artıq ciddi nöqsanların üzə çıxdığı deyilir. Bu, xüsusilə evlərin tikilməsi və jurnalistlərə mənzillərin verilməsi prosesi ilə əlaqəlidir. Əsas iddialardan biri odur ki, bəzi hallarda mənzillər jurnalistika ilə əlaqəsi olmayan insanlara paylanılıb. Fondda baş verənlərlə bağlı ötən yazılarımızda məlumat vermişdik. O yazıların birində Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Azər Həsrət bildirmişdi ki, jurnalistlərin mənzil problemini həll etmək üçün Prezidentin sərəncamı ilə tikilən binalarda jurnalistlər ilə yanaşı mətbuata dəxli olmayan şəxslər də yaşayırlar: “Orada, həmçinin KİVDF-də katibə işləyən bir xanıma da mənzil verilib”. Məqalədə KİVDF Müşahidə Şurasının keçmiş üzvü Müşviq Ələsgərlinin də fikirləri yer alırdı: “Mənzillərin verilməsində xüsusi komissiya iştirak edirdi. Müraciət edənlərin siyahısı Prezident Administrasiyasına təqdim edilirdi”. Maraqlıdır ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri mənzillərin verilməsi zamanı baş verən qanunsuzluqlardan danışırlar, KİVDF Müşahidə Şurasının keçmiş üzvü isə məsuliyyəti Prezident Administrasiyasının üzərinə atır. “Jurnalistlərin binası”nda jurnalistika ilə heç bir əlaqəsi olmayan insanlara da mənzillər verilibsə, bu, o deməkdir ki, həmin binaların tikintisinə vəsait ayıran dövlət başçısı Fondun idarə edilməsindəki nöqsanları görüb və qurumun rəhbərliyini dəyişmək qərarına gəlib. Axı, mənzillərin veriləcəyi jurnalistlərin siyahısını Administrasiyaya KİVDF təqdim edib. Media hüququ eksperti Ələsgər Əhmədoğlunun AYNA-ya dediyinə görə, baş vermiş qanunsuzluqlar barədə mediada yayılan məlumatlar prokurorluq orqanları tərəfindən hərtərəfli araşdırılmalıdır. Bəs, araşdırılırmı? Bu suala cavab tapmaq üçün Baş Prokurorluğun mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz nəticəsiz qaldı. Məsələ barədə fikirlərini AYNA-ya açıqlayan media mütəxəssisi Zeynal Məmmədli hesab edir ki, Mətbuat Şurası KİVDF-nin əməlləri barədə dövlət başçısını məlumatlandırlmalı idi: “Mətbuat Şurası mətbuatdan uzaq olan şəxslərə mənzil verlməsinə etiraz etməliydi. Ancaq Mətbuat Şurası bu qanunsuzluğu səssizcə müşahidə etməyi üstün tutdu”. Bəs, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu neqativ, qanunsuz məqamlardan xəbərdardımı? Jurnalistlər üçün tikilən binalarda, məsələn, KİVDF-də katibə işləyən xanıma mənzil verildiyini bilirdimi? Bilirdisə, onda niyə susurdu? Həqiqətən də Prezidentin təşəbbüsü bu cür addımlarla təxribata məruz qalmış oldu. Əflatun Amaşov 3 il əvvəl bizimlə söhbətində “katibə məsələsinə” maraqlı cavab vermişdi. Sən demə, həmin şəxs KİVDF-də katibə yox, mühasib işləyirmiş. Hər iki halda mənzili alan şəxs qələm əhli deyilsə, bunun nə fərqi var? Amaşov bu sualın cavabını “Facebook” üzərindən bizə göndərəcəyini vəd etdi və beləcə illər keçdi... Düzünü desək, Azərbaycan reallıqlarını bildiyimiz üçün, Amaşovun “Jurnalistlərin binası” mövzusunda müzakirələrdən niyə qaçdığının səbəbini başa düşürük. Bəli, Prezidentin təşəbbüsü bir çox həmkarımızı mənzil qayğısından xilas etdi. Ancaq o qədər neqativ hallar var ki, ixtiyarsız olaraq təəccüb yaranır: Belə humanist təşəbbüsü necə kölgələməyə çalışmaq olar? Əflatun Amaşov və Vüqar Səfərli dilə gətirmək istəməsələr də, gün kimi aydındır ki, mənzillərlə bağlı edilən bütün saxtakarlıqların arxasında onların "xaç atası" - Prezidentin keçmiş köməkçisi Əli Həsənov dayanır. Bununla bağlı çox yazılıb, danışılıb. Və gün gələcək ki, baş verən bütün saxtakarlıqlar məhkəmələrə daşınacaq. O zaman Amaşov da, Səfərli də “xaç atalarının” adını dilə gətirməyə məcbur olacaqlar. Prosesin daha maraqlı olacağı gözlənilir... //AYNA.AZ// Geri qayıt |