Əsas Səhifə > Siyasət, Manşet > "Xəbər tutduq ki, icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək..."
"Xəbər tutduq ki, icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək..."19-02-2020, 09:34 |
“Bu yaxınlarda xəbər tutduq ki, rayonun icra başçısı qonşu kəndə gəlib, qaçıb getdik ki, biz də dərdimizi deyək. Dedi, gedin, uzağı bir həftəyə sizin də kəndə gələcəm, sözünüzü deyərsiz. Ancaq gəlmədi”. DİA.AZ bildirir ki, Şabranın Ləcədi kəndinin sakinləri sosial problemlərdən danışırlar. Kəndlilərin deməsinə görə, əsas problemləri qaz, su, yol və məktəblə bağlıdır. “Ləcədi rayon mərkəzindən təqribən 15 kilometr aralıda yerləşir. Ancaq mərkəzdəki məmurlar burada yaşayan insanları sanki tamamilə dəftərdən siliblər”, - bunu kənd sakini Nəzakət Əmrullayeva deyir. Ləcədi dağ kəndidir. Meşələrin əhatəsində yerləşir. Kəndlilərin sözlərinə görə, həm bu, həm də ətrafındakı bir neçə kəndin istilik mənbəyi həmin meşələrdir. Əhali meşələrdən ağac kəsib, evlərini odunla isidirlər. Ancaq onlar bunun çıxış yolu olmadığını deyirlər: “Burda üç kənd meşədən odun daşıyır. Hər kənddə azı 30-40 ev var. Nə vaxta qədər meşələri qıracağıq, hökumət bir yolunu tapıb kəndlərdə istilik məsələsini həll etməlidir. Bir neçə kənd qışboyu meşənin odunu ilə isinir. Yayda da yemək, çay hazırlamaqda, hamam qızdırmaqda odundan istifadə edirik. Meşədə kəsməyə ağac qalmayıb”. Sakinlər deyir, daglardan axıb gələn bulaqlar da çoxdan quruyub. Bu üzdən də susuzluq hökm sürür, əhali suyu uzaq kəndlərdən daşıyır. Nəzakət Əmrullayeva sözünə davam edir: “Kənddə iki bulaq vardı, ikisi də qurudu. Yaşlı adamam, tək yaşayıram, su daşıyanım yoxdur. Qışın soyuğunda səhər su bardağını götürüb evdən çıxıram, ayağımı çəkə-çəkə bir neçə kəndi vurub keçirəm, bir də axşama yaxın bir bardaq su ilə qayıdıb evə çatıram. Susuzluqdan çimə bilmirəm”. Bu kənddə əhalinin əsas məğuliyyəti heyvandarlıqdır. Ancaq susuzluq bu təsərrüfatın inkişafına da mənfi təsirini göstərir. Kənd sakinlərinin bir arzusu da məktəblə bağlıdır. Ləcədidəki uşaqlar qonşuluqdakı Qələgəh kənd məktəbinə gedirlər, o məktəb də 9 illikdir. 9-cu sinifi bitirəndən sonra 10-11-ci sinifləri oxumaq üçün daha uzaq məsafədəki başqa məktəblərə üz tuturlar. Ləcədini az qala ətrafdan təcrid edən səbəblərdən biri də yol problemidir. Sakinlərin deməsinə görə, Ləcədidən Xaçmaz, Quba, Qusara olan yolu Gəndabdan keçir. Ləcədi ilə Gəndabın arası 8 kilometrlik yoldur. Ancaq yolun bərbad olması üzündən ləcədililər həmin rayonlara get-gəl edə bilmirlər. “Halbuki, ləcədililərin qohum-əqrabaları həmin rayonlarda yaşayır, üstəlik, heyvanlarımızı həmin rayonların bazarlarına çıxarırıq. Ümumiyyətlə, bu kəndin sakinlərinin əsas iş-gücü həmin rayonlardadır. Ancaq 8 kilometr Gəndab yolunu gedib-gəlmək olmur deyə, adamlar o istiqamətə getməkdə çətinlik çəkir”, - sakinlər deyir. Digər yolsa Qələgah kəndindən keçir. Bu yol əsas yola - Şabran-Pirəbədil yoluna yaxındır. Lakin o yola çatmaq üçün qət etməli olduqları aradakı 4 kilometrlik yol bərbad vəziyyətdədir. Geri qayıt |