Əsas Səhifə > Siyasət, Manşet > Nazim İbrahimovun qardaşının həbsi tələb olunur
Nazim İbrahimovun qardaşının həbsi tələb olunur7-02-2020, 08:07 |
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, işadamı Sahib İbrahimovun həbsi tələb olunur. O, 2018-ci ilin avqustunda həbs olunsa da, bir ay sonra ev dustaqlığına buraxılmışdı. Xeyli vaxtdır ki, məhkəməsi gedir. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, dələduzluq kimi əməllərdə günahlandırılır. İddia olunur ki, adamları inşa etdirdiyi çoxmərtəbəli binalarda ev satmaq adı ilə aldadıb, pulları alsa da, mənzillə təmin etməyib. Xüsusi lisenziya olmadan bina tikdirib, oradakı mənzilləri sataraq, həm qanunsuz sahibkarlıq edib, həm də 1 milyon yarım manata qədər vergi ödəməkdən yayınıb. Amma o, özünü təqsirli bilmir. Fevralın 6-da prokuror Sahib Ibrahimova 6 il şərti cəza istəyib. Bu da ev almaq istəyərkən pulunu da itirmiş zərərçəkənlərdən bəzilərinin etirazına səbəb olub. Zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xaqani İmanov deyir ki, prokurorun istədiyi cəza çox yüngüldür, zərərçəkmişlərə münasibətdə ədalətsizdir. Vəkil vurğulayıb ki, Sahib İbrahimov nə dövlətə vurulan ziyanı, nə də zərərçəkmişlərin pulunu ödəyib: "Bu Azərbaycan məhkəmə tarixində ən "ədalətli" cəza tələbidir. Biz təbii ki, bununla razılaşmırıq. Əgər məhkəmə də bu cür hökm çıxarsa, yuxarı instansiya məhkəmələrinə şikayət edəcəyik". Xaqani İmanov bildirib ki, Etibar Allahverdiyevə 162 min 400 dollar zərər vurulub. Sahib İbrahimov mənzil almaq istəyərkən aldanan vətəndaşların bir qismini evlə təmin edib, bəzilərinə pulunu qaytarsa da, nə ev, nə də pulunu ala bilməyən zərərçəkənlər də var. İttihamda göstərilir ki, Sahib İbrahimov mənzil tikintisi ilə məşğul olan “STS” şirkətinin 95 faiz, "Sahil-D Company” şirkətinin isə 25 faiz payçısı olub. İttihamda söhbət 52 nəfərə dəymiş 2 milyon manata yaxın ziyandan gedir. İttihamda o da qeyd olunub ki, lisenziya almadan Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında ikibloklu yaşayış binası tikilib. "Galaxy Palace" MMC-nin inşa etdiyi həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə olunub. Amma gəlirdən vergi ödənilməyib. Sahib İbrahimov bununla razılaşmır. O deyir ki, Həsən Əliyev küçəsindəki binada olan obyektlər satış üçün nəzərdə tutulmayıb. Onlar sökülən binanın sakinlərinə verilib. Təqsirləndirilən işadamının sözlərinə görə, həmin sakinlərin prokurorluqda bu haqda verdikləri ifadələr də var: "Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyev küçəsində inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Onlar da razılaşdı. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi işçiləri də həmin qiymətlərə görə vergi hesablayıb. Halbuki, mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə, başqa ünvana köçürmüşəm. Amma binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi, milyon yarım da vergi ödəməliyəm? Pulumu nə vaxt alsam, ödəyərəm". Keçmiş Karl Marks dairəsi ətrafında illər öncə xeyli bina söküldü. Onların arasında beşmərtəbələr, paytaxtın ilk 16-mərtəbəli binasıyla yanaşı, yeni inşa olunmuş iki çoxmərtəbəli bina da vardı. O zaman yayılan söz-söhbətə görə, yaxınlıqda prezident iqamətgahı inşa olunduğundan həmin çoxmərtəbəli binalar sökülürdü ki, kənardan iqamətgahın daxili görünməsin. Amma sonradan həmin ərazidə kiçik şəhərcik salındı, orada çoxlu villalar tikildi. Xüsusi girişli həmin şəhərciyin adı da "Baku City Villas" oldu. Sahib İbrahimovun digər qardaşlarından Tağı İbrahimov "Azad Azərbaycan" teleradio şirkətininin keçmiş prezidenti, İbrahim İbrahimov (Nehrəmli) isə "Avesta" şirkətinin rəhbəri, "Xəzər adaları" layihəsinin (Xəzər dənizinin sahilində süni adalarda salınmış yaşayış məntəqələri) müəllifidir. Sahib İbrahimovun iş ofisi də qardaşına məxsus "Avesta" şirkətinin binasında olub. Zərərçəkmişlərin bir neçəsi onunla orada görüşdüklərini bildiriblər. Geri qayıt |