Əsas Səhifə > Siyasət, Manşet > Fazil Məmmədov və Aydın Əliyev HƏBS OLUNA BİLƏR
Fazil Məmmədov və Aydın Əliyev HƏBS OLUNA BİLƏR5-02-2020, 09:20 |
Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən ölkə başçısı İlham Əliyev bildirib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: "Vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi". Hurriyyet.org-un məlumatına görə, prezident onu da qeyd edib ki, kölgə iqtisadiyyatına göz yumulmamalıdır: "Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz". Beləliklə, ölkə başçısının çıxışından da aydın şəkildə görünür ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi 2019-cu ildə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait toplayıb. Prezidentin də bildirdiyi kimi, həmin dövrə qədər isə bu pullar kiminsə cibinə gedirdi. İndi isə gəlin baxaq görək, ölkə başçısının qeyd etdiyi dövrdə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə kimlər rəhbərlik edib. Heç kimə sirr deyil ki, Fazil Məmmədov nə az, nə çox düz 17 il ölkənin vergilər naziri, Aydın Əliyev isə 12 il Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Buradan da belə qənaətə gəlmək olar ki, 2019-cu ildə proqnozdan əlavə toplanan 1 milyard manat həmin dövrə qədər Fazil Məmmədov və Aydın Əliyevin cibinə gedib. Düzdür, bunun əksini iddia edənlər də ola bilər. Lakin sözügedən dövrə qədər Fazil Məmmədovun ölkənin vergilər, Aydın Əliyevin isə gömrük sisteminə rəhbərlik etdiyini nəzərə alsaq, belə çıxır ki, indiyə qədər müxtəlif yollarla büdcədən kənarda qalan 1 milyard manatın məsuliyyəti məhz adıçəkilən şəxslərin üzərindədir. Bu isə onların həbs təhlükəsi ilə üzləşmə ehtimalını birə-beş artırır. Ölkə başçısının da dediyi kimi, hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Odur ki, Fazil Məmmədov və Aydın Əliyev tez bir zamanda hüquq-mühafizə orqanlarına, o cümlədən digər müvafiq qurumlara hər il büdcədən kənarda qalan 1 milyard manatın hesabatını verməlidir. Geri qayıt |