Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun ən yaxın adamları hərəkətə keçib
Eldar Mahmudovun ən yaxın adamları hərəkətə keçib10-01-2020, 09:11 |
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov təxminən ay yarım öncə həbsdən buraxılsa da, yenə narazıdır. O, bəraət almaq istədiyindən, haqqında çıxarılmış hökmdən apelyasiya şikayəti verib. (Azadliq.org). Ancaq Vüqar Mahmudov özünü günahkar saymır. Apelyasiya şikayətində də Bakı Hərbi Məhkəməsinin hökmünün ləğvini, ona bəraət verilməsini istəyir. Hökmdə həmçinin qeyd edilirdi ki, V. Mahmudova məxsus əmlaklar müsadirə olunub. Görünür, sabiq MTN əməkdaşı onların qaytarılmasını da istəyir. Keçmiş nazirin əmisi oğlu 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Prokuror məhkəmənin sonunda çıxış edərək V. Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini istəyib. V.Mahmudov özü son söz deməkdən imtina edib. Ona sonda suçlandığı maddələrdə nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib - 2 il həbs. Bu müddət də tamam olduğu üçün o, noyabrın 28-də məhkəmə zalından azadlığa buraxılıb. V.Mahmudovun işində zərərçəkmiş kimi tanınan üç nəfər də hökmdən narazıdır. Onlar deyirlər ki, heç bir cinayət törətmədikləri halda, vaxtilə MTN-də hədə-qorxu ilə pullarını alıblar. O pulları indi geri istəyirlər. Zərərçəkmişlər V.Mahmudova qarşı mülki iddia qaldırsalar da, rədd cavabı alıblar. Yanvarın 8-də məhkəmədə V.Mahmudovun vəkili deyib ki, birinci instansiya məhkəməsi bir sıra məsələləri araşdırmadığından, apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların tədqiqi və s.) baxılmalıdır. Amma hakimlər məhkəmə istintaqı aparmağa razılıq verməyiblər. Sabiq MTN polkovnikinin işinə yanvarın 22-də baxılacaq. Yada salaq ki, bu ilin sonunda - konkret olaraq dekabrın 19-da Ali Məhkəmədə Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə keçirilib. Hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən proses yanvarın 30-na qədər təxirə salınıb. A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov və Səlim Məmmədova (o cümlədən Akif Əliyev və Orxan Osmanova) məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən 2 ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var. Onlar isə göründüyü kimi, bu qərarlarla razılaşmır. “Yeni Müsavat” Geri qayıt |