Əsas Səhifə > Siyasət, Manşet > "Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi"
"Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi"9-01-2020, 10:02 |
Hurriyet.org saytının Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından yaydığı “Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü, tapşırıqları Əli Həsənovdan alırdım” açıqlaması son iki günün ən qalmaqallı hadisələrindən biri oldu. Hürriyet.org saytının təsisçisi Vüqar Məmmədov bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”. Saytın baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək bildirib ki, sözügedən material redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib. Qeyd edək ki, xəbərin sensasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında yayılmasına səbəb olub. Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, bu hadisə seçki kampaniyasında ADP-nin bütün namizədlərinə qarşı qurulan qara piar idi, həm də seçki prosesində aranı qarışdırmağa hədəflənib: “Haker hücumu təşkil ediblər. Dörd saat ərzində ”Hürriyyət"in moderatoru sayta girə bilməyib ki, həmin saxta yazını oradan çıxarsın. Biz DTX-ya və Rabitə Nazirliyinə müraciət edəndən sonra sayta haker hücumu, bloklama aradan qalxıb. Bundan sonra saytın admini həmin saxta yazını saytdan silə bilib. Yəni faktiki olaraq bu, bizə qarşı təşkil olunmuş aksiya idi. Biz DTX-ya müraciət etmişik ki, bu aksiyanın arxasında kimin, hansı qüvvənin dayandığını araşdırıb tapsınlar". Sərdar Cəlaloğlu hesab edir ki, seçki dövründə belə bir təxribatın təşkil edilməsi həm də prezident İlham Əliyevin demokratik seçki keçirmək siyasətinə qarşı bir addım idi: “Son 10 gündə ”Hürriyyət"in saytına 8 dəfə haker hücumu olub. Sonuncu hücum da bu oldu. Belə çıxır ki, bunu edə bilənlər sabah dövlətimizə qarşı da hansısa çox böyük zərbə vuran materialları saytlara yerləşdirə bilərlər. Ona görə də müvafiq dövlət qurumları bu məsələni çox ciddi araşdırmalıdır və tədbir görməlidirlər. Bizdə məlumat var ki, icra başçılarına, məktəb direktorlarına seçkiyə hər hansı şəkildə müdaxilə etməməklə bağlı tapşırıqlar verilib. Şəxsən bizim imzatoplama kampaniyamıza bir dənə də olsun maneçilik törətməyiblər. Başqa yerlərdən də imzatoplama prosesinə maneələrin olmadığı barədə xəbərlər alırıq. Bu da onu deməyə əsas verir ki, seçkilərə müdaxilə edilməməsi barədə dövlətin rəhbərliyinin iradəsi var. Amma belə görünür ki, hansısa qüvvələr seçki kampaniyasının gedişində saxta yazılar yaymaqla müsbət prosesi pozmağa çalışırlar. Çünki faktiki olaraq bir müxalifət partiyasının, onun liderinin nüfuzuna seçki kampaniyasının gedişində zərbə vuran təxribat həyata keçirilib. Bunu edənlər tapılmalıdır". Sərdar Cəlaloğlu onu da qeyd etdi ki, Əli Həsənovla hələ Azərbaycan Demokrat Partiyası təsis edilməmişdən xeyli öncə tanışlığı, yaxşı münasibətləri olub: “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov Moskvada oxuyanda mən oraya getmişdim. O zaman azərbaycanlı tələbələr Azərbaycan nümayəndəliyinə toplaşmışdılar. Mən orada çıxış etdim. Əli Həsənov da tələbə kimi orada idi. 1990-cı ilin əvvəlində isə Əli Həsənov təhsilini başa vurub, Naxçıvana gəldi. Orada görüşdük. Hətta Əli Həsənov bizim mitinqlərdə çıxış eləmək istəyirdi. Yəni onunla bizim təmaslarımız, münasibətlərimiz hələ Azərbaycanın müstəqilliyi bərpa olunmazdan öncələrə qədər gedib çıxır. Bir-birimizə dost, yoldaş kimi hörmətimiz var idi. Heydər Əliyev hakimiyyətə gələndə Əli Həsənov Heydər Əliyevin adından mənə və Qurban Məmmədova hakimiyyətdə təmsilçilik təklifini gətirmişdi. Biz isə təklifə görə təşəkkürümüzü bildirdik və Əbülfəz Elçibəyi müdafiə etdik. Bundan sonra da Əli Həsənovla Qurban Məmmədov dostluq münasibətlərini davam etdiriblər. Əli Həsənovun Prezident Aparatının İctimai-siyasi şöbəsinə vəzifəyə gəlməsindən sonra təkcə mənimlə yox, üzdə olan bütün siyasi partiya liderləri ilə təması, görüşləri, danışıqları olub. Mənimlə də telefon əlaqələri saxlayıb. Bizim təsisçisi olduğumuz media orqanlarında gedən dövlətçiliklə, mühüm siyasi məsələlərə bağlı öz fikirlərini bildirib, yaxud təkzib edib. Bir də əlaqələrimiz olub itqidar-müxalifət dialoqunun təşkili məsələlərində. Əli Həsənovun vəzifəsinin tələbi bu idi ki, siyasi partiyalarla əlaqə qursun. Əli Həsənovun yaxınları vəfat edəndə yasına getmişəm. Əli Həsənov da mənim qardaşımın oğlu şəhid olanda, qardaşım vəfat edəndə hökumət adından mənə zəng edib başsağlığı verib. Yəni bu cür sıx əlaqələrimiz olub. Bütün bunlar tamamilə normal və təbiidir". Geri qayıt |