Əsas Səhifə > Siyasət, Manşet > Lerikdə İqbal Məmmədov erası bitir:

Lerikdə İqbal Məmmədov erası bitir:


7-12-2019, 11:05
Lerikdə İqbal Məmmədov erası bitir:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-na təyin edilib.

OnlinePress.az xəbər verir ki, növbədənkənar parlament seçkilərin elan edilməsi ilə müxtəlif dairələr üzrə iddialı namizədləri də fəallaşıb. Artıq sosial mediada bir sıra namizədlər öz iddialarını ortaya qoyublar. Ən çox maraq doğuran dairələrdən biri də 79 saylı Lerik seçki dairəsidir. Çünki bu dairənin hazırki deputatını parlamentin ən qalmaqallı millət vəkillərindən biri hesab etmək olar. Deputatdan çox iş adamı kimi tanınan İqbal Məmmədovun adı indiyədək bir sıra skandal hadislərdə hallanıb.

Son olaraq İqbal Məmmədov oğlu və sahibi olduğu “Relax” İstirahət Mərkəzi işçilərinin vergi əməkdaşlarına hücumu ilə gündəmə gəlmişdir. Bu xüsusda son xəbər deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılması ilə bağlıdır.

Hazırki deputatın ətrafında baş verən bu hadisələr onun yenidən millət vəkili seçilməsi şanslarını minimuma endirib.

Bu şəraitdə Lerikin yeni deputatının kimliyi ilə bağlı siyasi kluarlarda və sosial mediada ciddi müzakirələr gedir. Lerikdən deputatlığa namizəd kimi, məşhur iş adamı, “Mətanət A” şirkətinin sahibi Elxan Bəşirov və tanınmış gənc, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının adı hallanır.

Xatırladırıq ki, Elxan Bəşirovun hələ bir il qabaq bütün biznesini öz adından çıxararaq, seçkilərdə iştirakla bağlı açıq iddiasını ortaya qoymuşdu.

Namizəd kimi adı hallanan Fərid Şahbazlı isə Lerikdə vergi əməkdaşlarına hücum insidentindən sonra İqbal Məmmədovu sərt tənqid edərək, onun lerikliləri təmsil etmək üçün mənəvi haqqını itirdiyini bəyan etmişdi. Fərid Şahbazlı Lerikin icra başçısı Rövşən Bağırov tərəfindən dəstəkləndiyi iddia olunur.

Hər halda gələn informasiyalar Lerikdə seçkilərin olduqca maraqlı və gərgin olacağını vəd edir.

Geri qayıt