Əsas Səhifə > Siyasət, Manşet > “Sosial yardım versəydilər, kommunal xərcləri ödəyərdik”
“Sosial yardım versəydilər, kommunal xərcləri ödəyərdik”21-11-2019, 09:14 |
Bərdənin Əmirli kəndində Elyasovları buranın ən imkansız ailəsi kimi tanıyırlar. DİA.AZ bildirir ki, Elgün Elyasovun həm özü, həm də böyük qızı xəstəlikdən əziyyət çəkir… Elgün inkişafdan qalıb, yeniyetməliyinin bir dönəmindən sonra boyu artmayıb. Üstəlik, ayağının biri digərindən uzundur. Deyir ki, ailə həyatı qurandan sonra dərdi bir az da artıb. 7 yaşlı qızı Həcər autizmdən əziyyət çəkir: “Danışmır, eşitmir. Hələ indi hardansa tuta-tuta bir az addım atmağa çalışır. Aclıq hissini də itirib. Biz yemək verməsək, acından ölər. Ac olub-olmadığını biz müəyyənləşdiririk”, – Elgün danışır. Ata uşağı dəfələrlə Bakıya müalicəyə apardıqlarını deyir. Əmisi Əbdülsalam Məmmədov söhbətə qoşulur. Dərmanların çox baha olmasından danışır: “Birinci dəfə Bakıya gedəndə heç xərcimiz çıxmadı. Heydər Əliyev Fonduna məktub yazmışdıq, köməyimizə gəldi. Uşaq Nevroloji Xəstəxanasında 10 gün müalicə aldı. Amma yazılan reseptlərə uyğun dərmanları özümüz alırıq. İstər-istəməz hər səfərdə xərçimiz çıxır”. Elgün deyir ki, axırıncı dəfə əmisi dərmanlara 98 manat verməli olub. O, kömək etməsə, Həcəri heç müalicə elətdirə bilmirlər: “Mən özüm də müalicə olunmalıyam. İmkansızlıqdan heç bu haqda danışmıram”. Elgünün anası Həcər Elyasova çox pis dolandıqlarını bildirir. Çünki uşağa ikinci qrup əlil olduğuna görə verilən 130 manatdan başqa evə pul gəlmir: “Bu pulla dörd adam dolana bilməz. İnanın, onu elə uşaqların pampersinə, yeməyinə xərcləyirik. Nə vaxt ət yediyimiz yadıma gəlmir. Qaz pulunu verə bilmirik, kəsirlər. Çarəmiz kəsilir, odun tapıb yandırırıq. Sosial yardım versəydilər, heç olmasa, kommunal xərcləri ödəyərdik”. Əbdülsalam Məmmədov deyir ki, heç düz-əməlli işıq, su da olmur. Suyu camaat motorlarla yerin təkindən əldə edir. Bir az külək əsən kimi işıqlar sönür. Həm işıqsız qalırlar, həm də susuz: “Keçən il su olmayanda camaat Bərdədən su daşıyıb gətirirdi. Bayaqdan işıq da yox idi, sizdən bir az əvvəl yanıb”. Həcər Elyasova pensiyaya çıxacağı günü səbirsizliklə gözləyir. Qadın bunun ailəyə az da olsa, köməyi dəyəcəyini düşünür. Deyir ki, həyat yoldaşını itirməsi vəziyyətlərini lap ağırlaşdırıb: “Sirkdə işləyirdi. Lap bu gündə yaşamırdıq. Mən neçə dəfə əməliyyat olunmuşam. Kənd camaatı üç-beş manat yardım eləməsəydi, öləcəkdim. Evimiz başımıza uçur. Zəlzələ vaxtı zədələnmişdi. Erməni mərmiləri də çox zərər vurdu”. Elgün deyir ki, çox iş axtarıb, tapa bilməyib. Əmisi isə vurğulayır ki, buralarda iş axtarmağın mənası yoxdur: “Gedib onun-bunun mal-qarasına baxır. Başqa heç bir iş yoxdu. Kənddə nə iş olacaq ki?! Lap kənddə nə əksən də, pula getmir. Yonca əkirik, heç sata da bilmirik”. Səhhəti Elgünə işləməyə imkan vermir. Amma deyir ki, iş axtarmağa davam etmək fikrindədir. Həcər xanım yenə kənd camaatından razılıq eləyir: “Bəzən Elgünü görəndə cibinə 5-10 manat pul qoyurlar…” Geri qayıt |