Əsas Səhifə > Siyasət, Manşet > Hansı icra başçısı qəbul günlərində dəyişiklik edib?
Hansı icra başçısı qəbul günlərində dəyişiklik edib?6-11-2019, 08:57 |
Bir neçə gün əvvəl Xaçmaz rayonu İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayev qəbul günlərində dəyişiklik edib. Belə ki, Elnur Rzayev qəbul günlərini ləğv edib, artıq iş günlərində icra hakimiyyətinə gələn hər bir vətəndaş icra başçısı tərəfindən qəbul ediləcək. Qeyd edək ki, bundan əvvəl icra başçısı vətəndaşları həftənin 5-ci günü qəbul edirdi. Maraqlıdır, digər rayon icra hakimiyyətlərində qəbul günləri ilə bağlı hansısa dəyişiklik varmı? Məsələ ilə bağlı Cebhe.info rayon icra hakimiyyətləri ilə sorğu keçirib. Tovuz rayon İcra Hakimiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, rəsmi qəbul günü cümə günü olsa da, vətəndaşlar həftəiçi də icra başçısının qəbulunda ola bilir: “Tovuz rayonu İcra Hakimiyyətində icra başçısı hər həftənin 5-ci günü vətəndaşları qəbul edir. Qəbul günü həmişə belədir, hazırda da heç bir dəyişiklik edilməyib. Lakin bunun rəsmi qəbul günü olmasına baxmayaraq, vətəndaşlar istədikləri vaxt icra başçısının qəbuluna gələ bilirlər. Ara günlər kim istəyirsə, müraciət edə bilər. Demək olar ki, həftəiçi hər gün müraciətlərinə baxılır. Kim gəlirsə, icra başçısı geri çevirmir, qəbul edib məsələyə aydınlıq gətirməyə çalışır”. Qazax rayon İcra Hakimiyyətindən verilən məlumatda da iş günlərində vətəndaşların geri qaytarılmadığını diqqətə çatdırılıb: “Qəbul günlərimizdə heç bir dəyişiklik yoxdur, hər həftənin 5-ci günü qəbul günüdür. Bizdə ümumi qəbul günü 5-ci gün olsa da, başqa günlərdə də gələn vətəndaşlar rahatlıqla qəbula girə bilirlər. Qəbul zamanı əsas üstünlük şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilir. Proqramda boş yerlər varsa, digər günlər də vətəndaşlar rahatlıqla qəbul olunur. Ara günlər vətəndaşlar geri qaytarılmır”. Şamaxı rayon İcra Hakimiyyəti nümayəndəsi isə rəsmi qəbul gününün çərşənbə günü olduğunu deyib. Lakin çərşənbə axşamı da icra başçısı tərəfindən kənd və qəsəbələrdə qəbul həyata keçirilir: “Şamaxı rayonu İcra Hakimiyyətində hər həftənin 3-cü günü aparatda vətəndaşların qəbulu keçirilir. Qəbul əvvəlcədən yazılma qaydasında olur. Əvvəlcə vətəndaşların adı və müraciəti qeydə alınır. Daha sonra isə icra başçısı ilə fərdi şəkildə görüşlər keçirilir. Qəbul günündə heç bir dəyişiklik yoxdur, 3-cü günlər "Açıq qapı" günüdür. Vətəndaşlar həmin gün bütün mövzularda icra başçısının qəbulunda ola bilərlər. Həftənin 2-ci günləri isə icra başçısı tərəfindən yerlərdə - kənd və qəsəbələrdə qəbul keçirilir. Bu, səyyar qəbul şəklində olur, ya inzibati binalarda, ya da açıq havada bütün vətəndaşlar qəbul edilir”. Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı qəbulu ancaq həftənin bazar ertəsi həyata keçirir və bunda heç bir dəyişiklik yoxdur: “Qəbul günü hər həftənin birinci günüdür. Hazırda bununla bağlı heç bir dəyişiklik edilməyib”. Geri qayıt |