Əsas Səhifə > Siyasət, Manşet > Bu adam rayonu rəsmən xaraba qoyub...

Bu adam rayonu rəsmən xaraba qoyub...


2-09-2019, 09:40
Bu adam rayonu rəsmən xaraba qoyub...
…Biz Tovuzun mərkəzinə gələndə elə bildik ki, Suriyanın Hələb şəhərinə daxil olmuşuq. Mənzərə bu qədər acınacaqlı idi: tör-töküntü, zibillik, səliqə-sahman yox, yollar darmadağın, küçə adları divarlardan qopub tökülüb, hər yer bomboz, abadlıq-quruculuq işləri getmir, bir sözlə, ürəkaçan bir Tovuz görmədik. Halbuki, qonşu Gəncə, Şəmkir, Qazax bu rayonla müqayisədə çox irəliləyişdədir.

Şəhər sanki müharibədən çıxıb və xarabalığa çevrilib. Hətta baxımsızlıq o həddə çatıb ki, Tovuz Rayon İcra Hakimiyyətinin binasının qarşısındakı suyu qurumuş, içi zir-zibillə dolmuş fontana, RİH-nin arxasındakı Nizami küçəsinə belə nəzər yetirilməyib.

Ən gülməlisi budur ki, İH heç öz rəsmi saytında da “abadlıq” işləri aparmağı yaddan çıxarıb. Tovuz İH saytında icra başçısı Məmməd Məmmədovun məlumat bölməsində onun şəkili belə yerləşdirilməyib. Heç olmasa özünüzə hörmət qoyun, başçının şəklini saytda göstərin…

Reportyor.info üçün reportaj hazırlayarkən şahid olduq ki, küçədə Nizami adı yazılan trafaret qopub, yol dağılıb, ətraf antisanitariyadır.

Sakinlər bizimlə söhbətində qeyd etdilər ki, bütün bu biabırçılıqlar qısa zaman ərzində baş verib. Onların sözlərinə görə, yeni icra başçısı təyin olunması və Məmməd Məmmədovun bu vəzifəyə gəlişi tovuzluların sevincini qursağında qoyub, əhalinin həyatını zəhərə döndərib.

Tovuzlular deyirlər ki, təzə başçı təyin olunanda ümidlənmişdilər, M.Məmmədovun rayonda yenidənqurma işləri aparacağını gözləyirdilər.

Amma yeni icra başçısı camaatı kor-peşman edib, sakinlər keçmiş rəhbər Tofiq Zeynalova şükür edirlər. Çünki yeni RİH başçısı Tovuzda əlini ağdan qaraya vurmayıb, əksinə, rayon onun dövründə daha da baxımsız olub.

Rayonu gəzərkən görürük ki, nə yeni bir tikili var, nə binaların fasadları üzlənib, heç olmasa boya belə vurulmayıb. Tovuz çox solğun görsənir.

Məsələn, Gəncə və Şəmkirdən abaddır, yollar asfaltdır, küçələr təmiz, yarışıqlı, binalar işıqlıdır. M.Məmmədov isə Tovuza rəhbərlik etdiyi bu müddətdə hər hansı abadlıq işləri görməyib.

Sakinlər istehza ilə söyləyirlər ki, İH-nin qabağındakı fontanın bərbad vəziyyətini, Nizami küçəsinin gününü görməyən icra başçısı başqa yerlərə heç gözünün ucu ilə baxmaz.

M.Məmmədov hər gün işə gedərkən o fontanı görür, içində “üzən” üçrəngli bayrağımızı ordan götürdə bilər, təmizlik aparılmasına göstəriş verə bilər. Bu da azmış kimi, İH-nin yanındakı Heydər Əliyev Mərkəzinin binası da oluqca köhnə, baxımsızdır, başçının laqeydliyinin nəticəsidir.

Müşahidələrimizə əsasən deyə bilərik ki, Tovuzun parkları da bərbad gündədir. Camaatın istirahəti, uşaqların oynaması üçün heç bir şərait yoxdur: attraksionlar köhnə, skamyalar dağılıb-tökülüb və s.

***

Tovuzda ağır vəziyyət təkcə rayon mərkəzində müşahidə olunmur. Kəndlər daha dəhşətli problemlərlə üzbəüz qalıblar. Rayonun yeni yaşayış massivləri, kəndləri işıq, qaz, su çətinliklərinin girdabında boğulur.

Kəndlərdə tez-tez işıq kəsilir, rayon tamamilə qazlaşmayıb. Ən əsası isə sakinlərin torpaqların suvarılması ilə bağlı qarşılaşdığı işgəncədir.

Əkin-biçinlə məşğul olanlar danışırlar ki, Yezid ibn Müaviyə belə İmam Hüseynin külfətinə qarşı bu cür qəddar olmayıb.

Məhərrəm ayının gəldiyini deyən Tovuz kəndlərinin sakinlərindən öyrənirik ki, susuzluqdan bu il heç nə yetişdirə, becərə bilməyiblər.

Çünki torpaqların suvarılması ilə bağlı məqsədli şəkildə problem yaradılıb, kəndlilər susuz qoyulub. Bu da ona hesablanıb ki, susuz qalan kəndlilər məcburiyyət qarşısında torpaqlarını dəyər-dəyməz qiymətə satsınlar.

Hə, bax, burada sual yaranır ki, bəs torpağı kəndlilərdən alanlar kimlərdir və onlar necə sahələri suvarırlar?

Bizimlə söhbətində kəndçilər bildirdilər ki, bütün bu hiylənin və özbaşınalığın arxasında Tovuzun icra başçısı Məmməd Məmmədov dayanıb.

Sakinlər bildirirlər ki, icra başçısı kəndləri, sahələri susuz qoyub, onun tapşırığı əsasında torpaqların sulanması üçün su verilmir.

Bu vəziyyət bir müddət davam edib və çarəsizlikdən torpaqlarını satan kənd camaatının ərazilərini icra başçısı özü alıb.

Deyilənə görə, M.Məmmədovun Tovuzda hektarlarla torpağı var və o, əsasən kartof, soğan, bostan bitkiləri əkdirir.

Tovuzlular bildirirlər ki, bu zülmü Allah götürməz və onların başına gətirilən müsibətin memarı icra başçısıdır.

Sakinlər keçmiş başçı T.Zeynalovun ölənlərinə rəhmət oxuyurlar ki, onun vaxtında kəndli torpağını əkirdi – becərirdi, insanlar belə incidilmirdi.

İndi istərsə şəhərdə yaşayan, istərsə kəndlərdə çörəyini torpaqdan çıxarmağa ümidini bağlayanlar, bütünlüklə Tovuz camaatı prezident İlham Əliyevi rayona dəvət edirlər.

Onlar prezidentdən xahiş edirlər ki, Tovuzda genişmiqyaslı abadlıq-quruculuq işlərinin başlanması barədə icra başçısına göstəriş versin, kəndlilərin suvarma problemi aradan qalxsın.

Sakinlər ümid edirlər ki, “Su və Meliorasiya Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə və kənd təsərrüfatı naziri İnam Kərimov da məsələyə diqqət yetirəcəklər.

Bu adam rayonu rəsmən xaraba qoyub...
Bu adam rayonu rəsmən xaraba qoyub...
Bu adam rayonu rəsmən xaraba qoyub...
Bu adam rayonu rəsmən xaraba qoyub...
Bu adam rayonu rəsmən xaraba qoyub...

Geri qayıt