Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısı Qarabağ əlilinin TORPAĞINI SATIB

İcra başçısı Qarabağ əlilinin TORPAĞINI SATIB


5-08-2019, 10:20
İcra başçısı Qarabağ əlilinin TORPAĞINI SATIB
Ağsu rayonu, Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinə qarşı rayon İcra Hakimiyyətinin, Pirhəsənli kənd icra nümayəndəliyinin, bələdiyyəsinin basqıları davam etməkdədir. İndiyə kimi Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ortaq dələduzluq yolu seçən icra hakimiyyəti orqanları, son çağlar Heydər Əliyev fondunun adından vətəndaşların əmlakına əl qoymağa girişiblər. Fikir verin, 6 il öncə -2013-cü ildə təbii fəlakətin - selin Ağsu rayonunun əhalisinə ziyan vurması faktı qeydə alınıb və Qarabağ əlilinin evi də seldən ziyan çəkib. Di gəl, Ağsu RİH-in fövqəladə hallar komissiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daşdan keçən rəy alıb ki, Ağsu rayonunda heç bir fövqəladə təbiət hadisəsi qeydə alınmayıb(?). Bunun adı icra hakimiyyətinin fövqəladə ekoloji dələduzluğu deyil, bəs nədir? Qarabağ əlilinə dəyən ziyanı ödəməməkdən yana “fövqəladə ekoloji” dələduzluq yolunu tutan icra hakimiyyətinin yeni dələduzluq metodları üzərində baş sındırması başadüşülən olsa da, kəndin yeganə zabit Qarabağ əlilinin şantaj edilməsi bir qədər anlaşılan deyil.

Ağsu rayon İcra Hakimiyyəti 22 ildir Qarabağ əlilinin istifadəsində olan torpaq sahəsini Heydər Əliyev fondunun adına satıb. Guya fond təmsilçiləri kənddə uşaq bağçası tikməyə yeganə torpaq ayrılmayan, kəndin yeganə zabit Qarabağ əlilinin istifadəsində olan torpaq sahəsini “bəyəniblər” və təbii ki, Qarabağ əlili bu seçimlə razılaşmadığından şantajla əl atılıb. Kənd icra nümayəndəliyi, bələdiyyəsi icra başçısının tapşırığı ilə Qarabağ əlilinin kəndin maraqlarına zidd olaraq bağça tikilməsinə mane olduğunu yayıb, Qarabağ savaşı zamanı qaçaq düşən kənddən Qarabağ əlilini qaçaq salmaq yolunu tutublar.

Ay gidi dünya, kəndin, yurdun qeyrətini çəkəni kənddən şantajla qaçaq salıblar. İstifadəsində olan torpağının isə altını-üstünə çeviriblər. Gəl, bundan sonra qeyrətdən, kişilikdən dəm vur! Yəqin ki, bu şantaja, dələduzluğa polis, prokurorluq qiymət vermək istəməyəcək. Amma məhkəmə bu torpaq ələ keçirilməsinə hüquqi qiymət verilməsini təmin etməyə borcludur. Odur ki, Ağsu rayon İcra hakimiyyətinin, qaçaq Pirhəsənli kənd icra nümayəndəliyinin məhkəmədə cavab verəcəyi qaçılmazdır.
//hurriyyet.org//
Geri qayıt