Əsas Səhifə > Siyasət, Manşet > "Onun üstündə 2 dəfə icra başçısı dəyişib, bizim işimizə baxan yoxdur..."
"Onun üstündə 2 dəfə icra başçısı dəyişib, bizim işimizə baxan yoxdur..."9-07-2019, 09:54 |
63 yaşlı Solmaz Qasımova ona qarşı haqsızlıq edildiyini söyləyir. O bildirir ki, illər öncə Kürdəmirdə zəlzələ olan zaman çatlamış, qəzalı şəraitə düşmüş evlərin hamısını dövlət təmir edib, yaxud yerində başqa ev tikib, təkcə onların evindən başqa: “Özüm də təqaüdçü adamam. Evi də görürsünüz, bir balaca təkanda yerlə yeksan olacaq vəziyyətdədir. Evimi təmir etdirməyə və ya təzə ev tikməyə imkanım yoxdur. Faktiki bütün qəzalı evləri yenidən tikiblər, sıra mənə çatanda niyə ayrı-seçkilik ediblər? Mən də Azərbaycan vətəndaşıyam, istəyirəm hamıya edilən güzəştdən mən də faydalanım”. S.Qasımova deyir ki, uzun müddətdir övladları ilə birgə bu qəzalı evdə yaşayır. Onların da evi əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin qəzalı evlər siyahısına düşüb: “Yazmışdılar ki, tikiləcək. 2012-ci il idi. Kimi siyahıya almışdılarsa, hamısına ev tikib verdilər. Bizim pulumuz olmadı, azdan-çoxdan hörmət etmədik deyə, qaldı. Əvvəlcə dedilər, “tikəcəyik, arxayın olun”. İlbəil gözlədik, tikmədilər. Bakıya qədər adımız gedib çıxdı. Onun üstündə 2 dəfə icra başçısı dəyişib, bizim işimizə baxan yoxdur”. Solmaz Qasımova bu evə gəlin gəlib. Ev 1983-cü ildə çiy kərpicdən tikilib. Şəraitsizlik, divardakı çatlar ilk baxışdan diqqət çəkir: “Şəraitsizliyi də, darısqallığı da qəbulumdur. Mən razı, amma təbii fəlakətə dəcavabdeh deyiləm axı. Zəlzələ evimi qəzalı hala salıb. İndi bu evdə yaşamaq təhlükəlidir. Həyat yoldaşımı da çox tez itirmişəm, cavan ölüb. Uşaqları böyük çətinliklə, təkbaşıma böyütmüşəm. İndi nə onların normal bir işi var, nə də mənim. Ev tikmək isə asan iş deyil”. S.Qasımova deyir ki, əgər hər il evlərini yüngülvari təmir etməsəydilər, çoxdan uçub-tökülmüşdü: “Biz hər il bu evə əl gəzdiririk. Etməsəydik, çoxdan uçmuşdu. Birtəhər saxlamışıq. Özü də cəmi bir balaca otaqdır. Heç hökumətdən də böyük nəsə istəmirəm. Elə bu boyda bir ev tikib versin, bəsimizdir. Zəlzələdə şkafımız da uçmuşdu, bütün qab-qacağımız cilik-cilik olmuşdu. İnanın, balı aşağı olsa da, zəlzələ tez-tez olur. Hər dəfə də ürəyimiz ağzımıza gəlir. 3 nəfərik, oğlum, qızım və mən. Çox vaxt qonşular zəlzələni heç hiss etmirlər, amma biz o dəqiqə bilirik, çünki ev silkələnir, qəzalıdır. Nəinki zəlzələ, külək əsəndə də ev tərpənir”. S.Qasımovanın aylıq qazancı yalnız 180 manatlıq pensiyasıdır. Dediyinə görə, bu, heç dərmanlarına çatmır: “Gedib hardasa qab yuyub, yer süpürə də bilmirəm. Çünki böyrəyimin biri yoxdur, digərində də daş əmələ gəlib. Müalicə etdirə bilmirəm. İynənin biri 25-30 manatdır. Qızım boşanıb gəlib, oğlumun normal işi yoxdur, qaz bildirişi paylayır. Bilinmir hələ bu işdə davam edəcək, ya yox. Mən bilmirəm o pensiyanı yeməyə, içməyə, kommunala verim, yoxsa iynəyə-dərmana. Birtəhər dolanırıq”. Onsuz da kiçik olan otağın tən ortasında dirək var. Ev sahibəsi deyir ki, bunu tavanın uçmaması üçün qoydurublar: “Dəfələrlə icra hakimiyyətindən gəlib baxıblar. Heç nə edən yoxdur. Baxanlar da deyirlər ki, bəli, qəzalıdır. Rayonda evi bu vəziyyətdə olmayanlara ev tikildi, biz qaldıq. Nə deyim, görünür, nəsə umurmuşlar, verməmişik”. Geri qayıt |