Əsas Səhifə > Siyasət, Manşet > Dərdlərini deməyə belə qorxurlar...

Dərdlərini deməyə belə qorxurlar...


10-06-2019, 09:20
Dərdlərini deməyə belə qorxurlar...
Babək rayonunun Cəhri kəndində içməli suya mikrob bulaşıb. Yoluxma nəticəsində artıq bir neçə nəfər dünyasını dəyişib.
“Hürriyyət” qəzetinə məlumat verən mənbənin bildirdiyinə görə, mənşəyi bilinməyən mikroba əsasən uşaqlar yoluxublar.
Mikroba yoluxan bəzi uşaqlar müalicə almaq üçün Bakıya göndərilib. Həmin uşaqlardan birini xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən uşağın qardaşının vəziyyəti də xeyli ağırdır.
Əldə etdiyimiz bu məlumatı araşdırmaq üçün bir çox klinikalarla əlaqə saxladıq. Araşdırmamız nəticəsində həqiqətən də Cəhri sakini olan bir uşağın zəhərlənmədən öldüyünü müəyyənləşdirə bildik. Uşağın kimliyi də tərəfimizdən dəqiqləşdirildi. Leyla Əkbərova adlı qızcığazın Mərkəzi Neftçilər Xəstəxanasının labaratoriyasında qan analizi verdiyi ortaya çıxdı. Bununla bağlı əldə etdiyimiz sənədi yayımlayırıq.

Təəssüf edirik ki, uşaqları zəhərlənən ailənin başçısının hadisə ilə bağlı fikirlərini öyrənmək cəhdimiz heç bir nəticə vermədi. Bir övladını itirən, digər övladı isə həyati təhlükə ilə üz-üzə qalan ailə başçısı Naxçıvandakı rejimin qorxusundan susmağı məsləhət bildi.
Adlarının açıqlanmasını istəməyən Cəhri sakinlərinin əməkdaşımızla söhbətlərində bildirdiklərinə görə, kəndlərindəki su problemi yeni deyil: “Uzun illərdir ki, kəndimiz içməli su problemi ilə üz-üzədir. Kəndimizə su Məşədi Abbas çeşməsi adlanan bulaqdan gəlir. Çar Rusiyası dövründə kəndin xeyriyyəçi zəngini Məşədi Abbas tərəfindən çəkilən bu kəhriz hazırda digər kəndlərin kanalizasiya suları ilə çirklənir. Dəfələrlə Naxçıvan MR rəhbərliyinə edilən şikayətə isə cavab verən tapılmır”.
Sakinlərin iddiasına görə, Məşədi Abbas çeşməsindən axıb gələn suyun doldurulduğu hovuzlarda anti-sanitariya halları baş alıb gedir: “Məşədi Abbas çeşməsinin qidalandığı Cəhri çayının digər kəndlərin çirkab suları ilə kirlənməsi azmış kimi, həmin suların toplandığı hovuzların ətrafı sahibsiz itlərlə doludur. Bəzən sakinlər bu hovuzların içərisindəki it, pişik və digər heyvanların ölmüş cəsətlərini çıxarırlar. Əlaqədar qurumlar isə problemlə maraqlanmaq istəmirlər.
Qeyd edək ki, Cəhri kənd sakinlərini narahat edən bu problem MR rəhbərliyinə də əyandır. 2017-ci ildə eyni məsələ ilə bağlı apardığımız araşdırma zamanı rəsmi şəxslərdən biri faktı etiraf edərək demişdi: “Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir”.
Suların təmizliyinə cavabdeh olan AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular labaratoriyası isə öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, faktı müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. İki il əvvəl gündəmə gətirdiyimiz problemlə əlaqədar yaydığı rəsmi açıqlamada Muxtar Respublikanın içməli su qaynaqlarından vaxtaşırı analizlərin alındığını bildirən labaratoriya Məşədi Abbas çeşməsinin nəinki çirklənmədiyini, əksinə müalicəvi süfrə suyuna malik olduğunu bəyan etmişdi. Kənd sakinləri isə istifadə etdikləri musluqlardan hər hansı nümunə alındığını görmədiklərini deyir və əlaqədar qurumlara ən elementar vəzifə borclarını xatırladırlar:
“Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələri götürmək lazımdır”.

Xatırladaq ki, Cəhri Naxçıvan Muxtar Respublikasının ən böyük kəndlərindəndir. 15 mindən artıq insanın məskunlaşdığı bu kəndin sakinləri arasından mövcud hakimiyyətin ən yüksək pillələrində yer alan iri məmurlar var. Muxtar Respublikadan Azərbaycan Respublikası Milli Məclisinə seçilən 7 deputatdan 2-si Cəhridəndir: Siyavuş Novruzov və Eldar İbrahimov. Ən acınacaqlısı isə budur ki, həmin deputatlar öz həmkarları Qüdrət Həsənquliyevin Naxçıvan kəndləri ilə bağlı qaldırdığı məsələni süngüylə qarşılamış və Muxtar Respublikada hər şeyin güllük-gülüstanlıq olduğunu bildirmişdilər. Onların doğma kəndlərində isə öldürücü bakteriyaların bulaşdığı sular öz ənənəvi təyinatından uzaqlaşaraq, Cəhri sakinləri üçün əsl ölüm mənbəyinə çevrilib.
Əldə etdiyimiz digər bir məlumat isə xeyli ciddi suallara yol açır. Bildirildiyinə görə, əslən bu kənddən olan Qurban Məmmədov Cəhridə yeni artezan quyusu qazdırmaq təşəbbüsü ilə çıxış edib. Prinsipcə, həmin artezan quyusu üçün o qədər də böyük vəsait tələb olunmurmuş – 20 min manat. Kənd zəngin sakinləri bu təşəbbüsə qoşulmadıqlarından Q. Məmmədovun özü tələb edilən vəsaiti şəxsən boyununa götürüb və bu məqsədlə Muxtar Respublikanın Ali Məclisinin sədrinin müavinlərindən Mirhəşim Seyidovla görüşüb. Naxçıvanın ali rəhbərliyini bu xeyirxah təşəbbüsə razı salmaq üçün öz vəsaitilə ərsəyə gətirəcəyi kəhrizə hətta Vasif Talıbovun adını vermək istədiyini bildirib. Aldığı cavaba isə xeyli təəccüblənib: Sədr icazə vermədi. Beləcə, ya cənab sədrin özü, ya da onun komandası Vasif Talıbov adının Cəhri camaatının yaddaşında Məşədi Abbasla birgə əbədiləşməsini istəməyib.
Nəticədə Cəhri kəndi bu günkü ağır vəziyyətlə üz-üzə qalıb. Aldığımız son məlumata görə, Cəhridən daha bir neçə ailənin uşaqları müalicə üçün Bakıya göndərilib. Bakı ilə yanaşı, Türkiyə və İran xəstəxanalarına üz tutanlar da var.
Cəhrinin su problemlərinin yay aylarına təsadüf etməsi də ciddi problemlərə səbəb olub. Bir tərəfdən Naxçıvanın ilan mələdən istisi, digər tərəfdən isə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi daha artıq su sərfiyyatı tələbatı yaradır. Ən önəmlisi isə, xüsusilə bu aylarda dünyanın müxtəlif yerlərinə səpələnmiş cəhrililər yay tətili üçün öz doğma yurd-yuvalarına qayıdırlar. Kənddə öldürücü su probleminin ortaya çıxması yurd-yuvasına təşrif buyuran cəhrililərin dərhal oranı tərk etmələrinə səbəb olur.
\\“Hürriyyət”\\
Geri qayıt