Əsas Səhifə > Siyasət, Manşet > Şamaxıda zəlzələdən də pul çıxaran var...

Şamaxıda zəlzələdən də pul çıxaran var...


23-05-2019, 09:41
Şamaxıda zəlzələdən də pul çıxaran var...
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu.

Yarandığı gündən indiyə qədər FHN üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, ölkəmizdə baş verən təbii və texnogen fəlakətlər zamanı vətəndaşların təhlükəsizliyinin təmin olunmasında müstrəsna rol oynayıb. FHN-nin peşəkar kollektivi lazım gəldikdə həyatlarını belə təhlükə qarşısında qoymaqdan çəkinməyiblər. Lakin, təəssüflər olsun ki, bu şərəfli missiyanın yerinə yetirilməsi əvəzinə şəxsi maraqlarını güdən, əməlləriylə FHN-nin adına ləkə gətirən şəxslər də istisna deyildir. Məhz onların qanunsuz əməlləri narazılıq doğurur, nazirliyin imicinə ağır zərbə vurur.

Hörmətli cənab nazir!

Fevral ayında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra prezident İlham Əliyevin bilavasitə şəxsi nəzarəti altında hərtərəfli tədbirlər görüldü. Dövlət başçısının zəlzələ zonasına etdiyi ardıcıl səfərlər hər bir insanda dövlətimizin gücünə və qüdrətinə bir daha əminlik yaratdı. İlham Əliyev hər bir vətəndaşın problemi ilə yerindəcə tanış oldu,müvafiq göstərişlər verdi. FHN bu çətin anlarda insanların yanında oldu,zəlzələnin fəsadlarının aradan qaldırılmasında əzmkarlıq göstərdi. Şamaxı rayonda zəlzələdən ziyan çəkmiş evlərin yenidən tikilməsi və yaxud təmir olunması üçün böyük miqyaslı işlər görülüb. Qısa müddət ərzində görülən bu işlər hər kəsdə qürur hissi doğurur.

Amma, xalqın bu çətin anlarından da bəhrələnmək istəyən, qazanclı çıxmaq arzusunda olan məmurlar da tapılıb. Belələrindən biri saytımızda haqqında ətraflı məlumat verdiyimiz Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədri Adil adlı şəxsdir. Ona göstərilən böyük etimaddan sui-istifadə edən, əməlləriylə şamaxılıların nifrət və qəzəbini qazananmasına baxmayaraq maddi baxımdan daha çox qazanan bu şəxs dövlətin gördüyü böyük işlərə kölgə salır,zərbə vurur. Zəlzələdən zərər çəkmiş evlərin müəyyən olunması zamanı kütləvi saxtakarlıqlara imza atan Adil “məsləhət bildiyi” adamların evlərinin təmir və ya yenidən inşa olunmasına qərar verir. Aldığımız məlumatlara görə hətta zəlzələ nəticəsində zərər dəyməmiş vəya çox cüzi zərər görmüş evlər onun “səxavəti” nəticəsində dövlət hesabına təmir və ya inşa etdirilir. Təbii ki, bütün bunlar üçün ev sahibləri onun “kriteryalarına” cavab verməlidir. Təsadüfi deyil ki,FHK sədrinin belə fəaliyyəti artıq kütləvi narazılıq formalaşdırır. Demək olar ki,hər gün yüzlərlə evi qəzalı vəziyyətdə olan rayon sakini icra hakimiyyətinə şikayətə axışır və komissiyanın araşdırmalarının qərəzli olmasını bildirir. Onlar evlərinin uçmaq təhlükəsi qarşısında olmasına baxmayaraq heç bir tədbir görülmədiyini,əvəzində FHK-nın sədrinin “məsləhət” bildiyi evlərin təmir olunduğunu söyləyirlər.Hər an həyatları təhlükə qarşısında olan,qəzalı evlərdə qorxu içərisində yaşayan sakinlər isə Adilin “qeyri-adil siyahısına” düşə bilmirlər. əgər vəziyyət belə davam edərsə rayonda hansısa qəzalı evdə faciə yaşanması istisna edilmir. Dövlətin pullarını havaya sovuran bu şəxsə qarşı artıq qəti tədbirlər görmək zamanıdır.

Hörmətli cənab nazir!

Baş verənləri bir daha sizin diqqətinizə çatdırmaqla əmin olduğumuzu bildiririk ki, baş verənləri şəxsən nəzarətə götürəcək, Şamaxıda reallaşan “zəlzələ korrupsiyası”na son qoyacaqsınız. Bütün bunlar isə cənab Prezidentin siyasətinə ən böyük xəyanət və zərbədir!
RUBRİKA.AZ

Geri qayıt