Əsas Səhifə > Siyasət, Manşet > Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat
Piyadanı vuran “Range Rover”in sahibi haqda yeni məlumat4-05-2019, 10:17 |
Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü Mahir Əsədov haqda “Yeni Müsavat”a məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Mahir Əsədov tikinti maqnatı, biznesmendir. Onun şirkətinin “Ağ şəhər”də bir neçə bina inşa etdirməsi, hakimiyyətdə güclü dayaqlarının olduğu da gələn məlumatlar sırasındadır. Mahir Əsədovun idarə etdiyi “Range Rover” markalı, Az 90 OG 002 nömrəli avtomobil aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində, “Neolit” şadlıq sarayının qarşısında piyada 1978-ci ildə anadan olmuş Rüfət Məmmədovu vurub. Piyada zərbənin təsirindən yolun qarşı hərəkət hissəsinə atılıb, bu zaman “Mersedes” markalı başqa avtomobil də piyadanın üstündən keçib. Mahir Əsədov avtomobili saxlamayıb və sürətlə hadisə yerindən uzaqlaşıb. Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, hazırda vəziyyəti kritik ağır olaraq qalır, həyatına təhlükə var. Mahir Əsədovun Az 90 OG 002 dövlət nömrə nişanı daşıyan, dəyəri 100 min dollardan yuxarı olan azı 3 avtomobilin sahibi olduğu məlumdur. Bu barədə fotoları sosial şəbəkələrdə görmək olar. Piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini Nizami rayon Polis İdarəsinin müstəntiqi Vüsal Rzayev araşdırır. Müstəntiq Mahir Əsədovla bağlı açıqlama vermək istəməyib. Maraqlıdır ki, Nizami Rayon Məhkəməsində “Mercedes” markalı avtomobilin sürücüsü Seyhun Məmmədovun barəsində həbs qəti imkan tədbiri seçilib, Mahir Əsədov isə sərbəst buraxılıb. Hansı ki, piyadanı Mahir Əsədov vuraraq, qarşı yolla gələn “Mercedes”in altına atıb... Geri qayıt |