Əsas Səhifə > Siyasət, Manşet > «Dədə-babadan bura örüş yeri olub»

«Dədə-babadan bura örüş yeri olub»


25-04-2019, 09:52
«Dədə-babadan bura örüş yeri olub»
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi sakinləri yaşayış məntəqəsi ərazisində qazıntı işi aparılmasına etiraz edirlər. Onlar bildirirlər ki, yerin tərkində olan qum-çınqıl materiallarını çıxaran şirkətlər ərazidə çoxsaylı süni göl yaradıblar. Qazıntı işlərinin hazırda da davam etdiyini söyləyən sakinlər nə mal-qaralarını otarmağa yer tapa, nə də evdə rahat yaşaya bildiklərini söyləyirlər.

«Dədə-babadan bura örüş yeri olub»
Bəhrəmtəpə qəsəbəsinin sakini Qəhrəman Quliyev deyir ki, qazılan sahə örüş yeridir: «İslahatla adambaşına 30 sot pay torpağı düşüb. Orada yalnız ev heyvanları və quşları üçün yem bitkiləri yetişdiririk. Hamı qapısında mal-qara saxlayır. Dolanışacağımız bundan çıxır, başqa işimiz, gəlir yerimiz yoxdur. Heyvan saxlamaq üçün örüş lazımdır. Dədə-babadan mal-qaranı burada otarmışıq. Ümumi sahə 50 hektar idi. Onun bir hissəsini qazıblar. Son vaxtlar qalan yerləri də qazırlar».

«Dədə-babadan bura örüş yeri olub»

«Bizə qalan problemlərdir»
Qəsəbənin başqa sakini Bayram Mirzəyev gileylənir ki, qazıntı işləri başqa problemlər də yaradır: «Yerin təkində qum-çınqıl olduğundan işbazlar bura daraşıblar. Ekskavatorla yeri qazıb, sərvəti maşınlara yükləyərək daşıyırlar. Bundan bir neçə adam fayda görür. Bizə qalan bu süni gölün problemləridir. Həyətlərimizdə quyular quruyub, ağaclar yanıb, torpaqlarımız münbitliyini itirir. Yük maşınlarının qaldırdığı tozdan qapı-bacada otura bilmirik. Maşınların uğultulusu bizi yatmağa qoymur».

«Şikayət edəndə bizi polislə hədələyirlər»
Sakin Eynulla Hüseynov iddia edir ki, qazıntı işi aparan şirkətlər yerin təkini qanunsuz istismar edirlər:
​«Biz hansından soruşuruqsa, deyirlər, icazəni bələdiyyə sədri verib. Təbii ki, onun bu işdə şəxsi marağı var. Amma yer təkinin istismarı ilə bağlı bütün aidiyyəti dövlət orqanlarının icazəsi olmalıdır. Siz maraqlanın, görün şirkətlərdən hansısa birinin əlində bu işi görməyə hüquq verən sənədləri varmı, vergi ödəyirmi? Bu barədə şikayət edirik, bizi polislə hədələyirlər».

Sakinlər iddia edirlər ki, süni yaradılan göldə keçən il iki uşaq ölüb. Onlar həmçinin, ərazidə 300-dən artıq ağacın kəsildiyini deyirlər.

Geri qayıt