Əsas Səhifə > Siyasət, Manşet > Hacı Qalibin adı yenə torpaq qalmaqalında

Hacı Qalibin adı yenə torpaq qalmaqalında


3-04-2019, 10:15
Hacı Qalibin adı yenə torpaq qalmaqalında
“POSAT” bağ-tikinti kooperativinin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər. Şikayətçilər deyirlər ki, həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 10 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər:

“Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 4 hektar torpaq verirlər? Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmirlər. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi nənəsi Kübra Camalovanın adına özəlləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi.

Vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan Fazil Rüstəmovun imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib. Üzvləri olduğumuz “POSAT” bağ-tikinti kooperativinə 4 hektar torpaq sahəsi 1989-cu ildə ayrılmışdı. Kooperativ o zamankı Tikinti Nazirliyinin nəzdində yaradılmışdı. Sovet dövründə bu sahədə 49 nəfərin torpaq payı olub. Lakin müstəqillikdən sonra ölkədən köçənlər oldu, başqa ölkələrdə yaşamağa gedənlər oldu. Müstəqillik dövründə isə vəziyyət dəyişdi. Beləliklə, 4 hektar torpaq sahəsində İdarə Heyətindən 28 nəfər payçı qaldı. Biz də müstəqillik dövründə bu sahəni təkrar qeydiyyatdan keçirdik. Bütün sənədlərimiz yerli-yerində var. Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçirmişik, Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr almışıq.

Sonradan bizə məlum olub ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni olaraq, həmin torpaq sahəsinə 2010-cu ildə vəfat etmiş, mərhum Camalova Kübra Mirəbdül Hüseyn qızının adına xüsusi mülkiyyətdə olmasına dair 02.10.2013-eü il tarixdə RX seriyalı 0272020 saylı çıxarış verilib. Qalib Salahzadə nənəsinin adına olan torpağı vərəsəlik qaydasında oğlu Əliabbas Salahzadənin adına keçirib".

Şikayətçilər deyirlər ki, bundan sonra Qalib Salahzadə onların torpağa aid sənədlərini ləğv etdirmək üçün məhkəməyə müraciət edib. Lakin ilkin, apelyasiya və Ali Məhkəmə iddianın qanunsuz və əsassız olduğunu nəzərə almaqla rədd edib: “Bunu görən Qalib Salahzadə öz imkanlarından istifadə edərək, 2016-cı ildə yenidən Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli qərarının etibarsızlığına dair ikinci dəfə sərəncam qəbul etdirdi və biz yenidən həmin sərəncamı mübahisələndirmək məcburiyyətində qaldıq. Bu dəfə də məhkəmələrimiz ədalətli mövqe nümayiş etdirdi. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsinə dair iddiamız təmin olundu. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Bilgəh bələdiyyəsinə qarşı digər mübahisəmiz üzrə icraat təzələnərək, iş davam etdirildi. Məhkəmə icraatı təzələndikdə, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Qalib Salahzadə bizim başımızı digər məhkəmə çəkişmələrinə qatdığı müddətdə, bizə ayrılmış torpaq sahəsinin bir hissəsini digər qohum-əqrəbasının adına rəsmiləşdirib. Məhkəmə araşdırması zamanı alınmış sorğulardan da mübahisələndirdiyimiz qərarın nə bələdiyyənin arxivində, nə də ki, Milli Arxiv İdarəsində olmadığı müəyyən olundu. Yəni cinayət faktı aşkar edildi.

2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2018-ci ildə Bilgəh bələdiyyəsinin “vətəndaş Camalova Kübra Mirəbdül Hüseyn qızına fərdi yaşayış evinin tikintisi üçün 5,3 ha torpaq sahəsi ayrılması barədə” 22.11.2005-ci il tarixli, 041 saylı qərarının bizə ayrılmış 4,0 ha torpaq sahəsinin hüdudları daxilində etibarsızlığının tanınmasına və həmin qərarın hüquqi nəticələrinin qanunsuz sayılmasına dair qərar qəbul edib.

Bundan sonra Qalib Salahzadə artıq çıxılmaz vəziyyətdə olduğunu gördüyündən, yenidən özünün və qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə edir, bu dəfə artıq torpaq sahələrini adlarına rəsmiləşdirdiyi qohumlarının və onun təsiri altında olan Bilgəh bələdiyyəsinin adından müxtəlif əsassız şikayətlər, ərizələr və sairə xahişlər verərək, məhkəmə baxışını, məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini yubatmağa çalışır".

Şikayətçilər deyirlər ki, Bilgəh bələdiyyəsi Qalib Salahzadənin təsiri altındadır: “Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiya hallarına qarşı mübarizə aparan ixtisaslaşdırılmış qurum olduğundan Qalib Salahzadənin təsiri altında olan Bilgəh bələdiyyəsinin qanunsuzluqları ilə bağlı müvafiq araşdırma aparılmasını istəyirlər”.

Şikayətçilər redaksiyamıza 28 nəfərin imzaladığı prezident və vitse-prezidentə ünvanlanmış müraciəti də təqdim ediblər.
“Yeni Müsavat”


Geri qayıt