Əsas Səhifə > Siyasət, Manşet > Laçında təhsil sistemi necə çökdürüldü...

Laçında təhsil sistemi necə çökdürüldü...


23-02-2019, 10:07
Laçında təhsil sistemi necə çökdürüldü...
DİA.AZ: - Redaksiyamıza Laçın təhsil idarəsinin rəhbərliyi ilə bağlı ağır ittihamların yer aldığı məqalə göndərilib. DİA.AZ həmin məqaləni təqdim edir: "Kimsə şübhə etməz ki, bəşəriyyətin ən mühüm nailiyətlərindən biri, daha doğrusu, birincisi hesab edilən mütərəqqi dövlət öz ərazisində yaşayan kütlənin mənafeyini və maddi-mənəvi maraqlarını formalaşdırmaq, inkişaf etdirmək, göz bəbəyi kimi qoruyaraq obyektiv reallığa adekvat dərəcədə təmin etməklə həmin kütləni təşkilatlandırmaq zərurətindən meydana gəlmişdir. Çünki, insan fəaliyyətinin əsas tərkib hissəsi yaxşı yaşamaq tələbatı olmuşdur. İnsan hüquqları bu tələbatların təmin edilməsinə yönəlmişdir. İnsan hüquqlarının təməlində isə insan ləyaqəti dayanır. Dövlətdə və cəmiyyətdə insan ləyaqətinin alçaldılmasına yol verilə bilməz. İnsan ləyaqətinin müdafiəsinin ən mükəmməl mexanizmi insan hüquqlarıdır. Dövlət bu hüquqları müdafiə etməyə borcludur. Hər bir insanın hüquq və azadlıqlarının həyata keçirilməsi imkanı daha çox dövlətə məxsusdur.

Məhz, bu müqəddəs bəşəri vəzifələrin reallaşdırılması üçün kütlə içərisindən müəyyən adamlar seçilir, müxtəlif çaplı məmurlar kimi formalaşdırılır ki, xalqa xidmət etsinlər.Çünki bu məmurların maaşları əsasən xalqın əməkhaqqısından tutulmuş vergilər hesabına formalaşdırılan dövlət büdcəsindən maliyyələşdirilir. Odur ki, möhtərəm Prezidentimiz İ.H.Əliyev cənabları öz çıxışlarında davamlı olaraq bu məqamı vurğulamaqdadır. Bu müqəddəs təsisatın milli mənafe və maraqlar naminə həyata keçirməli olduğu fundamental müqəddəs vəzifələrdən biri də insanların təhsil hüququnu təmin etməkdir. Görəsən, Laçın rayon təhsil sistemində Malik Vəliyevin hesabına vaxtilə zirehləndirilmiş məmurlar (məktəb direktorları və mühasiblər) da belə düşünürlər- mi? Ulularımız əbəs yerə deməmişlər:”Sən saydığını say, görək fələk (burada zirehləndirilmiş korrupsioner məmur) nə sayır?”

Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili, demək olar ki, darmadağın edən Laçın rayonunun Təhsil Şöbəsinin zirehləndirilmiş sabiq müdiri rayonda heç kəsi, hətta yazılı qanunlarımızı belə, vecinə almayan Vəliyev Malik və onun başçılığı altında rahatlıqla fəaliyyət göstərən mütəşəkkil korrupsioner dəstənin(məktəb direktorları və mühasiblər) əməllərini saymaqla qurtarmaq olmaz. Belə ki. Vəliyev Malik və seçilmiş məmurlar(məktəb direktorları və mühasiblər) sindromu sayəsində məlum ünvanda mütəmadi olaraq tədris ilinin əvvəlində şagird şəbəkəsini təsdiq etdirmək, az qala hər ay “yuxarıdan gələn” yoxlamaları və hesab torbalarını yola salmaq, məktəbə yanacaq, peç, truba və digər avadanlıqlar almaq,məktəbi təmir etdirmək,müxtəlif tədbirlərə vəsait,müxtəlif ünvanlara sovqat göndərmək və s. adı altında məktəblərdə “işini itirmək istəmirsənsə” prinsipi ilə hər bir işçidən xüsusi peşəkarlıqla müəyyən məbləğdə pul yığılır. Bu seçilmiş mütəşəkkil dəstənin fəal üzvləri (direktorlar və nühasiblər) respublikanın hansı rayonunun sakini olmasına baxmayaraq biliyi öz şagirdinin bilik səviyyəsindən çox aşağı olanları, diplomu saxta olanları, işləməyə icazə yaşı çoxdan bitənləri axtarıb taparaq işə düzəldib adlarına külli miqdarda əməkhaqqı yazıb onun çox az bir hissəsini onlara verir, qalanını isə özləri götürürlər. Dünyanın hansı ölkəsində yaşamasından aslı olmayaraq yalnız əmək stajına razı olan hər bir kəsi axtarıb taparaq, onların adlarına fantastik miqdarda əməkhaqqı yazıb özlərinə götürülər. Nə orta, nə də ali məktəbdə bir gün də olsun dərsə getməsə də “diplom”u olanlardan, Vətənimizin müharibə vəziyyətində olduğu hazırki zamanda hərbi xidmətdən dolayı yollarla yayınan dezertirlərdən hər bir kəs Malik Vəliyevin könlünə yatan məbləği verərsə, istənilən məktəbdə, hətta, təhsil şöbəsinin aparatnda belə istədiyi vəzifəni, satın ala bilər. Bir sözlə, Laçın rayon təhsil şöbəsində fəaliyyət göstərmiş Malik Vəliyev və seçilmiş direktor-mühasib labirinti sayəsində dövlət büdcəsini və müəllimləri amansızlıqla çapıb-talamaq peşəkarlıq göstəricisi hesab olunur. Laçın rayonunun Təhsil Şöbəsinin anoloqu olmayan zirehləndirilmiş müdiri Vəliyev Malkin dünya təhsil sisteminə və pedaqogika elminə gətirdiyi analoqu olmayan yeniliklərdən biri də bundan ibarətdir ki, seçdiyi pedaqoji təhsili olmayan, diplomu saxta olan, hətta iki eşşəyin arpasını bölməyi belə bacarmayan direktorlardan bəzilərinin əlinə bir neçə məktəbin gerbli möhürünü verərək pedaqoji kollektivə və əhaliyə anoloqu olmayan cəhənnəm əzabını yaşadır.

Hələ, Malik Vəliyevin təhsil şöbəsinin aparatına yerləşdirdiyi tamamən təhsili olmasa da, “diplom”ları olan dezertirlər dəstəsinin nələrlə məşğul olduğunu bilsək, ən qatı düşmənlərimizin belə atalarına rəhmətlər oxuyarıq. Hər ay hər müəllimin əməkhaqqından maaş cədvəlində rəsmən 21% həcmində pul tutulur. Bundan əlavə maaş cədvəlində müəllimlərin bir hissəsinin maaşlarından kəsib başqa müəllimlərin adına yazırlar, həmin pulu isə sonralar direktorlar “artıqdan yazılmış saat” kimi həmin müəllimlərdən alırlar. Fəal məktəb direktorları az qala ayda bir dəfə məktəbdə işləyən məcburi köçkünlərin hamısından nə yolla olursa olsun, özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini alırlar. Eşitdiyimizə görə, həmin surətlər əsasında onların adına yardım kimi əlavə pul yazıb mənimsənilir.

Hər tədris ilinin sonunda hər müəllimdən “sığorta pulu” adı ilə 8-10 manata qədər pul saxlanılır. İldə bir neçə dəfə sinif rəhbərliyi pullarının və texniki işçilərin maaşlarının hamısı zorla da olsa, əllərindən alınır. 2014/2015-ci tədris ilindən isə rayon üzrə bütün müəllimlərin 25avqust—15 sentyabr dövründəki maaşlarından əməkhaqqı cədvəlində “bayram günlərinə düşür” bəhanəsi ilə 3 günün əməkhaqqısı kəsilməkdədir (Bayram günlərində əməkhaqqı kəsmək qanunu varmı?). 2016/2017-ci tədris ilinin əvvəlindən Tərtər Regional təhsil idarəsinin müdiri Malik Vəliyevin adından Laşın rayon Təhsil sahəsində çalışan hər bir işçidən əvvəlcə iki, sonra bir yarım, daha sonra isə bir aylıq əməkhaqqı hədə-qorxu yolu ilə tələb edildi. Bu yondəmsiz iddia qarşısında aciz qalan məzlum kütlə qəzəblənmiş korrupsioner müdirin təşkil etdiyi müxtəlif adlı uzunmüddətli yoxlamaların verdiyi mənəvi əzablara və inzibati təqiblərə düçar edildilər. Ki, bu da Respublika səviyyəsində kifayət qədər səs-küyə səbəb olmuşdur. 2017/2018-ci tədris ilində isə iki aydan bir hər bir müəllim əməkhaqqından Qırmızı Aypra adına bir-iki faiz, xeyriyyə fondu adına isə bir faiz məbləgində pul tutmağa başlayıblar . Hər il hər müəllimin maaşından “qəzet pulu” adı ilə 15 manat saxlanılsa da, heç kəsə heç qəzet verilmirdi. Testdən keçib iş yerinə gələn müəllimləri aldadaraq qorxudub iş yerindən qaçırır, həmin dərsləri isə onun öz adına və ya “artıq saatlar”kimi ona-buna yazaraq sonra özlərindən alırlar. Bütün bunlardan əlavə olaraq 2018-ci ildə Tərtər regional təhsil idarəsinin adından müəllim və işçilərə daha iki mükəlləfiyyət təyin edildi. Belə ki, fəal direktorlar 2018-ci ilin mart-aprel aylarından müəllim və işçilərə ərizə yazdırdılar ki, hər ay əməkhaqqılarından 1% tutulsun. Mühasibatliq isə 2018-ci ilin bütün müəllimlərin və işçilərin 1-15 sentaybar tarixinə aid olan əməkhaqqılarından təxninən, iki günün əməkhaqqısı həcmində pulu kəsdi. Sadaladığımız və bilmədiyimiz bütün kobud maliyyə fırıldaqlarını Vəliyev Malikin əlaltısı, Laçın RTŞ-nin keçmiş baş mühasibi, Tərtər regional təhsil idarəsinin indiki peşəkar maşenniki (rəsmi vəzifəsi bilinmir), kiralıq maliyyə qatili Məcnunov Pərviz Saday oğlu təşklil edib, mühasiblərin əli ilə həyata keçirir. İşdən hali olub buna etiraz edən müəllimləri əvvəlcə aldatmaq istəyirlər, aldanmayanları isə “ağıllı” olmağa dəvət edirlər.

“Ağıllı” olmaq istəməyən məzlumların ərizələrindəki məlumatları isə yerli hökumətin rəsmi səlahiyyətlərinin zoru hesabına yalana çıxardaraq onlara böhtançı damğası vururlar. Sonra isə işə cəlb edilmiş rayon prokuroru və məhkəməsinin sifarişli qərarı ilə məzlumların yalana çıxarılmış məlumatları vəzifəli şəxslərin (zirehləndiril- miş korrupsionerlərin) şərəf və ləyaqətini alçaldan yalan məlumatlar hesab edlir. Bunun ardınca isə daha bir sifarişli “məhkəmə qərarı” ilə bu yurdsuz-yuvasızlardan külli miqdarda pul alınaraq həmin məmurlara ödətdirməklə, həmin məmurların alçaldılmış şərəf və ləyaqətlərini guya bərpa etməyə çalışacaqlar. Hamiləri nə qədər çalışsalar belə, tərk edilmiş şərəf və ləyaqətlərini bərpa edə bilməyəcəklər, amma gücləri çatdığı qədər onları hələ ki asanlıqla zirehləndirə biləcəklər. Yoxsa, bütün bunlara görədirmi ki, Vəliyev Malk harada gəldi nümayişkaranə tərzdə bəyan edirmiş ki, pulum var, nə qədər hesab istəsələr verib ya bir rayona icra hakimiyyətinin başçısı, ya da regional təhsil idarələrindən birinə müdir keçəcəm. Vay o xalqın halına ki, bu günü də görə. Niyyətin hara, mənzilin ora?... Həm də bu yolla?... Bu yolun isə bizi Laçına aparmayacağını, ən qatı düşmənlərimiz belə, nə qədər vicdansız olsalar da, danmazlar! Kimsələr nə danışsalar belə! ... Allah qorusun bu xalqı! O xalqı ki, həm cəbhədə yağı düşmənlə mərdliklə döyüşür, həm də məişətində zirehləndirilmiş malikkimilərin rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilmiş mütəşəkkil korrupsional fırıldaqlarına çarəsiz qaldığından dözməyə davam edir. Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili tamamilə darmadağın edən dəstənin qalavarı (başçısı) olan Vəliyev Malikin belə yüksək mövqelərdən birini zəbt etməsinin onsuz da başı kifayət qədər dərddə olan xalqımıza gətirəcəyi fəlakətlərin miqyasını və miqdarını hesablayıb qarşısını ala bilmək üçün təkcə mahir riyaziyyatçı olmaq kifayət etməz, bunun üçün bir balaca milli qürur hissinə sahib olmaqla bərabər, həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşa bilmək cəsarəti tələb olunur.

Gördüyümüz kimi, artıq Vəliyev Malik Azərbaycan Respublikası Təhsil NazirliyininTərtər regional idarəsinə müdir təin edilib. Əgər bu təyinat malikkimilərin məlum təcrübəsini daha geniş miqyasda yaymaq məqsədi daşıyırsa, onda vay Azərbaycan xalqının halına!... Çünki, vaxtilə Laçın rayon Təhsil şöbəsində Vəliyev Malik tərəfindən təşkil edilmiş genişmiqyaslı mütəşəkkil korrupsiya əməliyyatları bütün gücü ilə davam etməkdədir. Əcaba, ola bilərmi ki, Laçın rayonunda nə İcra Hakimiyyətinin indiki Başçısı, nə də Laçın rayon Təhsil şöbəsinin indiki müdiri Vəliyev Malikin quyduğu mütəşəkkil korrupsiya qaydalarından kənara çıxmaq gücünə malik olmasın? Bəlkə, adı çəkilən cənablar da öz sələflərinin ənənələrini davam etdirmək zorunda qaldılar?

Azğın korrupsioner məmurlar tərəfindən xalqın əzilən qismi olaraq, biz möhtərəm Prezidentimizin davamlı antikorrupsiya çağrışlarında ictimai nəzarətin nə qədər vacib olduğu tezisini dəstəkləyərək rayonumuzda zirehləndirilmiş bəzi məmurların rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilən mütəşəkkil korrupsiya əməliyyatları haqqında məlumat verməklə öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.

Hörmətli redaksiya, Sizdən artıq dərəcədə xahiş edirik ki, cəmiyyətimizin təhsil kimi mühüm bir strateji sahəsindəki cəzasızlıq şəraitində yüksələn templə tüğyan edərək bizi daha fəlakətli uçrumlara yuvarlayan bu mütəşəkkil korrupsiya şəbəkəsi nin aradan qaldırılması üçün nüfuzunuzun və vəzifə səlahiyyətlərinizin imkanların dan beynəlxalq və milli qanunlarımız çərçivəsində maksimum dərəcədə istifadə edərək daha effektli tədbirlərin görülməsində öz köməkliyinizi əsirgəməyəsiniz.Bunu etməklə isə Siz həm öz vətəndaşlıq, həm də vəzifə borcunuzu yerinə yetirmiş hesab olunacaqsınız. Respublikamızın əyalətlərində yaşayan əhalisinin “Burda mənəm, Bağdadda kor xəlifə” əhvali-ruhiyyəli məmurların özbaşınalıqlarından ümidlərini itirdiklərinə görə gözləri yoldan, qulaqları səsdən yığışmış qisminin deyil, ümidlərini itirmədiklərinə görə hələ də gözləri yolda, qulaqları səsdə qalan qisminin ümidlərinə güvənərək Sizə müraciət edirik ki, Bizim haqq səsimizi eşitməzlikdən gələn ünvanlara çatdırasınız... Nə qədər çətin olsa da...

Yazırıq ki. bu uzun naməni hər yan oxusun,
Amma əvvəlcə bizim Molla Süleyman oxusun.


Oxusun. Qoy oxusun ki, rayon təhsil şöbəsi kimi mühüm milli-strateji bir sahəni yağı düşmənsayağı darmadağın edən Malik Vəliyev kimi fərdlərin vəzifə ierarxiyasında daha yüksək pillələrə can atması iddiasının haradan qaynaqlandığına təəccüblənməsin. Sən demə, bir xalqı məhv etmək üçün onun nə müəllimini, nə də həkimini savadsız etməyə ehtiyac yoxmuş, əgər onun yaşadığı cəmiyyətin idarə edilməsi proseslərində malikkimlər istədikləri vaxt istədikləri yüksək mövqeləri zəbt edə bilirlərsə..."

İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt