Əsas Səhifə > Siyasət, Manşet > Bu dəfə hansı icra başçıları "vurulacaq"?

Bu dəfə hansı icra başçıları "vurulacaq"?


1-02-2019, 10:02
Bu dəfə hansı icra başçıları "vurulacaq"?
Bəzi icra hakimiyyəti başçılarının fəaliyyətindən əhali tez-tez narazılıq edir.

Əksər hallarda el arasında “balaca padşah”lar adlandırılan bu görəv sahibləri qanunlara məhəl qoymur, əhalinin sosial-iqtisadi problemlərinə laqeyd yanaşır, yalnız özləri və yaxın ətraflarının mənafeyi üçün çalışırlar. Dəfələrlə bu cür məmurlara ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, onlar nəticə çıxarmırlar.Bölgələrdə, paytaxtın bəzi rayonlarında “yaşıl soyqırım” adi hala çevrilib, qanunsuz tikililər günü-gündən çoxalır.Kiçik və orta sahibkarlıqla məşğul olanların incidilməsi, vətəndaşların get-gələ salınması, şikayətlərin təmin olunmaması, bürokratik əngəllər də bu qəbildəndir.

Sadalanan faktlara görə, müxtəlif zamanlarda bir neçə icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad olunub.Ancaq görünən odur ki, bu tədbirlər digərlərinin “dərs çıxarması” üçün yetərli olmayıb. Bugünlərdə isə Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yerli icra orqanlarına ciddi xəbərdarlıq edib.

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər.Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar.Unutmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər, hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”,-deyə ölkə başçısı çıxışında vurğulayıb.

Prezident əlavə edib ki, yerli icra orqanları diqqətli olmalı, yaranan problemləri həll etməlidirlər: “Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

İcra orqanlarının rəhbərləri Prezidentin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır.Nəzərə alsaq ki, hazırda ciddi kadr və struktur islahatları həyata keçirir, ölkə başçısının xəbərdarlığından nəticə çıxarmayan qurum rəhbərlərinin da bu prosesdən pay alması real görünür.Bir sıra qurumların ləğvi və paralel qurumların birləşdirilməsi xeyli vaxtdır ki, gündəmdədir.Hökumətin çevik idarəetmə sisteminə keçidi həm də işinin öhdəsindən gələ bilməyən bürokratların kreslosunu laxladır.Məlumdur ki, yeni, çevik idarəetmə sisteminin effektli olması üçün kadr dəyişikliyi, bu postlara bacarıqlı kadrların təyin olunması vacibdir.Artıq ölkədə bu təcrübənin əsası qoyulub.2018-ci ilin aprelində keçirilən Prezident seçkilərindən sonra hökumətin yeni tərkibində ciddi dəyişikliklər edilib. Dəyişiklik olunan sahələrin bir çoxunda dinamika hiss olunur. Kadr və struktur islahatlarının davamlı olacağı isə bir neçə gün öncə ölkənin birinci şəxsi tərəfindən bir daha bəyan olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin 11 yanvar tarixində Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair çıxışında da bu məsələyə diqqət çəkib.“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur.Ancaq mən həmişə, necə deyərlər, narazı oluram.Çünki mən istəyirəm ki, daha yaxşı olsun.İstəyirəm ki, bu pozuntular olmasın.Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.Ona görə kadr islahatı da bu məqsədi daşıyır.İndi struktur islahatı gözlənilir.Çünki indi idarəetmədə struktur köhnəlib.Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.

Amma bizdə idarəetmə sistemi şişir.Buna son qoyulmalıdır.Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır.Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”,-deyə Prezident İlham Əliyev bildirib.Beləliklə, ölkə başçısı hər iki toplantıdakı çıxışında eyni məsələni vurğulayıb və ciddi islahatların keçiriləcəyini bəyan edib.Artıq bu istiqamətdə islahatlar başlayıb və biri nazirlik (Müdafiə Sənayesi Nazirliyi) olmaqla, 10-dan çox qurum ləğv edilib və ya birləşdirilib.Bu, həm də bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsi prosesinin davamlı olacağını söyləməyə əsas verir.Prezidentin yerli icra hakimiyyəti rəhbərlərinə etdiyi ciddi xəbərdarlığı da nəzərə alsaq, yaxın günlərdə, xüsusilə əhalinin narazı olduğu icra başçılarının yenisi ilə əvəzlənməsinin şahidi olmağımız gözlənilir.
Cebhe.info

Geri qayıt