Əsas Səhifə > Siyasət, Manşet > GDU-da tələbələrə “faiz qoyuldu”

GDU-da tələbələrə “faiz qoyuldu”


16-01-2019, 09:35
GDU-da tələbələrə “faiz qoyuldu”
Gəncə Dövlət Univerisitetinin bir qrup tələbələri “Gündəm Xəbər”in redaksiyasına şok məktub ünvanlayıblar.

Tələbələrin başına gələn haqsızlıqlarla bağlı məktubu olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq: “Hörmətli “Gündəm Xəbər”redaksiyası, biz Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin sinif müəllimi ixtisasının III kursunda (rus bölməsi üzrə) təhsil alırıq. Dövlətimizin və Prezidentimiz İlham Əliyevin bizlərə olan qayğısını dərk edirik və öz minnətdarlığımızı bildiririk.

Bölgədə baş verən hadisələrin obyektiv şəkildə işıqlandırdığınızın şahidiyik. Ümidimiz yalnız Sizədir! Təhsil naziri Ceyhun Bayramov 2018-2019 tədris ili imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb. Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.

Bu xəbəri eşidən hər bir tələbə ürəkdən sevindi. Lakin umidlərimiz elə birinci imtahadan sonra puç oldu. Belə ki, bizim birinci imtahanımız Müqayisəli pedaqogika fənnindən 04.01.2019-cu il tarixdə baş tutdu. İmtahandan sonra məlum oldu ki, rəhbərlik tərəfindən hər qrupa “faiz qoyulmuşdur”. Bu nə deməkdir? Öncədən dekan və tədris işləri üzrə prorektor hər qrupdan neçə tələbənin qeyri – kafi alacağını müəyyən edir, imtahanın nəticələrinin yoxlanılması qeyri ixtisas müəllimə tapşırılır. Biz rus bölməsində təhsil almağımıza baxmayaraq, bizim yazılı cavablarımız rus dilindən anlayışı olmayan psixologiya üzrə fəlsəfə doktoru Kazımova Günaya tapşırılmışdır. Bizə nəticələr elan edildikdən sonra universitetdə təşkil edilmiş imtahan qərargahına ərizə ilə müraciət etdik. Dedilər ki, 3 gün müddətində cavab almalıyıq. Lakin üçüncü gün biz rəhbərlik tərəfindən güclü müqavimətlə üzləşdik. Öncə bizi rektorun katibəsi qarşılayaraq məsələyə aydınlıq gətirəcəyini bildirdi. Bu heç bir nəticə vermədi. Sonra biz rektorumuzla görüşmək istədik, bizi qovdular. Üz tutduq Gəncə şəhəri İcra Hakimiyyətinə ki, bəlkə bizə dəstək olan tapılar?! Orada bizi Yadigar müəllim qarşıladı və bildirdi ki, İcra Hakimiyyəti bu işlərə baxmır, yalnız bizim öz təhsil aldığımız müəssisə obyektivliyi təmin etməlidir.

Üz tutduq yenə GDU-ya. Tələb etdik ki, əgər bizim yazıları bizə göstərmək istəmirlərsə, onda yazdığımız ərizələrin üzərinə qoyulmuş dərkənarı göstərsinlər. Nəticədə, dekan Apoyev B. və prorektor Məmmədov .F. bizə dedilər ki, appelasiya prosesində sizin iştirakınızı önəmli hesab etmədik. Bu məsələ sizin iştirakınız olmadan da həllini tapdı. Bütün baş verən proseslərin səsyazmalarını təqdim edə bilərik. Ancaq biz tələbəyik və bizi bərk hədələyirlər. Bununla yanaşı prorektor bildirdi ki, “25 manat elə də böyük pul deyil, fevralın 2-14 arası ödəyəcəksiniz və imtahanınızı verəcəksiniz”.

Bizim üçün qaranlıq qalan məqamlar aşağıdakılar oldu:

1. Niyə bizim imtahan cavablarımızı rus dilini bilməyən, bu fənni tədris etməyən müəllimlər yoxlayıb?

2. Bizim cavablarımız niyə bizdən gizlədilir?

3. Appelyasiyaya verilmiş ərizələrimiz niyə cavabsız qalıb?

4. Niyə bizim rektor tələbələri ilə görüşmək istəmir?

5. Ümidlə üz tutduğumuz Gəncə şəhəri İcra Hakimiyyəti niyə bizə köməklik göstərmədi?

6. Bu özbaşınalığı kim dayandıracaq?

7. Niyə tələbə kontengentinin 50 faizi qeyri-kafi almalıdır? Bu qərarı kim verib?

8. Bir tələbə olaqar dövlətimizdən aldığımız maddi dəstəyin kəsilməsi kimə sərf edəcək?

Nəzərinizə çatdıraq ki, sıramızda elə gənclər var ki, Azərbaycan gəncliyini digər ölkələrdə təmsil edir.

Xahiş edirik ki, bizim problemə aydınlıq gətirəsiniz, bu məsələni ictimayiləşdirəsiniz.

Biz Vətənimizi, Prezidentimizi sevirik, çalışırıq ki, onun ətrafinda sağlam gənclik olaraq, sıx birləşək. Biz gözəl, təmiz, korrupsiyasız Azərbaycan naminə işlər görmək, ona layiqli vətəndaş olmaq istəyirik!

Geri qayıt