Əsas Səhifə > Siyasət, Manşet > Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq

Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq


15-01-2019, 10:11
Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq
Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Bənnayev Museyib Fəaliyyət oğlu Faktinfo.az-a şikayət ərizəsi ilə müraciət edib.
Şikayətçi həyat yoldaşının əvvəlcə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduğunu, sonradan isə “Medi Club” Klinikasında müalicəsinin davam etdirildiyini və orada dünyasını dəyişdiyini bildirir, üstəlik də xeyli miqdarda maddi ziyana salındığını qeyd edərək hər iki tibb müəssisəsinin həkimlərinə qarşı ciddi ittihamlar səsləndirir:

“Həyat yoldaşım Bənnayeva Sevda Şərif qızı 2018-ci il fevral ayının 1-də onda olan şəkər xəstəliyi ilə bağlı koma vəziyyətinə düşüb və təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir həftə orada həkim Ulduz Əlicabbarovanın nəzarəti altında müalicə olunub. Lakin bundan sonra Ulduz həkim xəstənin vəziyyətinin ümidsiz olduğunu bildirib, onu evə aparmağı məsləhət görüb. Mən isə həyat yoldaşımı yaşatmaq üçün başqa xəstəxanaya üz tutmağı qərara aldım və bu məqsədlə “Medi Club” Klinikasına müraciət etdim. Həmin klinikadan bildirdilər ki, həkim briqadamız gəlib baxacaq, əgər müalicəsi bizlikdirsə 5000 (beş min) manat, bizlik deyilsə, gəliş haqqı olaraq 230 (iki yüz otuz) manat ödəməlisiniz. Mən razılaşmaq məcburiyyətində qaldım. Fevralın 7-də onlar gəlib xəstəyə baxdılar və 5-10 dəqiqə sonra çıxıb şou yaratmağa başladılar. Belə ki, Sevil adlı həkim bildirdi ki, reanimasiya otağında mən 18-20 xəstə saydım, onlardan 2-si 3-ü sağ qala-qalmaya, digərləri həkim savadsızlığından öləcək. Ancaq mən bu xəstəni aparıb sağaldıb, yenidən buraya gətirəcəm və savadsız həkimlərə deyəcəm ki, baxın, ölüm diaqnozu qoyduğunuz xəstəni sağaltmışam.

Bu sözlərdən sonra mən də Sevil həkimə yalvardım ki, yoldaşım cavandır, üç uşaq anasıdır, qoymayın ölsün. O da bildirdi ki, 5000 manatı ödəyin, hər şey yaxşı olacaq. Beləliklə, mən tələb olunan məbləği “Medi Club”a ödədim və xəstəni palataya yerləşdirdilər.

Orada Şöyü həkim, Pərviz həkim bildirdilər ki,həyat yoldaşınız Sevda Bənnayevanın yaşama şansı var. Analizlərin cavabı çıxsın, ondan sonra dəqiq söz deyəcəyik. Analizlərin cavabından sonra isə Şöyü həkim bildirdi ki, hər şey qaydasındadır, narahat olmayın. Biz ümidlənsək də, sevincimiz çox çəkmədi. Bir gün yarım sonra xəstə dünyasını dəyişdi. Həkimlərimizin bizim başımıza gətirdiklərinə nə ad vermək olar?”

Şikayətçi M.Bənnayev hesab edir ki,”Medi Club”-ın həkimləri onun həyat yoldaşının öləcəyini bilirmişlər, sadəcə pul qoparmaq məqsədilə ona yalandan ümid dolu vədlər veriblər. O daha sonra yazır: “Xəstənin ölümündən sonra mən mərkəzi “Medi Club”da rəhbər şəxslərdən olan Toğrul adlı şəxslə görüşdüm və bütün iradlarımı ona bildirdim. Toğrul bəy mənə dedi ki, həmin puldan klinikaya cəmi 450-460 manat xeyir qalıb, qalan pullar xəstənin müalicəsinə xərclənib. Ancaq mən bununla razılaşa bilmirəm. Axı, xəstə əməliyyat olunmayıb, uzun müddətli müalicə kursu keçməyib. Cəmi üç günə klinikaya ödədiyim 5000 AZN –dən 3100-ü nəyə xərclənib? Bütün bu məsələlərə cavabdeh olan baş həkim Sevda Cəfərova hara baxırdı? Guya baş verənlərdən onun xəbəri yox idi?! Niyə mən təkidlə soruşandan sonra xəstənin öldüyünü etiraf etdilər? Bəlkə vaxtı uzatmaq istəyirdilər ki,daha bir neçə gün keçsin,yerdə qalan pulu,yəni 1900 AZN-i də “silsinlər” ? Bu qədər insafsızlıq,vicdansızlıq olar? Heç olmasa, imkan verəydilər həyat yoldaşımı evə aparaydım,son nəfəsində övladlarını görəydi.

Hazırdəa mən özüm də xəstəyəm və üç oğlan uşağı ilə qalmışam kirayələrdə,küçələrdə. Yoldaşıma görə aldığım borcları da geri qaytara bilmirəm.Belə çıxır ki,kim savadsız və arxasızdırsa, “Medi Club”ın həkimləri hiylə yolu ilə onların pulunu əlindən alıb mənimsəyirlər. İndi çox çarəsiz vəziyyətdəyəm və nə edəcəyimi bilmirəm”.

Faktinfo.az-a təqdim edilən bu şikayət ərizəsini həqiqətən də ürək ağrısız oxumaq olmur. Budurmu Azərbaycan səhiyyəsi, bu qədər vicdansızdırmı bizim bəzi həkimlərimiz? Yəni, insanlıq bu qədərmi ölüb? O cür imkansız, çarəsiz, məzlum bir şəxsdən bu qədər pulu necə alıb yemək olar? Bunu Allah götürərmi? Bəs Səhiyyə Nazirliyi, digər aidiyyatı dövlət qurumları bu məsələyə, görəsən, necə qiymət verəcək? Həqiqətənmi dərindən araşdırılmayacaq ki, Bənnayeva Sevda Şərif qızı Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində niyə normal müalicə olunmayıb ki,vəziyyət də sonda gəlib bu həddə çatıb? Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Ulduz Əlicabbarovadan soruşan olmayacaqmı ki,bir həftə ərzində xəstəni düşdüyü vəziyyətdən çıxartmaq üçün həkim adına hansı əməli iş gördün? Belə suallar yetərincədi. Növbəti yazılarımızda həmin suallara aydınlıq gətirməyə çalışacağıq.

Faktinfo.az KİV haqqında qanunun tələblərinə uyğun olaraq, qarşı tərəfin münasibətini öyrənmək üçün “Medi Club”ın rəhbərliyinə rəsmi sorğu göndərib.O vaxtdan bir aydan çox keçməsinə baxmayaraq, sorğuya cavab verilmədi.

Eyni zamanda, Respublika Klinik Xəstəxanasının həkimi Ulduz Əlicabbarova ilə əlaqə saxlamaq üçün çoxsaylı cəhdlər etsək də, heç bir nəticə olmadı.

Geri qayıt