Əsas Səhifə > Siyasət, Manşet > Etibar Pirverdiyevə İLGİNC İTTİHAM
Etibar Pirverdiyevə İLGİNC İTTİHAM30-10-2018, 09:02 |
Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalının artırılması uzun illərdir ki, müzakirə olunur. Dövlət səviyyəsində bu istiqamətdə bir sıra addımların atılmasına 2000-ci illərin əvvəllərində start verilib. Belə ki, 2004-cü ildə prezident tərəfindən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqlənib. Eyni zamanda dövlətin bu sahə üzrə müəyyən etdiyi siyasətin həyata keçirilməsi üçün müvafiq dövlət qurumu - Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Müxtəlif vaxtlarda Azərbaycanda külək və günəş enerjisi istehsalı müəssisələrinin yaradılması istiqamətində müəyyən addımlar atılsa da, bu istiqamətdə ciddi dönüş yaratmaq mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə, uzun müddət ərzində Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalının artırılmasına, bu sahəyə investisiyaların yönəldilməsinə “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev tərəfindən maneələr yaradılıb. Burada əsas məqsəd ənənəvi enerji istehsalı güclərinin yaradılmasına daha çox vəsaitin yönəldilməsinə nail olmaq olub. Belə ki, Azərbaycanda istilik elektrik stansiyalarında enerji istehsalı zamanı yüksək həcmdə şərti yanacaqdan(mazut və qaz) istifadə olunur. Enerji istehsalında sərf olunan şərti yanacağın miqdarının çoxluğuna görə Azərbaycan uzun müddət region ölkələri arasında öndə gedib. Mazut və qazı “Azərenerji” Dövlət Neft Şirkətindən (SOCAR) güzəştli qiymətə alır. Aldığı yanacağın dəyərini ödəməyən “Azərenerji”nin SOCAR-a olan borcları - yüz milyonlarla manat dəfələrlə dövlət tərəfindən bağışlanıb. Mütəxəssis hesablamalarına görə, 3000 Kvt-a qədər gücə malik alternativ elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, Azərbaycanda külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi deməkdir. Azərbaycanda külək enerjisinin istehsalı sahəsində geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Mütəxəssislərin fikrincə, hər hansı yaşayış massivi - konkret halda mikrorayon üçün tələb olunan illik elektrik enerjisinin təqribən 30 faizini küləkdən almaq olar. Bundan əlavə, Azərbaycanda yalnız kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar. Statistikaya görə, ölkənin illik külək enerjisi ehtiyatı 800 meqavatdır. Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, ölkənin günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən edilib ki, Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr yüksəklikdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir. Göründüyü kimi, bu qədər imkanların qarşılığında Azərbaycanda istehsal olunan elektrik enerjisinin heç 10 faizi də alternativ və bərpa olunan enerji mənbələrindən alınmır. Yuxarıda qeyd olunan rəqəmlər E.Pirverdiyev və onun himayəçilərinin hansı səbəbdən mazutun istifadəsini kəskin şəkildə azaldan külək və günəş enerjisi istehsalının artırılmasına qarşı çıxdıqlarını aydın izah edir. Onların yaratdıqları maneələrin nəticəsidir ki, illərdən bəridir Bakı ətrafında planlaşdırılan günəş elektrik stansiyalarının açılışı hələ də baş tutmur. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən həmin stansiyaların özəl sektorun sərmayəsini gözlədiyini deyirlər. Halbuki hər biri 10-15 milyon manat tələb edən stansiyaların qurulmasını dövlət hesabına rahatlıqla həyata keçirmək mümkündür. Bu günlərdə açıqlanmış plana görə, Azərbaycan 2020-ci ilə kimi imkan gücü 10 faizə qədər bərpa olunan enerji mənbələrinin dövriyyəyə daxil edilməsini nəzərdə tutur. Əsas hədəf 2025-2030-cu ilə kimi bunun iki-üç dəfə artırılmasıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəylinin sözlərinə görə, bunun nəticəsində Azərbaycan 2030-cu ildə 8 milyard kilovat saat təmiz bərpa olunan enerji mənbələrindən enerji əldə etməklə yanaşı, orta hesabla 3,2 milyard kubmetr təbii qaza qənaət etmiş olacaq. “Yeni Müsavat” Geri qayıt |