Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudov yenə istintaqa çağırıla bilər

Eldar Mahmudov yenə istintaqa çağırıla bilər


28-09-2018, 09:28
Eldar Mahmudov yenə istintaqa çağırıla bilər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs- qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub və V.Mahmudovun həbs müddəti daha 3 ay uzadılıb. “Report”un məlumatına görə, istintaq orqanı tərəfindən Vüqar Mahmudova əlavə ittihamlar irəli sürülüb. Sayt yeni ittihamların mahiyyətinə aydınlıq gətirmir.

“Yeni Müsavat” xəbər verir ki, Vüqar Mahmudova bu ilin iyununda əlavə ittihamlar elan edilmişdi. Həmin vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində işi araşdırılan Vüqar Mahmudova Cinayət Məcəlləsinin 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə əlavə ittiham verilmişdi.

Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi və “qara kassası” funksiyasını həyata keçirmişdi. Polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. Vüqar Mahmudovun barəsində 2017-ci il noyabrında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib və sonradan müddət bir neçə dəfə artırılıb.

“MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri, iş adamı Maqsud Mahmudov Vüqar Mahmudovu ondan şəxsən 170 min dollar almaqda ittiham edirdi.

Bu haqda M.Mahmudovun qəzetimizə açıqlamasından sitat: “Əmisi oğlu olan köməkçisi Vüqar Mahmudov məndən 170 min dollar alıb və Eldar Mahmudova verib. Eldar Mahmudovla görüşsəm, ondan soruşacağam ki, gecələr rahat yata bilirsən? Bizdən hədə-qorxu ilə aldığın pullara tikdirdiyin imarət sənə dar gəlmir, sıxmır səni? Bizim pulumuzla aldığı o bahalı maşınlar, evlər ona haramdır, qanla qusacaq hamısını. Olmaz belə pul qazanmaq, görsəm deyəcəyəm ki, pulu kişi kimi qazanmaq lazımdır. Şərlə-şantajla adam tutub, böhtan atmaqla həbs etdirib pul qazanmağın sonu bu gün düşdüyü vəziyyətdir”.

V.Mahmudovun adı “Karvansaray” ticarət mərkəzinin payçılarının əlindən alınmasında da keçirdi. Payçılardan biri olmuş Elşən Kərəm “Yeni Müsavat”a bu haqda demişdi: “Üz-üzə gəlsəm Nizami Quliyevi niyə xəstə salıb ölümünə bais olduğunu xəbər alacağam. ”Karvansaray" ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonradan 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına qalmayan oyunu açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. Sapsağlam adam idi. Dəfələrlə əməliyyat olundu, 2016-cı ilin iyununda dünyasını dəyişdi. Onun ölümü Eldar Mahmudovun vicdanındadır. Biz payçıları da məhv edib. Bu gün onunla üz-üzə gəlsəm hamı kimi mən də üzünə tüpürərdim. Bizim başımıza nə gəlibsə, hamısı Eldar Mahmudovun başçılığı altında olub. Biz bu gün də özümüzə gələ bilməmişik. 5 il əvvəl başımıza açdıqları müsibətləri xatırlayanda özümü çox pis hiss edirəm. Bizə ən böyük pisliyi edən Eldar Mahmudov, onun ətrafı olub".

Yada salaq ki, sabiq milli təhlükəsizlik naziri ötən ilin noyabrında bu işlə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Belə görünür ki, sabiq MTN şefi yenidən bu zəhmətə qatlaşmalı olacaq.
“Yeni Müsavat”

Geri qayıt