Əsas Səhifə > Siyasət, Manşet > Yəhya Musayev rəqiblərini cəzalandırıb
Yəhya Musayev rəqiblərini cəzalandırıb14-08-2018, 09:20 |
Müdafiə Sənayesi Nazirliyində (MSN) daxili çəkişmələr davam edir. İddia olunur ki, hazırda müdafiə sənayesi nazirinin vəzifələrini icra edən Yəhya Musayev rəqiblərinə qarşı “amansız” davranır və onları sıradan çıxarmağa çalışır. MSN daxilindəki mənbələrin Reyting.az saytına verdikləri məlumata görə, mərhum nazir Yavər Camalovun 40 mərasimi çıxar-çıxmaz Y. Musayev Nazirlikdəki bütün rəqiblərinə, o cümlədən Y. Camalovun kadrlarına qarşı fəaliyyətə keçib. Nazir olmaq istiqamətində ona maneə sayılan bütün kadrları “vurmağa başlayan” Y. Musayevə yaxın dairələr nazirlikdə “təmizləmə əməliyyatı” həyata keçiriləcəyinə dair fikirlər səsləndirirlər. Belə ki, Y. Musayev bu çərçivədə müəyyən addımlar atmağa başlayıb. Ötən həftənin əvvəlində Y. Musayev MSN-nin bir sıra müəssisələrinin rəhbərlərinə töhmət və şiddətli töhmətlər verib və xəbərdarlıqlar edib. Y. Musayevin imzaladığı əmrlə töhmət alanlar arasında MSN-in aparıcı istehsal müəssisələrinin rəhbərləri, xüsusilə də fəaliyyətləri ilə fərqlənən “Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov, “Üfiq” İstehsalat Birliyinin direktoru Çingiz Əliyev, “Optika-Mexanika” İstehsalat Birliyinin direktoru Xəqani İsayev, eləcə də bir sıra zavodların direktorları da var. Adları çəkilən birinci iki şəxs mərhum nazir Y. Camalovun və ailəsinin etibar etdiyi, dəstəklədiyi rəhbər işçilərdən sayılır. Fevral ayında “Optika-Mexanika” İstehsalat Birliyinə direktor təyin edilmiş Xəqani İsayev isə hazırda adı nazir postuna hallanan “Cihaz” İstehsalat Birliyinin direktoru Fəllah Quliyevin kadrıdır. O, bu vəzifəyə F. Quliyevin təqdimatı ilə mərhum nazir Y. Camalov tərəfindən təyin edilib. Əslən Tovuz rayonundan olan Fəllah Quliyev MSN-də nazir postuna ən layiqli namizədlərdən sayılır. Hazırda nazirliyin xaricə ixracatının demək olar ki, hamısı məhz F. Quliyevin çalışmaları sayəsində reallaşır. F. Quliyev özünün kanalları vasitəsi ilə rəhbərlik etdiyi birliklə yanaşı digər istehsalat birliklərinin də məhsullarının ixracını təmin edərək, müəssisələri “ayaqda saxlayır”. Eləcə də Müdafiə Nazirliyi tərəfindən bir çox məsələlərdə F. Quliyevə “yaşıl işıq” yandırılmaqdadır. Yəhya Musayevin kadrları buna görə, F. Quliyevlə münasibətləri birbaşa pisləşdirməkdən qaçırlar. Reyting.az saytı nazirlikdən məsələyə münasibət öyrənə bilməyib. Y. Musayevin və adıçəkilən digər şəxslərin fikirlərinə yer ayırmağa hazırıq. Geri qayıt |