Əsas Səhifə > Siyasət, Manşet > İki rayonumuz üçün bir təhlükə mənbəyi...
İki rayonumuz üçün bir təhlükə mənbəyi...23-07-2018, 09:44 |
Tərtər çayının yatağındakı mövcud duruma diqqət yetirəndə, ilk olaraq ağıla gələn Bərdə və bərdəlilər üçün yarana biləcək təhlükədir. Çay yatağında istirahət üçün bulvar və parkların yaradılması, məktəb, uşaq bağçası, 10 mərtəbəli yaşayış binası, digər şirkət və ticarət obyektlərinin tikilməsi bu təhlükəni daha da artırır. Tərtər çayı mənbəyini işğal altında olan Kəlbəcərimizin buz bulaqlı yaylaqlarından götürür. 1970-ci illərdə çayın qarşısı Ağdərə rayonu ərazisində bəndlənərək SES yaradılıb. Müharibənin başlandığı dönəmdən bu günə qədər su anbarında təmir-bərpa işləri də aparılmayıb. Bu barədə ekoloqlarımız da həmişə narahatçılıqlarını ifadə ediblər. Mütəxəssislərin fikrincə, Sərsəng su anbarının dağılması böyük bir ərazini humanitar fəlakətlə üz-üzə qoya bilər. Bərdə və Tərtər də daxil olmaqla bir sıra rayonlarımız üçün qəzanın nəticələri faciə demək olar. Bu, kifayət qədər ciddi təhlükədir. Buna baxmayaraq, göz qabağında olan fəlakəti görən yoxdur. Tərtər çayının yatağında əvvəllər sahil bərkitmə işləri aparılsa da, bu gün həmin bəndlərin içi qalın meşəliklərə çevrilib. Bu halın özü də baş verə biləcək daşqın vəziyyətində ağacların maneəyə çevrilməsi, şəhərin su altında qalması ehtimalını yaradır. Ən azından, çay yatağını təmizləməklə selin rahat ötüb keçməsi üçün yol açmaq olar. Fəlakətin nəticələrini minimuma endirmək üçün xüsusi plan belə, hazır olmalıdır. Yaşlı nəslin nümayəndələrinin fikrincə, güclü sel hər an gələ bilər. Dəfələrlə çay daşqını ailə faciələrinə səbəb olub. Çayda çimən, ya da sahilində oynayan uşaqlar qurbana çevriliblər. Sputnik Azərbaycan-a danışan şəhər sakini Rafiq Hüseynov 1985-ci ildə baş verən dəhşətli hadisəni xatırlayır: "Hadisə gözlənilmədən baş verdi. Günəşli hava idi. Qəflətən gələn sel yataqda nə vardısa, ağuşuna alıb apardı. Fazil adlı kişinin uşağı da həmin vaxt selin qurbanına çevrildi. Çay sakitləşəndən sonra nə qədər axtarıldısa da, faydası olmadı. Uşaq yoxa çıxdı". Başqa bir şəhər sakini Vüsal Məmmədov da 94-95-ci illərdə belə bir hadisə olduğunu qeyd edir. Bildirir ki, uzaq qohumu olan bir ailənin iki uşağını sel aparıb. Qız uşağını xilas eləmək mümkün olsa da, oğlanı tapmaq mümkün olmayıb. Bu gün Tərtər çayının suyu az gəldiyi üçün heç kimin ağlına pis hadisə gəlmir. Sanki, burada sel təhlükəsindən sığortalanıblar. Çayın yatağında 10 mərtəbəli yaşayış, 1000 yerlik məktəb binası, uşaq bağçası, şadlıq sarayları, restoranlar, ticarət və biznes obyektlərinin inşası həyata keçirilib. Bulvar və parklar yaradılıb. Ərazidə indi də tikinti işləri davam etdirilir. Nəzərə alsaq ki, Tərtər çayı üzərində qurulan Sərsəng su anbarı erməni işğalı altındadır, deməli, təhlükə hər an var. Leysan yağışların düşdüyü vaxtda bir bəhanə yetər ki, ermənilər "anbarda suyun səviyyəsi qalxıb" — deməklə bəndin qapılarından birini qaldırsınlar. Yarana biləcək fəlakətin miqyasını təsəvvür eləmək çətin deyil. Azərbaycanlı mütəxəssislər də zaman-zaman Sərsəng su anbarının drenaj mühafizə sisteminin, qoruyucu avadanlıqlarının eroziyaya məruz qaldığını bildiriblər. Qeyd ediblər ki, Sərsəng su anbarında yaranmış qəzalı vəziyyətə görə Tərtər və Bərdə rayonları su basma təhlükəsi qarşısındadır. Sərsəng su anbarındakı təhlükəli vəziyyətlə bağlı AŞPA-nın da qətnaməsi var. Bu qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi tələb olunur. Deməli, Tərtər çayında baş verə biləcək təbii fəlakət təhlükəsi AŞPA kimi beynəlxalq qurumu belə, narahat edir. Çay yatağında mövcud durum isə bizim bu narahatçılığa əhəmiyyət vermədiyimizi göstərir. Ümid edək ki, səlahiyyətli şəxslər baş verə biləcək hadisə barədə istənilən ehtimala diqqətlə yanaşacaq, milli təhlükəsizliyimiz naminə zəruri addımlar atacaqlar. Geri qayıt |