Əsas Səhifə > Siyasət, Manşet > Şamaxıda bələdiyyə sədri icra başçısının adamını İFŞA ETDİ

Şamaxıda bələdiyyə sədri icra başçısının adamını İFŞA ETDİ


20-07-2018, 09:58
Şamaxıda bələdiyyə sədri icra başçısının adamını İFŞA ETDİ
Şamaxı rayonu I Çaylı kənd Bələdiyyəsinin sədri Fətullayev Əzizbaba Atakişi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Müəllif rayon icra nümayəndəsi Fazil Gülliyev və ona havadarlıq edənlərin qanunsuz əməlləri ilə bağlı fikirlərini açıqlayıb. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Şamaxı rayonu I Çaylı Bələdiyyəsi ilə Fazil Gülliyev arasında 6 noyabr 2000-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqda müqaviləyə əsasən, 150 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilib. Lakin F.Gülliyev icarəyə götürdüyü torpaq sahəsinə görə bələdiyyəyə icarə haqqı ödəməyib. Biz məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etsək də, İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarə etmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərov 11 aprel 2017-ci il tarixli cavab məktubu göndərərək bildirib ki, guya F.Gulliyev icarəsində torpaq sahəsi olmadığı haqda izahat verib. Onun oğlu Vüsal Gülliyevin torpaq sahəsi var və o da guya icarə haqlarını vaxtlı-vaxtında verib.

F.Gülliyev izahatlarında bildirib ki, guya I Çaylı Bələdiyyəsi ilə onun oğlu Vüsal Gülliyev arasında 2004-cü ildə torpaq icarə müqaviləsi bağlanıb. Həmin müqavilədən sonra da o, guya vergilər vaxtlı-vaxtında ödəyib. Halbuki Fazil Gülliyevin oğlu Vüsal Gülliyev 1989-cu il təvəllüdlüdür. Və 2004-cü ildə onun oğlunun 15 yaşı vardı. 15 yaşlı uşağın isə müstəqil şəkildə hansısa müqavulə bağlaması qanunvericilikdə yolverilməzdir. Eyni zamanda onu da qeyd edək ki, birinci Çaylı Bələdiyyəsinin arxiv sənədlərində Güliyev Vüsal Fazil oğlu ilə torpaq icarəsi müqaviləsi bağlanması barədə heç bir məlumat aşkar edilməyib.

Görünür, Fazil Quliyev icra nümayəndəsi vəzifəsində çalışdığına görə, kommersiya fəaliyyəti ilə məşğul olmadığı görüntüsü yaratmaq üçün oğlu Vüsal Güliyevin adına saxta icarə müqaviləsi hazırladaraq, məsələni araşdırılan orqanlara təqdim edib.

Lakin bizim şikayətimizi araşdırmaq vəzifəsi daşıyan Şamaxı rayon İcra Hakimiyyəti Vüsal Güliyevin adına bağlandığı bildirilən icarə müqaviləsinin tarixinə və Vüsal Güliyevin doğum təvəllüdünə diqqət yetirməyib. Daha doğrusu, göz yumub. Bələdiyyə sədri Fətullayev Əzizbaba Atakişi oğlunun icra nümayəndəsi Fazil Güliyevin etdiyi qanunsuz hərəkətlərlə bağlı cənab Prezidentə və bir neçə digər dövlət orqanlarına ünvanladığı ərizələr və göstərdiyi faktlar əsasında Şamaxı rayonu I Çaylı kəndi üzrə icra nümayəndəsi Fazil Güliyev barəsində Şamaxı rayon prokurorluğunda 5 iyin 2017-ci il tarixdə cinayət işinin başlanması haqda qərar qəbul olunub. Prokurorluqda aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Fazil Güliyev Şamaxı rayon Məhkəməsinə verdiyi izahatında bidirib ki, o, öz adında olan icarə müqaviləsini 2004-cü ildə oğlu Güliyev Vüsal Fazil oğlunun adına keçirib. Lakin İ Çaylı Bələdiyyəsi Şamaxı arxiv filialına 2000-2010-cu illərə vedriyi sənədlərdə Fazil Güliyevin dediyi sənədə rast gəlinməyib. Bundan başqa, onun Şamaxı rayon məhkəməsinə təqdim etdiyi icarə müqaviləsindəki imzalar məhkəmə xətşünaslıq ekspertizasında yoxlanılıb və məlum olub ki, müqavilədəki “bələdiyyə sədri” sözünün qabağındakı imza həmin dövr bələdiyyə sədri işləmiş mərhum Xanmusa Nağıyevə, “icarəyə götürən” sözünün qabağındakı imza isə Vüsal Güliyevə aid deyil.

Aparılan ilkin araşdırma zamanı o da müəyyən edilmişdi ki, Güliyev Vüsal Fazil oğlunun 15 hektar torpaq sahəsinin 30 mart 2004-cü il tarixli qərarı, həmin tarixli iclas protokolu, habelə torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi, Yer quruluşundan çıxarış, torpağın təhvil-təslim sənədləri vəzifəli şəxslər tərəfindən saxtalaşdırılıb. Bu üzdən də toplanmış sənədlər əsasında Cinayət Məcəlləsi 313-cü maddəsi ilə cinayət işi başlanmışdı.

F.Güliyevin göstərilən cinayət əməllərini törətdiyi, istintaq araşdırması nəticəsində qəbul edilərək, 15 avqust 2017-ci il qərarında öz təsdiqini tapıb. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə, cinayət işi üzrə icraata xitam verilıb.

Daha sonra Şamaxı rayon prokuroru cənab Zakir Müslümov Şamaxı rayon İcra Hakimiyyətinə 15 avqust 2017-ci il tarixli təqdimatla müraciət edərək, I Çaylı kənd kənd icra nümayəndəsi Fazil Quliyevin qanunsuz əməlləri ilə bağlı tədbir görülməsi və nəticəsi haqda prokurorluğa məlumat verilməsini tələb etmişdi.

I Çaylı Bələdiyyəsi Şamaxı rayon Məhkəməsinə də müraciət edib. Cavabdeh tərəf Fazil Gülliyev saxtalığının prokurorluq tərəfindən təsdiq olunduğunu bildiyi halda, məhkəmədə həmin müqavilədən istifadə edib. Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətov da həmin müqavilədən istifadə edərək Fazil Gülliyevin xeyrinə qərar çıxarıb.

Daha sonra appelyasiya şikayəti verilib. Fazil Gülliyev heç bir şeyə məhəl qoymayaraq Apellyasiya Məhkəməsində həmin müqavilədən istifadə edib. Sumqayıt Appelyasiya Məhkəməsi də onun xeyrinə qərar çıxarıb. Saxtalığı ekspertlər və prokurorluq tərəfindən sübuta yetirilən bir sənədi dəfələrlə məhkəmə iclaslarında, işi araşdıran digər orqanların da istifadə etməsinə baxmayaraq, hələ də onun barəsində tədbir görülməyib, cinayət işinə başlanılmayıb. Onun özbaşınalıqlarına hər kəs göz yumur. Çünki onun arxasında Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, onun müavini, həm də Sumqayıt çəhər İcra Hakimiyyətinin birinci müavini, Fazil Güliyevin dayısı oğlu olan Teymur Səmədov durur. O, həm də Teymur Səmədova arxalanır.

Sizdən xahiş edirəm adı qeyd olunan Fazil Güliyevin elədiyi qanunsuz əməllərə layiqli cəza verilməsi üçün məsələni içtimailəşdirəsiniz”.

Geri qayıt