Əsas Səhifə > Siyasət, Manşet > Adil Vəliyevin kantoru vəziyyətdən belə çıxır

Adil Vəliyevin kantoru vəziyyətdən belə çıxır


7-07-2018, 09:41
Adil Vəliyevin kantoru vəziyyətdən belə çıxır
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ev 27-də yaşayan, Ermənistandan qaçqın olan Naibə Hacıyeva redaksiyamıza şikayət məktubu ünvanlayıb. Şikayətçi məktubunda qeyd edib ki, məcburi köçkün olduğu vaxtdan bu günə qədər ailəsi ilə birgə həmin ünvanda məskunlaşıb.

Lakin ötən ayın 8-də evdə baş verən yanğın ailəsini çətin vəziyyətə salıb: “İyunun 8-də ailə üzvlərimizin evdə olmadığı bir vaxtda yaşadığımız evdə yanğın hadisəsi baş verdi. Nəticədə 110 kv.m-lik yaşayış evimiz və içindəki məişət əşyaları, şəxsi sənədlərimiz, o cümlədən digər yaşayış üçün zəruri olan əşyalarımız yandı. Qonşular da öz imzaları ilə akt təsdiqləyib bildiriblər ki, yanğın ərəfəsində enerji verilişi dayandırılıb, enerji verilişi bərpa olunan zaman yüksək gərginlik verilişi hiss olunub. Hadisə yerinə gələn yanğın söndürmə qrupunun işçilərinin, bələdiyyə, kənd icra nümayəndələrinin, mütəxəssislərin də verdiyi rəyə görə yanğına səbəb yüksək gərginliyin verilişi olub.

Yanğının ucbatından ailəmiz acınacaqlı vəziyyətə düşüb, maddi vəziyyətimiz daha da ağırlaşıb. Bu səbəbdən yaşayış şəraitimizi minimum da olsa bərpa edə bilmirik".

Şikayətçi qeyd edib ki, yaranmış vəziyyətilə bağlı rəsmi qurumlara müraciət etsə də, nəticəsi olmayıb:

“Bu barədə ərazi bələdiyyəsinə, ərazi icra nümayəndəliyinə və rayon icra hakimiyyətinə rəsmi müraciət etməyimizə baxmayaraq yerli hakimiyyət nümayəndələri hərəkətsizlik göstərər, müxtəlif bəhanələrlə bu işdə ailəmizə yardım etməkdən boyun qaçırır, dərdimizi dinləmək istəmir, ”ötür-ötür" oynayırlar.

Qeyd edim ki, ailə başçısı işsizdir və iki övladım tələbədir. Maddi vəziyyətimiz çox ağır durumdadır. Üstəlik, evin bu cür yanması ailəmizi daha da acınacaqlı vəziyyətə salıb. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsəldə bizə köməklik göstərilsin".

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, şikayətçi Sabunçu qəsəbəsində yaşadığından sualımıza qəsəbə nümayəndəliyi cavab verə bilər. Qəsəbə nümayəndəliyindən isə tezliklə məsələ ilə bağlı açıqlama veriləcəyini bildirsələr də, sonradan zənglərimiz cavabsız qaldı.

Geri qayıt