Əsas Səhifə > Siyasət, Manşet > Adli Vəliyev yenə də öz ampluasında

Adli Vəliyev yenə də öz ampluasında


6-06-2018, 09:15
Adli Vəliyev yenə də öz ampluasında
Sabunçu rayonundakı Ramana qəsəbəsinin sakini rayonun səlahiyyətli nümayəndələrini qorxutmaq üçün intihar yolunu seçib. Qadın Sabunçu rayon İcra Hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq onları özünü metronun altına atacağı ilə hədələyib. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olduğu kimi, iyunun 4-də Ramana qəsəbəsi ərazisindəki Şuşa şəhərciyinin sakini, 1975-ci il təvəllüdlü Rəhimova Kəmalə Lətif qızı "28 May" metrostansiyasında intihara cəhd edib. Xoşbəxtlikdən, Bakı metropoliteni ərazisindəki polis əməkdaşları qadını bu addımı atmaqdan çəkindiriblər. Qadın asayiş keşikçilərinə bildirib ki, onu bu addımı atmağa Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları təhrik edib. Öz növbəsində Abbas adlı işçi onun evini yıxmağa başlayıb, evə artıq 2 min manat dəyərində ziyan dəyib.

Asayiş keşikçiləri isə Rəhimovanın icra hakimiyyətinin nümayəndələrinin hərəkətlərinə etiraz əlaməti olaraq özünü qatarın altına ata biləcəyinə inanmayıblar. Rəhimovanın hərəkəti göstərib ki, bu, sadəcə təzyiq vasitəsidir, çarəsizliyin son həddi deyil.

Eyni zamanda, Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Şuşa şəhərciyinin yanında Kənd Təsərrüfatı Nazirliyinin balansında olan boş ərazi var. Bu ərazidə aparılan istənilən tikinti qanunsuz sayılır.

Məcburi köçkünlərin yerləşdirildiyi Şuşa şəhərciyində beşmərtəbəli yaşayış binaları tikilib. Amma orada çoxlu fərdi yaşayış evləri də var. Bu evlərin əksəriyyəti qanunsuz tikilib.

"İcra Hakimiyyətinin nümayəndələri vaxt-vaxt əraziyə gedərək burada qanunsuz ev tikənlərə xəbərdarlıq edirlər. Heç kəs birbaşa evlərin sökülməsinə başlamır. Əgər qanunsuz tikilmiş evin sahibi hakimiyyət nümayəndəsinin xəbərdarlığına məhəl qoymasa, onda onun evi məhkəmənin çıxardığı qərara əsasən sökülür. Yəqin ki, Rəhimovanın evinin sökülməsinə məhkəmənin qərarı əsasında başlanılıb" — deyə polisdən bildiriblər.

Hüquq mühafizəçilərinin sözlərinə görə, qanunsuz tikililərin sökülməsi ilə bağlı münaqişələr daim baş verir. Bu vəziyyət paytaxt ətrafında bütün istiqamətlərdə müşahidə edilir. "Gəlmələr" Bakıda müxtəlif yollarla özlərinə ev tikməyə çalışırlar. Onlar harada boş yer görsələr, heç bir razılaşma, sənədləşmə olmadan, maşına hörgü daşlarını yığıb həmin əraziyə boşaldır və orada özünə ev tikməyə başlayır. Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri isə onları qanunsuz yaşayış yerləri ilə bağlı sadəcə xəbərdarlıq etməyə yetişir.

"Maşınlara daşı gecələr yükləyib gətirirlər. Səhər yuxudan duranda, görürsən ki, artıq evin bir hissəsi tikilib. İcra hakimiyyətinin nümayəndələri polislə birlikdə həmin qanunsuz inşaatın aparıldığı ünvana gəlirlər və insanlara izah etməyə çalışırlar ki, işi qanun çərçivəsində görmək lazımdır. Qanunsuz evin sahibləri isə dərhal ağlaşmağa başlayırlar ki, yaşamağa yerləri yoxdur, ona görə də bu addımı atmağa məcburdurlar. Bu yaxınlarda Azərbaycanın cənub bölgəsindən olan sakinlərdən biri bəyan edib ki, əgər İcra Hakimiyyətindən kimsə gəlib onun evini sökməyə cəhd göstərsə, onu elə şərləyəcək ki, altından çıxa bilməyəcək" — deyə polis bildirib.

Hüquq mühafizəçiləri onu da əlavə ediblər ki, bu problemin həll yolu var. Birincisi, ev tikmək üçün icazə almaq lazımdır. İkincisi, əgər icra hakimiyyəti razılıq verməsə, məhkəmə orqanları var, problemin həlli üçün onlara müraciət edilməlidir. İntihar isə çıxış yolu deyil. Hal-hazırda oxşar vəziyyətdə olanlar üçün intihara cəhd, sadəcə, şantaj yollarından biridir.




Geri qayıt