Əsas Səhifə > Siyasət, Manşet > İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə

İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə


26-04-2018, 08:58
İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə
Nazirlər Kabinetinin üzvləri sırasında vəzifələrini itirən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevin başı üstündə “qara buludlar” dolaşır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb: “Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyevin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin işi barədə də sərt danışıb. O, deyib ki, Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır: “Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutub, xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib. Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamalarını hər iki qurumda korrupsiya və rüşvətxorluğun ifşa olunması kimi qiymətləndirirlər.

Maraqlıdır, Ramiz Mehdiyevin Diaspora Komitəsində dövlətin ayırdığı pulların təyinatı üzrə xərclənmədiyi, Dövlət Miqrasiya Xidmətində isə rüşvətxorluğun olduğu barədə dedikləri həmin pozuntularla bağlı cinayət işi açılmasını zəruri edirmi?

Hüquqşünas Ələsgər Əhmədoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident Administrasiyasının rəhbərinin həmin bu ifadələri açıq şəkildə araşdırma başlamaq üçün əsasdır: “Cinayət Prosessual Məcəlləyə əsasən, KİV-də yayılan məlumatlar cinayət araşdırması başlamaq üçün əsas ola bilər. Bu ifadələr də KİV vasitəsilə yayılıb. Ona görə də cinayət işi açılıb araşdırma aparılması üçün əsas yaranır”.

Hüquqşünas Cavad Cavadov da modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir: “Maliyyə məsələlərinin qeyd edilməsi korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

Hüquqşünas bildirib ki, yeni komitə sədri özü də bununla bağlı müraciət edə bilər: “Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər: “Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu Məcəllənin 179.1. və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə- əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov isə komitənin fəaliyyətinin təftişinin mümkünlüyü barədə danışarkən deyib ki, işləri göz qabağında olub. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq.

Dünən bir sıra saytlar isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus olduğu iddia edilən dəyəri milyonlarla manatlarla ölçülən villaların fotolarını yayıb.

Unikal.org saytı isə xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, kənd təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Saytın əldə etdiyi məlumata görə, bu kimi yeyinti halları, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyon manatlarla pulun hesabını verməli olacaq. Onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.
“Yeni Müsavat”

Geri qayıt