Əsas Səhifə > Siyasət, Manşet > Elmar Məmmədyarov gedirmi, qalırmı...

Elmar Məmmədyarov gedirmi, qalırmı...


21-04-2018, 09:50
Elmar Məmmədyarov gedirmi, qalırmı...
Azərbaycanda yeni hökumətin formalaşması ərəfəsində komandadan kimlərin uzaqlaşdırıla biləcəyi haqda geniş müzakirələr gedir. Müzakirələr əsnasında adı hallanan nazirlərdən biri də xarici işlər naziri Elmar Məmmədyarovdur.

Son zamanlar hakimiyyətə yaxın deputat və ekspertlərin də tənqid hədəfi olan Məmmədyarovun yerinə təyin olunacaq şəxsin adı ilə bağlı da məlumatlar dolaşır. “Yeni Müsavat”ın məlumatına görə, Məmmədyarovun yerinə təyin olunacaq şəxs Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanovdur.

Yada salaq ki, seçki debatlarında prezidentliyə namizəd Zahid Oruc çıxışlarının birindi Məmmədyarov barəsində tənqidi fikirlər səsləndirmişdi. Z.Oruc vurğulamışdı ki, E.Məmmədyarov on illərdir ki, apardığı danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməyib: “Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?”

Deputat Fəzail Ağamalı da həm Milli Məclisdəki çıxışında, həm də “Yeni Müsavat” a açıqlamasında bildirmişdi ki, Məmmədyarovun fəaliyyəti günün tələblərinə cavab vermir: “İşğal olunmuş torpaqlarımızın azad edilməsinə cavab verən fəaliyyət aparılmır. Elmar Məmmədyarovun xalqımız qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin. Görünən odur ki, Elmar Məmmədyarov bu işin öhdəsindən gələ bilmir”.

Doğrudanmı Azərbaycanın xarici siyasətində nöqsanların əsas səbəbkarı Elmar Məmmədyarovdur? Onun vəzifədən uzaqlaşdırılması nəyi dəyişəcək?

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın xarici siyasətdəki uğurları prezidentin adı ilə bağlıdır: “Ölkənin xarici siyasəti bilavasitə prezidentin rəhbərliyi altında yürüdülür. Xarici siyasətimizin uğurlarının böyük hissəsi də İlham Əliyevin adı ilə bağlıdır. Onun xarici səfərləri, beynəlxalq təşkilatlarda çıxışları hər kəsə məlumdur. Ona görə də Azərbaycan xarici siyasətinin aparıcı siması kimi hər zaman ölkə prezidenti İlham Əliyevi görmüşəm. Xarici işlər nazirinin özünə gəldikdə isə onu ortabab bir siyasətçi hesab edirəm. O, prezidentin müəyyən etdiyi siyasətin ana xətlərini yerinə yetirməyə çalışır. Çox hallarda da bunu uğurla yerinə yetirir. Ancaq eyni zamanda baş verənlər bunu uğurlu xarici siyasət amili kimi səciyyələndirməyə yetmir. Xüsusən də onun Azərbaycan dilini yaxşı bilməməsi və yaxşı bir natiq olmaması bəzən sadə insanlarda yanlış fikirlərin yaranmasına səbəb olur. Ona görə də bütün bunlar nəticə etibarı ilə Elmar Məmmədyarovla bağlı müsbət fikirlərin formalaşmasına imkan vermir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycanın xarici siyasəti düzgün yoldadır. Bu siyasətin də sükanında Azərbaycan prezidenti İlham Əliyev dayanır”.

Politoloq bildirib ki, Elmar Məmmədyarovu hesabat verməməkdə qınayanlar haqlıdırlar: “Məmmədyarov hər zaman hesabat verməlidir. Ona görə də bu barədə çıxış edən şəxslər, məsələni doğru vurğulayırlar. Məlumdur ki, xarici siyasətin bütün nüanslarını hər kəsin, ictimaiyyətin qarşısında açıqlayıb hesabat vermək olmaz. Ancaq ana xətləri, bilavasitə korrektəyə ehtiyacı olan məsələləri parlamentdə bölüşməlidir. Əgər o, bunu etmirsə o zaman hesab edirəm ki, çox ciddi səhvə yol verir. Bütün bunlar səbəblərdən də şəxsiyyətinə hörmətim olsa da, onu yeni hökumətin tərkibində görməkdə çətinlik çəkirəm. Bu fikirləri onunla əlaqələndirirəm ki, o, yuxarıda da qeyd etdiyim kimi çıxışları ilə sadə camaata təsir edə bilmir. İstərdim ki, daha səlis danışan və bacarıqlı diplomat xarici işlər naziri olsun”.

Geri qayıt