Əsas Səhifə > Siyasət, Manşet > "Bilmirəm, sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar"
"Bilmirəm, sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar"10-04-2018, 08:34 |
"Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı oldu. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Prezident bu ilin birinci rübündə ölkəyə idxal olunan avtomobillərin sayının kəskin artdığını bildirib: "Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artıb. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir". *** "Kənd təsərrüfatı ilə bağlı artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır. Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa". "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atıldığını bildirib: "Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq və bir çox müşavirələr keçirilib. Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək. Biz indi ət, süd məhsulları ilə özümüzü təqribən 80-90 faiz səviyyəsində təmin edirik, amma buğda ilə təminat sahəsində bu rəqəm daha aşağıdır. Ona görə, növbəti illərdə bu sahəyə və eyni zamanda, quş ətinin istehsalına daha böyük diqqət yetirilməli və investisiyalar qoyulmalıdır". *** "Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz". “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Prezident ölkədə kifayət qədər emal gücünün, yəni, şərab zavodlarının olduğunu bildirib: "İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır". *** "Sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. "Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır", - deyə dövlət başçısı bildirib. *** "İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. "Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir, kəndlərin böyük hissəsində də daim diqqət mərkəzində olmalıdır", - deyə prezident bildirib. Dövlət başçısı bu il görüləcək meliorativ tədbirlər barədə də danışıb: "Bu il meliorativ tədbirlər nəzərdə tutulur. Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir". Geri qayıt |