Əsas Səhifə > Siyasət, Manşet > Təhsil naziri postuna iddialıların sayı artır
Təhsil naziri postuna iddialıların sayı artır2-03-2018, 09:07 |
Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən az qala üç aya yaxın vaxt keçsə də, ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə rəhbər təyinatının həyata keçirilməməsi çoxsaylı müzakirələrə yol açıb. “Reytinq” qəzetinin məlumatına görə, təyinatın gecikməsinin əsas səbəbi, əslində, yeni nazir təyinatından sonra bütövlükdə təhsil sektorunda aparılacaq və geniş struktur dəyişikliklərini özündə ehtiva edəcək islahatlar paketinin hazırlanmasıdır. Bildirilir ki, hazırlanan yeni islahatlar layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, həmçinin ali məktəblərə qəbul mexanizminin təkmilləşdirilməsi, o cümlədən təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb. Eyni zamanda, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli islahatlardan biri eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və bəzi ali məktəblərdəki korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılmasıdır. Təbii ki, bunun üçün Təhsil Nazirliyinin başında “dəmir əl” durmalıdır. “Reytinq”in əldə etdiyi məlumata görə, nazir təyinatının ləngiməsi bu posta can atanların sayını artırıb, meydana yeni iddialılar çıxıb: “Mətbuatdan bildiyiniz kimi, bu posta xeyli sayda şəxsin adı hallanıb. Lakin hazırda bu vəzifəyə nisbətən şanslı sayılanlar təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Bakı Ali Neft Məktəbinin rektoru, təhsil nazirinin keçmiş müavini Elmar Qasımovdur”. Məlumatlı şəxs iddia edir ki, hazırda bu üçlük arasında nazir postu uğrunda gizli mübarizə gedir: “Lakin hər iki rektor Ceyhun Bayramovla açıq formada üz-üzə gəlmək istəmir. Çünki Ceyhun Bayramovun qardaşının əlində güclü rıçaqlar var. O, ölkənin maliyyə sektoruna nüfuz edəcək 2-3 nəfərdən biri olan maliyyə naziri Samir Şərifovun “sağ əli” Azər Bayramovdur. O Azər Bayramov ki, yaxın ətrafı ilə bağlı problem yarananda, nazir müavini kimi təmsil etdiyi nazirliyin gücündən rəqiblərinə qarşı dəfələrlə yararlanıb. Elə Gəncə Dövlət Universitetinin keçmiş rektorunun başına hansı oyunların açılıb, onun yerinə gətirilən Yusif Yusifovun kimliyinə diqqət edib, mətbuatda yazılanları araşdırsanız məsələni geniş şərh etməyə ehtiyac olmayacaq. Yusif Yusifovun Maliyyə Nazirliyində xidmət rəisi olan qardaşı Cavanşir Yusifov Azər Bayramovun qrupunda olduğu üçün əvvəlki rektoru asanlıqla “devirib”, onun postuna sahiblənə bildi”. Məlumatda qeyd olunur ki, onlar həm də eyni rayondan – Gədəbəydəndir. Bu qrup bütün rəqiblərinə qarşı maliyyənin verdiyi inzibati güclə vuruşaraq, qalib gəliblər: “Yəni Mustafa Babanlı, Elmar Qasımov və ya bir başqa iddialı buna görə Ceyhun Bayramovu göz önünə alaraq, kompromat savaşına keçə, bununla da iddilarını açıq göstərə bilmirlər. Əks halda onların rektoru olduğu təhsil müəssisələri güclü maliyyə yoxlamalarına məruz qalar və əldə edilən materialllar başlarının bəlasına çevrilər”. Böyük ehtimalla, yoxlama qorxusu C. Bayramovun rəqiblərini ehtiyatlı olmağa vadar edir. Nazir vəzifəsini icra edən Bayramovun isə hər keçən gün iddiası daha da artır: “Ceyhun Bayramova hazırda ən ciddi rəqib keçmiş nazir müavini olan Bakı Ali Neft Məktəbinin rektioru Elmar Qasımovdur. Qasımov hələ Misir Mərdanovun dövründə bu posta sahib çıxmaq istəyib. Lakin saraydaxili çəkişmələrdə daha mahir oyunçu olan Mərdanov onu “vuraraq” arzusunu gözündə qoydu. İndisə vəziyyət fərqlidir. Rəhbərlik etdiyi məktəbdə yeni sistem quraraq imicinin qayğısına xüsusi diqqət edən Qasımov hazırda Bayramov və sürpriz sayılacaq digər iddialılarla birlikdə yeni təhsil naziri vəzifəsinə eyni şansda qiymətləndirilir”. Mənbəmiz deyib ki, təhsil naziri təyinatının seçkiyədək həyata keçirilməsi mümkün görünmür: “Məncə, indiki mərhələdə bu təyinat olmayacaq. Böyük ehtimalla təyinat seçkidən sonra baş tutacaq”. Reyting.az-ın xəbərinə görə, bu arada "Yeni Müsavat” yazıb ki, təhsil naziri postuna təyinat, seçkidən sonra, yəni aprel ayının sonlarına doğru baş tuta bilər. Təhsil üzrə eksperti Kamran Əsədov isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: "Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur. Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil. Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”. Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib: "Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”. Geri qayıt |